banner
banner

Sosİal

Azərbaycan təhsilinin üzqarası - saxta diplomlar

Azərbaycan təhsilinin üzqarası

“Saxta diplom satarkən yaxalanıb...”

Özəlliklə kriminal xəbərlərdə bu ifadəyə vaxtaşırı rast gəlmək olur. Elə bir neçə gün öncə də bənzər məzmunlu xəbər diqqət çəkdi.

DİN-in məlumatında deyilirdi ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları 7 min ABŞ dollarına saxta diplom satan Vüsal Nuriyevi yaxalayıb. O, Rövşən Məmmədovun adına hazırladığı Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomunu şərti alıcıya satmaq istəyirmiş...

Lazımi qədər bal toplamayan 69 abituriyent tələbə olub

Bir müddət öncə bənzər olay Lənkəran Dövlət Humanitar Kollecində qeydə alınıb. Qanunsuz yolla tələbə qəbul edən bu təhsil ocağı “tələbə-məzun” elektron sisteminin monitorinqi zamanı “yanıb”. Yoxlama zamanı ötən 2 ildə qəbul imtahanına qatılsa da keçərli bal toplamayan 69 abituriyentin sonradan tələbə olması üzə çıxıb.

Qanunsuz tələbələr öz yerində. Bakıda aparılan yoxlamalar paytaxt məktəblərində çalışan 45 saxta diplomlu müəllimi aşkarlayıb. Bakı Şəhər Təhsil İdarəsinin rəisi vəzifəsinin icraçısı Elnur Əliyev qeyd edib ki, 32 məktəb direktoru intizam məsuliyyətinə cəlb edilib, 7 direktor da işdən azad olunub.

Misir Mərdanov

Azərbaycanda saxta diplomlarla bağlı qalmaqallar yenilik deyil və ictimai rəydə təəccüb doğurmur. Məsələn, Misir Mərdanovun nazirliyi dövründə - təkcə 2011-ci ildə 455 saxta diplomlu “müəllim” işdən qovulub.

Təəccüblü orasıdır ki, abituriyent qeydiyyatı, tələbə qəbulu, universitet seçimi, məzunluq və digər təhsillə bağlı bütün mərhələlər mərkəzləşdirilsə və vahid elektron bazada əksini tapsa da saxta diplom faciəsi hələ də yaşanmaqdadır...

Bu problemi faciə adlandırmaq, təbii ki, kiməsə şişirtmə görünə bilər. Axı asan yolla - təhsilə, hazırlığa, qəbula, mütaliəyə vaxt ayırmadan, birdən-birə bakalavr, magistr, hətta aspirant dərəcəsi almaq cəzbedicidir. Üstəlik, heç də hamı bu cazibənin arxasında duran məsuliyyəti düşünmək istəmir. Düşünmür ki, hər saxta diplomlu “mütəxəssis” hansı əyinti və itkilərə yol aça bilər...

Saxta mütəxəssisə kim yaşıl işıq yandırır?

Beləcə, ortaya suallar çıxır. Saxta mütəxəssislərə yaşıl işıq yandıranlar yalnız regional ali məktəb və kollecləridirmi? Elektron bazada qeyd olunmadan təhsil ocaqlarına “qəbul olunanlar” ölkə paytaxtında da varmı? Psevdomütəxəssislər yalnız təhsil sahəsində çalışır, yoxsa saxta sənədli “həkimlər”, “iqtisadçılar”, “mühəndislər” və başqa peşə sahibləri də var? Saxta diplomların dövriyyə və miqyasına dair hansı bilgilər toplanıb? Və s. və i.a.

Sözügedən problemlər postsovet ölkələrinin çoxunda, özəlliklə Rusiyada da diqqət çəkir. Hətta Rusiya mediasında bu mövzunu belə bir gülməcəyə də çeviriblər: “Kriminal xəbərlərini dinləyirsiniz. Bu gün metroda saxta diplomlar satan bir qrup cinayətkar yaxalanıb. Onlar bir saat sonra dəlil çatışmazlığına görə sərbəst buraxılıblar. Bu barədə jurnalistlərə iqtisad elmləri doktoru, polis zabiti Sidorov məlumat verib”.

Adi lətifədir, amma təəssüf ki, reallığı əks etdirir.

Demək, nəhəng Rusiya hökuməti bu problemi biryolluq həll edə bilmirsə, görünür, bu qara biznesin arxasında çox güclü maraqlar durur. Əks halda yoluxucu xəstəlik Azərbaycana keçməzdi.

40 təhsil işçisi saxta diplomla çalışırmış

Əziyyətsiz əldə olunan diplomlara ehtiyac duyanların sayı çoxaldıqca bazarda təklif də artır. Bir neçə misal: artıq bitməkdə olan 2014-cü ilin fevralında hüquq-mühafizə orqanları özünü Bakı Slavyan Universitetinin müəllimi kimi tanıdan və saxta diplom satmağa cəhd göstərən Şəlalə Hüseynovanı saxlayıb. O, satmaq istədiyi sənədə görə nə az, nə çox - 8 min manat qazanc umurmuş...

