banner
banner

Sosİal

7 gün istirahət elə, 12 ay pulunu ödə...

7 gün istirahət elə, 12 ay pulunu ödə...
“Onsuz da hər işimiz kreditlədir. Heç nə olmaz, istirahəti də kreditlə edərik. Ayda bir kredit də istirahət üçün ödənər. Biri artıq, biri əskik”. 3 uşaq atası Vaqif Salmanov hesab edir ki, mükəlləfiyyətlər və ağır şərtlər altında keçən gündəlik həyatı ildə heç olmasa bir həftəlik də olsa yüngülləşdirmək lazımdır. Nəyin bahasına olursa-olsun. Onun fikrincə, əgər il boyunca bu istirahət planı üçün kənara pul qoyulmayıbsa, son anda kredit istirahət variantından istifadə etmək mümkündür.
 
Yayın gəlişi ilə insanların istirahət planları qurması da başlanıb. Pul az, orqanizm yorğun, istirahət guşələrindəki qiymətlər isə baha... olunca insan istər-istəməz borc altına girmək istəyir. Təbii ki, heç də hamı yox. Amma hazırda turizm şirkətlərinin ən çox reklam etdiyi şüar budur - indi istirahət et, sonra ödə. Bu, elə qonşu Türkiyədəki kampaniyalarda da qarşımıza çıxır. Amma “Yeni Müsavat” Azərbaycandakı kredit istirahət şərtləri ilə maraqlandı və ortaya maraqlı nəticələr çıxdı. 
 
Ümumiyyətlə, öncə ondan başlayaq ki, səyahət kreditləri əsasən az inkişaf etmiş ölkələr üçün keçərlidir. Çünki vətəndaşın maddi təminatı normal səviyyədədirsə, o, il boyunca ən azı iki dəfə - yay və qış istirahətini lazımi səviyyədə təşkil edə bilir. Amma Azərbaycan kimi ölkələrdə səyahət kreditinin faizi yüksək olur. Nəzərə almaq lazımdır ki, insan səyahətə getdikdə o, tur paketin 30 faizini öncədən ödəyir. Amma onu 12 aya böləndə, hər ay minimum 70-100 manat ödəmək lazım gəlir. Bu isə insan üçün psixoloji diskomfort yaradır. 
2005-ci ildən etibarən aparıcı və nümunəvi banklar turizm kreditlərinə başladılar, lakin sonra bu da istehlak kreditinə çevrildi. Bu zaman turpaketin 30 faizi ilkin olaraq, qalanı isə il ərzində ödənilirdi. İstirahət məkanının rezerv sənədləri, biletlər və qaimə əsasında təqdim olunurdu. Ekspertlər hesab edir ki, turizm təkliflərinin bu növü məqbul olsa da, faiz dərəcələri illik 12-15 faizi aşmamalıdır. 
 
Mamed Əliyev: “Bu sistem müştəriyə və banka sərfəlidir, turizm şirkəti hər iki halda eyni məbləği alır”
"Fly Travel" şirkətinin rəhbəri Mamed Əliyev bizə açıqlamasında  bildirdi ki, onlarda da kreditlə səyahət mövcuddur.  Müsahibimiz səyahətin bu növünün olduqca sərfəli olduğunu dedi: “Hesab edək ki, turun qiyməti 2 min AZN-dir. Müştəriyə sənəd veririk. Pulu da biz ayırırıq. Amma bank vasitəsilə alırıq. Etibarlı müştərilərimiz əsasən belə turpaketləri mart ayında alır, avqusta qədər ödəyirlər. İlkin ödəmə isə ümumi turpaketin 30 faizi olur. Faizlər də böyük deyil. Cəmi 16 faiz. Müştəri  tutaq ki, 1000 manatlıq turpaketə 1160 manat ödəyir”. 
Müsahibimiz dedi ki, turizm firması üçün müştərinin turpaketi kreditlə və ya nağd şəkildə ödəməsinin fərqi yoxdur. Onun sözlərinə görə, əgər tur 2 min manata satılıbsa, şirkətin balansına da o məbləğdə pul gəlir: “Amma banka sərf edir. Çünki faiz onlara çatır. İmkanı olmayan müştəriyə də bu sistem sərf edir. Çünki ayda hesab edək ki, 93 manat pul ödəyir. Bəlkə də çox gözünə görünmür”. 

