Təhsil naziri Mikayıl Cabbarovla Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə arasında gərginlik yaşanıb. Buna səbəb isə dərsliklərdir. Belə ki, respublikanın ümumtəhsil məktəblərində istifadədə olan, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 4-cü sinif dərslik komplektlərinə dair Dövlət İmtahan Mərkəzi yekun rəy göndərib.
Nazirlik isə onların iradlarının çoxunu nəinki qəbul edib, hətta bəzilərini lağa qoyub, digərlərini isə aşağılayıcı formada cavablandırıb, bir başqasına isə elə iradla da cavab verilib. Ümumilikdə Azərbaycan dili dərsliyi üzrə cəmi 72 tənqidi xarakterli qeyddən 9-u qəbul edilib. Qəbul edilən iradlar isə əsasən qrammatik yönümlü olub. 4-cü sinif Riyaziyyat fənni üzrə Dövlət İmtahan Mərkəzinin daxil olmuş yekun rəydə iradlar demək olar ki, qəbul edilməyib.
Ümumiyyətlə dərsliklərlə bağlı problemlər hər il meydana çıxır və ciddi müzakirə mövzusu olur. Bu problem illərdir müzakirə olunsa da, bu problemin həlli istiqamətində hər hansısa addım atılmır.
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev dərsliklərin yazılmasında və çapında hələ də qüsurların qaldığını bildirdi: “Müşahidələrimiz göstərir ki, "normal dərslik" yazmaq təcrübəsi bizdə hələ formalaşmayıb. Dərsliklərdə məzmun, üslub, redaktə və korrektə xarakterli səhvlər olmamalıdır. Bilirik ki, dərsliklərin monitorinqinin həyata keçirilməsi səlahiyyəti ölkə başçısının sərəncamı ilə Dövlət İmtahan Mərkəzinə həvalə edilib. Dövlət İmtahan Mərkəzinin nizamnaməsində bu, açıq şəkildə göstərilib. Ancaq Dövlət İmtahan Mərkəzi dərsliklər çapdan çıxdıqdan sonra monitorinq aparmamalıdır. Çox vaxt DİM-in apardığı monitorinqin nəticələri çap olunmuş dərsliklərdən 2 il sonra çap olunan 45 faizdə də nəzərə alınmır. Mən bu qurumun son monitorinq materialına Təhsil Nazirliyinin cavabını da oxudum. Hesab edirəm ki, o cür cavab düzgün deyil və hiss olunur ki, Mikayıl Cabbarovun cavabı deyil. Hər halda Təhsil Nazirliyi cavabın kimə məxsus olduğunun adını çəkməli idi. Məncə proseslər əvvəlcədən düzgün qurulmayıb. Əslində DİM-in apardığı monitorinqin nəticələri dərsliklərin çapından əvvəl müzakirə olunub nəzərə alınmalı idi. Ola bilsin ki, o monitorinq qrupunun da nöqsanları olsun. Ancaq bu nöqsanlar mütəxəssislər tərəfindən təhlil olunmalıdır. Əsas məqsəd normal dərsliklərin ortaya qoyulmasıdır. Dərslik müəlliflərinin nəşriyyatlar tərəfindən seçilməsi düzgün deyil. Nəşriyyatlarda düzgün seçim etmək imkanına malik olan mütəxəssislərin sayı çox azdır. Xüsusilə təbiət fənləri sahəsində".
E.Əliyev dərsliklərin yazılma prosesində hələ də monopoliyanın olduğunu dedi: “Yeni müəlliflərin ortaya çıxması prosesi çox ləng gedir. Alternativ dərsliklər demək olar ki, yoxdur. Dövlət İmtahan Mərkəzinin monitorinqi vakkumda qalmamalıdır. Monitorinq materialları iki qurum tərəfindən analiz olunub keyfiyyətli dərsliyin yazılmasına fokuslanmalıdır. Hesab edirəm ki, bu gün Dərslikləri Qiymətləndirmə Şurası vaxtilə buraxdığı səhvləri təkrar edir. Nazirliyin Tədris Resursları şöbəsi də öz işini normal şəkildə qurmalıdır. Bir çox məsələlərdə bu şöbənin səriştəsizliyi ortaya çıxır. Əgər akademik dərslik yaza bilmirsə, onun dərsliyində 100-dən çox səhv tutulursa, o, bu prosesdən geri çəkilməli və yerini daha təcrübəli şəxslərə verməlidir. Dərslik yazmaq işinin məsuliyyətini hamı başa düşməlidir”.