Daha bir fakt: oğlu qəbul imtahanlarında yetərli bal toplamayan paytaxt sakini BDU-nun müəllimi Kamran Əsədovdan “çox maraqlı” təklif alır: uğur qazanmayan abituriyent müəyyən məbləğ müqabilində asanlıqla Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsinə çevrilə bilər. Bundan ötrü Əsədov həmin sakindən 500 manat beh də götürür. Amma hüquq-mühafizə orqanlarında çalışanlar onun yerdə qalan 2500 manatı əldə etmək arzusunu gözündə qoyurlar və BDU-nun müəllimi dəmir barmaqlıqlar arxasına göndərilir...

Ötən il daha bir şəxs BDU-nun saxta diplomunu satarkən yaxalanıb. Bu faktlar az deyil. Məsələn, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri, Baş Prokurorluq TQDK-ya müraciət ünvanlayaraq 15 min təhsil işçisi haqqında məlumat alıb. Nəticədə 40 nəfər təhsil işçisinin ali və orta ixtisas haqqında sənədlərinin saxta olduğu üzə çıxıb və onlar vəzifələrindən azad ediliblər.

Problemin miqyasını nəzərə alan TQDK 1992-ci ildən bəri ali məktəblərə qəbul olunanlara və məzunlara dair məlumatı özündə cəmləşdirən elektron baza yaradıb. “Tələbə-məzun” sistemi adlanan bu bazada təhsil alanların bütün yerdəyişmələri qeydə alınır. Məhz bu sistem saxta diplomları üzə çıxarır. Bir şey təəssüf doğurur ki, bu məlumat bazası yalnız dövlət qurumlarına açıqdır.

Təhsil eksperti İlham Əhmədovun sözlərinə görə, saxta diplom biznesinin inkişafı belə sənədlərə artan tələbatla bağlıdır: “Nə qədər ki cəmiyyətdə bilik və səriştə deyil, məhz “qabıq” dəyərləndirilir, saxta diplomlara tələbat qalacaq. Saxta diplomlarla işə düzəlmək o diplomları əldə etmək qədər asandır. Qiymətlər fərqlidir: orta ixtisas məktəblərinin diplomları 500-1000 manata, ali məktəb diplomlarını isə 4-10 min manata əldə etmək mümkündür”.

Şahlar Əsgərov

Milli Məclisin keçmiş üzvü, BDU-nun professoru Şahlar Əsgərovun sözlərinə görə, ölkədə ali təhsilin yüksək nüfuzu var: “Diplom asanlıqla karyera qapılarını gənclərin üzünə açır. Ancaq təəssüf ki, yerli gənclərin heç də hamısı ali təhsil almaq, mütəxəssis olmaq imkanına malik deyil. Bunun üçün səbr, səriştə və bilik tələb olunur. Bu üzdən gənclər əlavə yollar axtarır və tapır. Təhsil sistemində olan korrupsiya hüquq pozuntularına münbit şərait yaradır”.

Ş.Əsgərovun fikrincə, testdənkənar tələbə qəbulu ilə mübarizəyə təkcə inzibati yollar yetərli deyil: “Tələbə qəbulu mexanizmi dəyişdirilməlidir, ali məktəblərin idarəçiliyində islahat aparılmalıdır. Bundan ötrü rektorlar da səsvermə yolu ilə seçilməlidir. Bir çox Qərb ölkələrində artıq bu təcrübə tətbiq olunur. Bizim reallığımızda rektorların rotasiyasını hər 3-4 ildən bir keçirmək mümkündür. Azərbaycanda elə rektorlar var ki, 15-18 il kreslodan düşmür və ali məktəbə rəhbərlik edir. Belə vəzifə davamlılığı şəraitində hansı yenilikdən və yeni düşüncədən söhbət gedə bilər? Bu faktlar çoxlarına məlum olsa da göz yummaq hərəkətə keçməkdən daha asan yol sayılır və hər şey olduğu kimi qalır. Bəlkə həm də ona görə ki, rektor və məmurların maraqları bu “qara biznes”lə sıx bağlıdır”.

Araşdırmalar göstərir ki, Azərbaycanda diplomların gerçək olub-olmaması yalnız dövlət qulluğuna və iri beynəlxalq şirkətlərə işə götürülərkən yoxlanılır.

Mütəxəssislər bir məqama da diqqət çəkirlər. Onların fikrincə, həqiqi diplom sahiblərinin bir qismi ilə saxta diplomlu vətəndaşlar arasında bilik fərqi o qədər də böyük deyil. Bu, təhsilin səviyyə yetərsizliyinin sübutu sayıla bilər... (“Azadlıq” radiosu).



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.