banner
banner

Sosİal

Şadlıq evlərində süfrəyə düzülən sular saxtadır?

Şadlıq evlərində süfrəyə düzülən sular saxtadır?
Bir sıra şadlıq evlərində süfrəyə brend su adı altında saxta sular verilir. İddialara görə, bu sular elə şadlıq evlərində doldurulur. Bəzi şadlıq evləri də bu cür saxta suları ucuz qiymətə mağazalardan alır. Mağazalarda apardığımız müşahidə od qiymətinə satılan və bəh-bəhlə alıb içdiyimiz “Slavyanka”, “Qax suyu” və digər suların heç də Qaxdan, bulaqlardan doldurulmadığını deməyə əsas verir. Elə satıcılar da bunu etiraf edirdilər. Onlar hər bir tanınmış marka suyun saxtasının olduğunu, ancaq bunu sübut etməyin çətin olduğunu deyirdilər. 
 
Alıcılar da saxta ilə təmiz bulaq suyunu ayırd etmənin çətin olduğunu bildirdilər. Alıcı Sərxan Məmmədov bəzən suydan qəribə qoxu gəldiyini dedi: “Bir dəfə “Slavyanka” su aldım. Qəribə bir qoxusu vardı. içməyib atdım. Bəlkə də bu suyun saxtasının istehsal olunduğundan heç bu firmanın xəbəri də yoxdur. Ancaq dövlət qurumları buna nəzarət etməli, saxta suların bazara çıxmasına mane olmalıdır. Çünki insanlar saxta və orijinal suyu ayırd edə bilmir”.
 
İçməli su məsələsi bu gün dünyanın ən vacib problemlərindən hesab olunur. Beynəlxalq ekspertlərin fikrincə, dünyada yayılmasına və qlobal xəstəlik yükünə görə ikinci yeri tutan diareya (ishal) xəstəliyinin 90 faizi istehlak üçün təhlükəli olan su, qənaətbəxş olmayan sanitariya və aşağı səviyyəli gigiyenadan törəyir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri aşkar ediblər ki, dünyada xəstəliklərin 80%-i keyfiyyətsiz içməli su və su təchizatı sanitar normalarının pozulması ilə əlaqəlidir. Keyfiyyətsiz su ilə bağlı xəstəliklər, demək olar ki, ölümün geniş yayılmış səbəblərindəndir. BMT ekspertlərinin fikrincə, “xəstə su”dan ölən insanların sayı hər cür zorakılıq, xüsusilə müharibə qurbanlarından heç də az deyil. 
 
Su ilə bağlı xəstəliklər dörd qrupa bölünür: xəstəlik törədən mikroorqanizmlərlə yoluxmuş sudan yarananlar (qarın yatalağı, vəba, dizenteriya, poliomiyelit (yoluxucu uşaq iflici), qastroenterit, hepatit A virusu); çirklənmiş sudan istifadə nəticəsində meydana gələn dəri və selikli qişanın xəstəlikləri (traxomadan tutmuş cüzama qədər); suda yaşayan molyuskaların səbəb olduğu xəstəliklər (şistosomatoz və rishta); suda yaşayan və çoxalan infeksiya daşıyıcıları həşərat və heyvanların səbəb olduğu xəstəliklər (malyariya, sarı qızdırma). 
 
Onlardan birinə yoluxmaq üçün suqəbuledici, su təmizləyici qurğular və boru kəmərlərində texniki pozuntu, kanalizasiya və təmizləyici qurğularda qəza, su obyektlərinə təmizlənməmiş tullantı sularının axıdılması yetərlidir. Orqanizmdəki bütün proseslər sudan asılıdır. Suyun keyfiyyəti aşağı olanda immun sistemi zəifləyir, insan bir çox xəstəliklər qarşısında aciz qalır. 
 
Beynəlxalq təşkilatların hesablamalarına görə, su ilə bağlı xəstəliklər təqribən hər səkkiz saniyədə 1, bir saatda 450, bir gündə 10800, bir ayda 324 min, bir ildə 3,8 milyon uşağın ölümünə səbəb olur. İri şəhərlərdə içməli suyun uşaqların ölməsinə və ya qüsurlu doğulmasına səbəb olma halları ilbəil artır.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda sularla bağlı vəziyyətin ürəkaçan olmadığını dedi: “Bizim ofisimizdə “Qax” suyunun ağzı açılmamış variantı var. İçərisində isə milçək. Yəni istehsal prosesində malın tərkibinə nəsə düşə bilirsə, orada heç bir gigiyenadan, təmizlikdən danışmaq olmaz. Təəssüflər olsun ki, təbiətin bu möcüzəsindən sui-istifadə olunur və benzindən dəfələrlə baha olan bu sular kifayət qədər çirklənmiş bir fraqmentdir. Bu da təəccüb doğurur ki, litri 40 qəpikdən 10 manata qədər olan sular var. Əllərində lobaratoriya olan dövlət orqanlarının heç biri buna aydınlıq gətirmir ki, H2O oksigen birləşməsinin qiymətləri nə üçün belə fərqlidir. Bütün bunlar sual altında qalan məsələlərdir. İlk dəfə bir il öncə sadə bir ekspertiza etdim və bu ekspertizanın nəticələrini kütləvi informasiya vasitələrinə verdim. Bundan sonra isə məhkəməyə verildim. Bu məsələ mütləq araşdırılmalıdır. 
 
Qeyd edim ki, ölkədə hər bir brend suyun saxtası var. Bu saxta sular isə şadlıq evlərinə, restoranlara verilir. Məsələn, 3-cü mikrorayonda məşhur bir şadlıq evi var. Onlar “Slavyanka” suyunu özləri doldurur və sadəcə olaraq qapağına yaşıl düyməcik vururlar. Bu prosesi elə şadlıq evində reallaşdırırlar. Bütün bunlar anormal haldır. Şəffaf olduğu, qoxusu olmadığı üçün istehlakçı bunun hansı sudan olduğunu ayırd edə bilmir. Yəni hər bir brend su ola bilər ki, başqa yerdən doldurulmuş olsun. Təəssüf ki, bütün bu neqativ halların qarşısının alınması üçün heç bir tədbir görülmür. Çünki ölkədə birinci siyasət biznesin toxunulmazlığıdır. Bizim nəzarət orqanlarına göndərdiyimiz bütün məktublara cavab verilir ki, əgər dövlət orqanları müdaxilə etmirsə, bizim ixtiyarımız yoxdur. Ölkə prezidentinin dediyi kimi güclü ictimai nəzarət mexanizmi olmalıdır. Və bu ictimai nəzarət mexanizmi ilk növbədə istehlakçı hüququndan başlamalıdır”. 
Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.