Banklar firmalarla əlbir işləyir və... ortaya belə mənzərə çıxır
 
Bir neçə il öncəyə qədər bəzi banklar birbaşa bu təkliflərlə çıxış edirdilər. Onlar səyahət həvəsində olanlara ilkin ödəniş 20% olmaqla, 3000 manatadək kredit təklif edirdi. İstirahətdən gəldikdən sonra vətəndaş illik 26% olmaqla, 18 ay ərzində kredit məbləğini ödəməli olur. Bankların bu kredit növündə vətəndaşlar üçün “girovsuz” şərti qeyd edilsə də, zamin tələb olunur. 
Ümumiyyətlə, bu sayaq kredit təklif edən banklar kredit ərizəsi, ərizəçinin, zaminlərin şəxsiyyət vəsiqəsi, borcalanın iş yerindən arayış, əgər biznes gəlirlidirsə-VÖEN, partnyor tərəfindən verilmiş qaimə-arayış (satış sənədi) tələb edirlər. Bundan başqa, banklar yalnız aralarında müqavilə olan turizm şirkətləri ilə səyahətə gedən vətəndaşlara səyahət kreditləri təklif edirlər. Kreditlərin şərtlərinə əsasən, yalnız turizm şirkətlərinin təqdim etdiyi turpaketlərdən istifadə edən vətəndaşlar bu krediti ala bilərlər. Misal üçün, əgər vətəndaş özü vizanı, aviabileti, hoteli bron edirsə, həmin şəxs səyahət krediti götürə bilmir. 
 
“Onsuz da ay boyu kreditlər bizi boğur, ayağımızı yorğanımıza görə uzadaq”
 
“Kreditli istirahət insan üçün əlavə yükdür. Onsuz da bütün həyatımızı kreditlər idarə edir. İlin 12 ayını yayda etdiyim istirahətin cəriməsini ödəməklə keçirmək istəmirəm. Xəstəliyə, ev təmirinə, maşın almağa, ev almağa görə kreditə girmək olar. Amma 7 gün gedib hardasa günəşin altında uzanacamsa, buna görə borc altına girmək istəmirəm. Nə vaxt əlimə pul düşər, onda gedərəm. Əlavə yük, cərimə ödəmək fikrim yoxdur”.  
 
 
Bunu isə mövzu ilə bağlı rəyini öyrəndiyimiz Arzu Hətəmova dedi. Onun sözlərinə görə, hazırda öhdəsində iki kredit və bir lotereya var. Bundan başqa, dərs ili boyunca uşaqlarının hazırlıq, taksi  məsrəfləri də olur. Bu isə ayda 250 AZN-ə yaxın məcburi ödəniş deməkdir: “Bu xərcin üzərinə yayda etdiyim 7 günlük istirahətin pulu da gəlsə, gərək yeyib içməyək. Hələ bilmək olmaz ki, mən o istirahətdən zövq alacam, uşaqlarım bəyənəcək ya yox. Hesab edirəm ki, insan ayağını yorğanına görə uzatmalıdır. Uzada bilmirsə, ən azı belə xərcin altına girməməlidir”. 

Natiq Cəfərli: “Sonda hesablayanda görürsən ki, maya dəyərindən baha başa gəlir”
Ekspert Natiq Cəfərli hesab edir ki, əslində insanın maddi durumu imkan verirsə, kreditsiz istirahətdən yararlanması daha yaxşı olar. Müsahibimizin sözlərinə görə, bu, daha ucuz başa gəlir: “Amma görünən odur ki, Azərbaycanda vətəndaşların bir qismi nağd şəkildə, vəsaitin çatışmazlığına görə istirahət kreditindən istifadə edir. Bunun da üstünə çox böyük faiz dərəcələri gələndə ciddi məbləğlərdən danışmış oluruq”. 
Müsahibimiz dedi ki, insanlar çox vaxt aylıq ödənişin böyük olmadığını görüb bununla razılaşırlar. Amma sonda ümumi istirahət paketinin dəyərini hesablayanda bunun mayasından çox baha başa gəldiyi üzə çıxır: “Azərbaycan vətəndaşları buna çox fikir vermir, həmən kredit sözünü eşidib razılaşırlar. Heç hesablamırlar ki, buna əlavə bir istirahətin pulu qədər ödəyirlər. Amma hesab edirəm ki, hələ də buna tələbat varsa, bu sistemlə işləyən turizm şirkətləri olacaq və vətəndaşlar da bundan faydalanacaqlar”. 
 
Sonda.... Azərbaycan insanı üçün hər şeyin kreditləşdiyi bir zamanda istirahəti də bu şərtlərlə həyata keçirmək istəmələri anlaşılandır. Ağır sosial yüklərin altında əzilən vətəndaşın “bari 1 həftə....” istəyi də il boyu onun boynundan asılan ağır zəncir olacaqsa... Kim deyir ki, onun adı istirahətdir, zövqdür, əyləncədir? 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.