banner
banner

Sosİal

Azərbaycanda xoşbəxt qocalıq mümkün olacaqmı...

Azərbaycanda xoşbəxt qocalıq mümkün olacaqmı...
Dəfələrlə küçə süpürən yaşlı qadınlar, araba daşıyan ahıl qocalar haqqında reportajlar dərc etmişik. Hər birimiz küçələrdə ağır işlərdə çalışmaq məcburiyyətdə qalan 70-80 yaşlı insanları görürük. Ümumilikdə ölkəmizdə yaşlı insanlar ya maddi çətinliklərdən əziyyət çəkir, ya da ailəsindən asılı vəziyyətdə yaşayır. Bir sözlə, Azərbaycanda ahıl çağında belə insanlar xoşbəxt ola bilmirlər. Xarici ölkələrin təcrübəsinə nəzər salsaq, qocalar daha çox ömürlərinin son günlərini istirahətdə, səyahətlərdə keçirirlər. Ölkəmizdə isə əksər insanlar həyatlarının son günlərinə qədər çalışmaq və gündəlik dolanışıq xərclərini təmin etmək məcburiyyətindədirlər. 

Bəs ölkəmizdə xoşbəxt qocalıq nə zaman mümkün olacaq? 
 
İndiki şərtlərlə ekspertlər bunu mümkün hesab etmir. 

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bunu təqaüdlərin az olması ilə əlaqələndirdi: “Bizim qocalar xoşbəxt ola bilmirlər. Çünki vaxtında pensiyamızı yaxşı verməyiblər. Mən xaricdə oluram və görürəm ki, yaşlı insanlar 70-80 yaşında kişilər, qadınlar hamısı səyahətdə, gəzməkdədirlər. Çünki işlədikləri vaxtdan qocalana qədər yüksək məbləğdə pensiyaları yığılıb və indi həmin pulu alırlar. Pensiyanın məbləği o qədər çoxdur ki, onlar normal şəkildə səyahət edə, dincələ bilirlər. 140-150 manat pensiya ilə qocalığı necə xoşbəxt yaşayasan? Nəzərə alsaq ki, manat da gündən-günə dəyərdən düşür. Yaxşı ki, ailələr var. Əksər qocaların  ailəsi, oğlu, qızı var ki, hərəsi bir qədər kömək edir və onu dolandırırlar. Bu, olmasa, qoca lap pis durumda olar. İndiki pensiya sistemi qocaları oğuldan, qızdan asılı vəziyyətə salıb. Ancaq çox zaman övlad heç öz ailəsini dolandıra bilmir və qocalar məcbur olub ağır işlərdə işləyirlər. Ona görə də Azərbaycanda islahatlar olmalıdır, dəyişikliklər edilməlidir. Mən heç vaxt təsəvvür etməzdim ki, Azərbaycanda qocalar evi olar və kimsə valideynini aparıb oraya qoyar. Ancaq nə qədər insanlar var ki, ata-anasını oraya verib. Xaricdə də, Amerikada, İsraildə də qocalar evində olmuşam. Orada qocaların dietasına qədər nəzarət edirlər, hər cür qayğısını çəkirlər. Bizim qocalar isə hamısı küçələrdədir. Təkcə bizdə deyil, bütün postsovet dövlətlərində belədir. Biz qocalara hörmət və qayğı göstərməyi, cavanlara yol açmağı öyrənməmişik”. 

