banner
banner

Gündəm

Mehriban Əliyeva səfir xanımları ilə - FOTOLAR

Mehriban Əliyeva səfir xanımları ilə -

Martın 17-də - Novruz bayramı ərəfəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıdakı diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.

Cia.az Trend-ə istinadən xəbər verir ki, Mehriban Əliyeva diplomatik missiya rəhbərlərinin və onların həyat yoldaşlarının ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsinə töhfə verdiklərini, bu görüşün əməkdaşlığın perspektivlərinin müzakirəsi üçün gözəl imkan olduğunu bildirib:

“Hörmətli xanımlar, ilk növbədə, mən sizin hamınızı burada səmimi qəlbdən salamlayıram. Sizi görməyimə çox şadam. Mənim haqqımda dediyiniz sözlərə, fəaliyyətimi belə yüksək qiymətləndirdiyinizə görə sizə xüsusi minnətdarlığımı bildirirəm. Mənim üçün, əlbəttə, ən xoş təəssürat odur ki, siz deyirsiniz, biz Azərbaycanda özümüzü çox rahat və xoşbəxt hiss edirik. Təbii ki, sizlərdən bəziləri uzun, bəziləri isə qısa müddətdir Azərbaycandadır. Amma mən ümidvaram ki, siz Azərbaycan xalqının qonaqpərvərliyini, istiqanlılığını, mərhəmətini artıq hiss etmisiniz.

Əlbəttə, Azərbaycan, xüsusilə də paytaxt Bakı bu gün demək olar ki, dünyanın ən gözəl şəhərlərindən biridir. Burada rahat və çox gözəl həyat tərzi sürmək üçün bütün imkanlar var. Əminəm ki, siz ölkəmizin və paytaxtımızın tarixi ilə tanışsınız. Bakı özündə həm Qərb, həm Şərq mədəniyyətini, həm qədimliyi, həm müasirliyi birləşdirir. Yəqin ki, siz də bu şəhərdə yaşamağın ləzzətini duyursunuz. Fikrimcə, hər yerdə olduğu kimi, Azərbaycanda da insanların qəlbində olan münasibət ən əsas məqamdır. Əlbəttə, ölkələrimiz arasında olan münasibətlərin möhkəmlənməsi işinə siz də böyük töhfə verirsiniz. Əminəm ki, görüşdə iştirak edən bütün səfirlərin xanımları və səfirlər Azərbaycan ilə öz ölkələri arasında əlaqələrin daha da möhkəm, daha da geniş, daha da sıx qardaşlıq əsasında qurulmasında səylərini göstərirlər.

Siz bu gün fəaliyyətiniz haqqında mənə ətraflı danışdınız. Əlbəttə, mən Heydər Əliyev Fondu ilə gələcəkdə mümkün olan əməkdaşlığı alqışlayıram. Siz qeyd etdiniz ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda yox, xaricdə də humanitar sahədə həyata keçirdiyi layihələri ilə tanınır. Mən inanıram ki, insanlar, xüsusilə də qadınlar dünyada məhz bu sahədə böyük işlər görə bilərlər. Çünki mədəniyyət, təhsil, sosial sahə insanları bir-birinə daha yaxşı tanıdan, daha dolğun məlumat verən gözəl universal imkandır. Siz təklif etdiniz ki, biz gələcəkdə daha tez-tez görüşək və mümkün olan əməkdaşlığı müzakirə edək. Mən əminəm ki, biz doğrudan da birlikdə gözəl işlər görə bilərik. Mən bu əməkdaşlığa hazıram və açığam.

Mən sizə bu görüşə və ölkəmizdə göstərdiyiniz fəaliyyətə görə bir daha minnətdarlığımı bildirirəm. Qarşıdan gələn Novruz bayramı münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Sizə və ailələrinizə xoşbəxtlik, cansağlığı diləyirəm. Ölkələrinizə sülh və əmin-amanlıq arzulayıram".

Sonda xatirə şəkli çəkdirildi. Diplomatik missiya rəhbərlərinin həyat yoldaşlarına Novruz sovqatları təqdim olundu.

Mehriban Əliyeva səfir xanımları ilə -  Fotolar
Mehriban Əliyeva səfir xanımları ilə -  Fotolar
Mehriban Əliyeva səfir xanımları ilə -  Fotolar
Mehriban Əliyeva səfir xanımları ilə -  Fotolar
Mehriban Əliyeva səfir xanımları ilə -  Fotolar
Mehriban Əliyeva səfir xanımları ilə -  Fotolar

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.