banner
banner

Sosİal

Rusiya SPİD-in episentri elan olundu: Azərbaycan təhlükədə

Rusiya SPİD-in episentri elan olundu:
BMT Rusiyanı SPİD xəstəliyinin episentri elan edib. Bu ölkədə SPİD-ə yoluxanların sayı yüksək həddə çatıb. Nəzərə alsaq ki, Azərbaycanın 2 milyona yaxın vətəndaşı Rusiyada yaşayır, bu xəbərin ölkəmiz üçün də nə qədər təhlükəli olduğu aydınlaşar. 
Ötən ay nikah öncəsi müayinənin statistikasına diqqət etsək, Azərbaycanda da bu xəstəliyin daşıyıcılarının kifayət qədər olduğunu görərik. Belə ki, iyun ayı ərzində ailə qurmaq istəyən 12 min 959 nəfərin icbari tibbi müayinəsi həyata keçirilib və onlardan 12 nəfərdə SPİD xəstəliyi, 49 nəfərdə isə sifilis aşkarlanıb. Bu hələ qeydə alınan və müayinədən keçənlərin statistikasıdır. Rusiyada yaşayan, gediş-gəliş edən xeyli vətəndaşlarımız var ki, onların bu xəstəliyin daşıyıcısı olub-olmadığı sual doğurur.  

Maraqlıdır, Rusiyada geniş vüsət alan SPİD-in ölkəmizə ayaq açmasının qismən qarşısını almaq üçün nə etməliyik?

Sosioloq Əhməd Qəşəmoğlu bu xəstəliyin Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün 3 məsələni qeyd etdi: “Rusiyada bu xəstəliyin sürətlə yayıldığından xəbərim var. Hələ 10 il bundan əvvəl orada bu xəstəliyə yoluxanların sayı bütün Azərbaycanda olanlardan 4-5 dəfə çox idi. İndi də sürətlə artır. Rusiyada bu xəstəliyin tüğyan etməsinin səbəbini bir cümlə ilə deyə bilərəm ki, orada insanlar sərbəst həyat tərzinə, necə gəldi yaşamağa meyllidirlər və özünü qorumaq mədəniyyəti də onlarda inkişaf etməyib. Bizdə bu xəstəliyin Azərbaycana gəlməsinin  qarşısını almaq üçün ilk öncə televiziyalarda bu barədə geniş marifləndirmə aparılmalıdır. Rusiyaya gedən insan bəri başdan bilməlidir ki, orda bu cür təhlükə var. Yəni ora gedən bilməlidir ki, artıq hara gedir.  Məsələn, məni bir dəfə bir elmi konfransda iştirak etmək üçün Cənubi Afrikaya çağırdılar. Özüm təsadüfən oxudum ki, orada insanların əksəriyyəti SPİD daşıyıcısıdır, getməyə qorxdum ki, birdən dişim ağrıyar, iynə vurular, sonra da... Qəza nəticəsində də SPİD-ə yoluxmaq mümkündür. Ona görə də birincisi, əhali bilməlidir ki, ora təhlükəli zonadır. İkincisi isə diaspora işləməlidir. Biz diaspora təşkilatları ilə əlaqə yaratmalıyıq ki, orada bu məsələləri bütün şəbəkəsi üzrə nəzarət altına alsın, bir həyəcan təbili olsun. Digər tərəfdən isə sərhədi keçənlərə biz bu barədə bir səhifəlik bildiriş verə bilərik. Məsələn, Rusiyaya gedən adama sərhəddə bir səhifəlik xəbərdarlıq üçün bildiriş verilə bilər. O adam bu bildirişi təyyarədə oxuya-oxuya gedəcək. Həmin bildirişdə bu xəstəliyin təhlükəsi və özünü qorumaq haqqında da məlumat ola bilər. Dünyanın heç yerində belə bir praktika yoxdur ki, insanları SPİD-dən yoxlasınlar. Amma biz bu maarifləndirmə işini edə bilərik”.
Maraqlıdır, Rusiyadan Azərbaycana keçid sərhədində tibbi müayinə üçün müəssisə fəaliyyət göstərə bilərmi?
Tibb elmləri doktoru, professor Adil Qeybulla bu xəstəliyin 3 aydan sonra özünü büruzə verməyə başladığını dedi: “Əslində Azərbaycanda 2 milyona yaxın insan miqrasiya durumundadır. Yəni Rusiya, Türkiyə, İran və sairə ölkələrdə yaşayırlar. Rusiyada SPİD xəstəliyinin yayılması xeyli artıb. Bu xəstəliyin sərhəddə yoxlanılması məsələnin həlli deyil. Bu xəstəliyə yoluxduqdan yalnız 3 ay sonra onu tapmaq olur. Yalnız bu müddət sonra gərək müasir  yoxlamalar tətbiq olunsun ki, virusun qanda olub-olmaması müəyyən edilsin.  Eksterim üsullarla isə bunu yalnız 3 aydan sonra yoxlamaq olur və bu xəstəliyə yoluxma dəqiqləşə bilir. Ola bilər ki, bu insan 1-2 aydır ki, yoluxub, onu sərhəddən keçəndə tapa bilməsinlər. Bu o demək deyil ki, bu xəstəliyə yoluxmayıb. Ona görə də sərhəddə yoxlamalar nəzarət üzrə məsələnin həlli deyil. Nəzarət maarifləndirmədən keçir. Hesab edirəm ki, bizim televiziya ekranlarında boş-boş verilişlərdən, mənasız şoulardansa, əhalinin sağlamlığı ilə bağlı maarifləndirici proqramlar olmalıdır. Mənasız reklamlardansa, tibb müəssisələri yaxşı olar ki, insanların sağlamlığına yönəlmiş maarifləndirici praktik proqramlar təşkil etsin. Bu cür maarifləndirmə, insanların bu xəstəlikdən necə qorunması, nələrə riayət etməsi, xəstəlik necə yoluxur, bunun təhlükəsi nədən ibarətdir kimi sualların cavabı tez-tez təqdim olunsa, insanlar məlumatlı olarlar və məlumatlı şəxs artıq tədbirli olur. Amma məlumatsız olan gənclər kor-koranə sərbəst həyat yaşayırlar ki, bu da onların bu xəstəliyə yoluxmasına gətirib çıxarır. Yəni administrativ tədbirlərlə bu xəstəliyin qarşısını almaq imkanları yoxdur”.

A.Qeybulla bu xəstəliyin insanın immun sistemini dağıtdığını və adi soyuqdəymə olarsa, insanın ölə biləcəyini dedi: “SPİD yoluxduqdan 3 ay sonra qanda aşkarlanır. Bu xəstəlik tədricən immun sistemini dağıdır və bəzən adi bir soyuqdəymədən insan dünyasını dəyişə bilər. Çünki immun sistemi tamamilə sıradan çıxmış olur. Xəstəlik əgər müalicə olunmazsa, 5-10 ilə insanın immun sistemini tam sıradan çıxarır. Amma hazırda çox müasir dərmanlar istehsal olunub. Bu dərmanlarla xəstə uzun müddət yaşaya bilər”
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.