İqtisadçı ekspert Natiq Cəfərli də ölkəmizdə pensiya məbləğinin xarici ölkələrlə müqayisədə kəskin şəkildə aşağı olduğunu vurğuladı: “Azərbaycanda yaşlı nəslin  bu vəziyyətdə olmasının səbəbi  təqaüdlərin çox aşağı olması ilə bağlıdır. Ölkədə 1 milyon 300 minə yaxın təqaüdçü varsa, onun 980 minə yaxını minimum təqaüd alır. Bu da çox aşağı məbləğdir. Azərbaycanda valideyn-övlad münasibətlərində də bu, rol oynayır. Avropada, Amerikada gənclər hansısa universitetə qəbul olurlar, valideynlərinə çox uzaq yerlərdə sərbəst yaşayırlar. O ölkələrdə bu ənənə halına gəlib çıxıb. Azərbaycanda isə gənclər valideynlərindən aralana bilmirlər. Çünki öz bacarıqlarına və qazanclarına güvənə bilmirlər, öz hesabına ailə qura, ev, maşın ala bilmirlər. Valideynlər də qocaldıqdan sonra öz uşaqlarını saxlamaq, onlara baxmaq, maddi dəstək göstərmək məcburiyyətində qalırlar. Biz bunu çox zaman bir ailə dəyəri kimi göstərsək də, əslində məsələnin kökündə maddi problemlər durur. Ona görə də təqaüdlərin bu dərəcədə aşağı olması və həyatın baha olması yaşlı insanları təqaüdə çıxdıqdan sonra belə işləməyə, pul qazanmağa vadar edir. Onlar aldıqları təqaüdlə nə özlərini dolandıra bilirlər, nə də müalicə ala bilirlər. Yaşlı insanların işləməsinin səbəbi bununla bağlıdır”. 
 
Ekspert bildirdi ki, Amerikada təqaüd alan insanlarla Azərbaycanda təqaüd alan insanlar arasında təqribən 45-50 dəfə fərq var:  “Elə bu səbəbdən amerikalı, avropalı qocalar təqaüdə çıxdıqdan sonra səyahətlə məşğul olurlar, necə deyərlər, həyatın dadını çıxarırlar. Azərbaycanda isə mütləq daha da çox işləməli, özlərini dolandırmalıdırlar. Almaniyada təqaüd orta hesabla aylıq 3600 avrodur. Bunu indiki məzənnə ilə hesablasaq, təqribən 6 min manat edir. Azərbaycanda isə ortalama pensiya məbləği 150 manatdır. Söhbət 50 dəfəyə yaxın fərqdən gedir. Şərqi Avropanın ən kasıb və problemli ölkələrindən biri Yunanıstandır. Bu ölkə illərdir böhrandan çıxa bilmir. Ancaq orada orta təqaüd orta hesabla 900 avrodur. İndiki məzənnə ilə bu 1700 manata yaxın vəsait edir. Məhz bu fərqlərin nəticəsidir ki, Avropada insanlar təqaüdə çıxmağa can atırlar, ahıl çağlarını səyahətdə, dincəlməkdə keçirirlər. Azərbaycanlılar isə təqaüd yaşına çatandan sonra belə min yola əl atırlar ki, işlədikləri yerdə qalıb çalışmağa davam etsinlər, yaşamaq üçün müəyyən qədər vəsait əldə edə bilsinlər”. 

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev isə postsovet ölkələri ilə müqayisə Azərbaycanda vəziyyətin qənaətbəxş olduğunu diqqətə çatdırdı: “Niyə Azərbaycanda xoşbəxt qocalmaq mümkün deyil ki...? Siz elə dediniz ki, sanki Azərbaycanda yaşlıların hamısı ağır işlərdə işləyirlər, dolana bilmirlər,  çörək tapa bilmirlər. Ümumi bir statistika var ki, kim nə qədər pensiya alır, kimin ailə büdcəsinə nə qədər pul daxil olur. Dünyanın heç bir yerində heç də hər kəs xoşbəxt yaşamır. Bunu da nəzərə almaq lazımdır. Azərbaycanda da  elə adamlar var ki, QHT sektorunda çalışırlar, dünyanı da gəzirlər, turizmlə məşğuldurlar, sanatoriyalara, kurortlara da gedirlər. Ancaq məsələnin qoyuluşu da  baxımdan düzgün deyil. Çünki Avropa və ABŞ-la Azərbaycanın yaşam səviyyəsi bir deyil. Əsasən postsovet ölkələri ilə müqayisə etsək, deyə bilərik ki, bizdəki vəziyyət o qədər də pis deyil”.  musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.