Təhsil Şurasının sədri Əjdər Ağayev dərslik probleminin bütün ictimaiyyətə aid olan bir məsələ olduğunu dedi: “Bu məsələ təhsil sahəsində çalışanlara, təhsil tədqiqatları ilə məşğul olanlara, valideynlərə, şagirdlərə, bir sözlə, hər kəsə aid olan bir məsələdir. Dərsliklərin keyfiyyəti haqqında, burada hansı mövzunun necə qoyulması ilə əlaqədar olan sözü isə mütəxəssislər deyə bilər. Dərslik özü də pedaqoji elm sahəsində ayrıca bir məzmuna malik olan bir sahədir və bunun da öz mütəxəssisləri var. Yəni dərsliyin tərtibi və metodik imkanları üzrə mütəxəssislər var ki, dərsliklər haqqında ən dəyərli sözü o adamlar deyir. Çünki o adamlar mütəxəssisdilər və onu bilirlər. Digər fikirlər, tutaq ki, DİM-in fikri, valideyn fikri, mətbuatdan kiminsə fikri sadəcə olaraq ictimai mövqeli fikirlərdir. Çünki DİM-in məktəblə məramı imtahanları qəbul etmək, şagirdlərin bilik, bacarıq və vərdişlərini üzə çıxarıb konkret standartlar və meyarlar üzrə qiymətləndirməkdən ibarətdir. Düşünürəm ki, qiymətləndirmədə şagirdlərin zəif cavabları və qeyri-kafi qiymətlərin çoxluğu bu adamları düşündürür ki, bəlkə bu dərsliklərdən irəli gəlib. Ona görə də dərsliklərə müraciət edirlər ki, görək onun vəziyyəti, səviyyəsi necədi. TQDK-nın bu sahədə zor etmək ixtiyarı yoxdur. O öz fikir və təkliflərini bildirib. İşin başında dayanan və onun sahə üzrə əsl mütəxəssisləri təhsil sistemidir. Burada konkret hökm vermək mümkün deyil. Dərslik hazırlayan sistemin özü normallaşdırılmalıdır. Təhsil Nazirliyi dərslik hazırlayan qurum deyil. Hələ bu barədə düşünülür. İndi Təhsil Nazirliyi sifariş verir, onu çap olunmamışdan qabaq ictimai müzakirəyə verir. Dərsliklər tender qaydalarına uyğun olaraq tender də olan nəşriyyat hazırlayıb, müəllifi də özü seçib.
Ona görə də bunu nəşriyyata ünvanlamaq lazımdır, Təhsil Nazirliyinə yox. Tutaq ki, riyaziyyat dərsliyinin müəllifi nəşriyyatın direktorudur. Bu iradları ona ünvanlamaq lazımdır ki, ay müəllif sən bir saat dərs deməmisən, sənin pedaqoji prosesdən, təhsil elmindən xəbərin yoxdur, hansı cəsarətlə dərslik yazırsan və bu illərlə də bu müzakirə, tənqid mövzusudur. Tənqid olunası kimlərdir onu düzgün tapmaq lazımdır. Burada tənqid olunası müəlliflər, o dərslikləri nəşr edən nəşriyyatlar və redaktorlardır. Redaktorların, müəlliflərin adlarını bəzən o adamların xəbəri olmadan elə belə yazırlar. Çünki xəbəri olsa, axı onlara pul vermək lazımdır”.
Ə.Ağayev dolaşıq məsələlərin yalnız Təhsil Nazirliyi ilə bağlı olmadığını dedi: “Bu gün DİM-in irəli sürdüyü iddiaların xeyli əsaslar var. Dərsliklərimiz yenidən yazılmalıdır. Bunu yazan adamlar qrafika elmini, uşağın yaş xüsusiyyətini bilməli, metodik ustalığa malik olmalıdır. Dərslikləri yazan müəlliflər bir-biri ilə xəbərdar olmalıdır. Ədəbiyyat tarixlə, fizika, riyaziyyatla əlaqədə olmalıdır. DİM-nin ağıllı təklifləri çoxdur. Təhsil Nazirliyi də onun 20-ni qəbul edib neçəsini qəbul etmirsə, onu əsaslandırmalıdır. Bu, dövlət tələbi deyil. Bu, elmi-ictimai mövqeli tələblərdir. Mən istəməzdim ki, bu iki qurum bir-biri ilə mübahisə etsin. Hər iki qurumun təhsil, elm, pedaqogika ilə bağlı məsələləri bilənlər cəmləşib ümumi razılığa gəlsin. Məsələnin qoyuluşunun özünə elmi əsaslarla yanaşmaq lazımdır. Təəssüf ki, elm sahəsi bir sıra vəzifə sahibləri tərəfindən nəzərə alınmır”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.