Artıq bir neçə gündür ki, İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdiman çayının suyu naməlum səbəbdən yaşıl rəngə boyanıb. Sakinlər suyun rəngi ilə yanaşı dadının da dəyişdiyini, üzərinə köpük yığılan çayın suyundan qeyri-adi qoxu gəldiyini bildirirlər.
Hətta çayda olan zəhərli toksik maddələr səbəbindən İsmayıllı rayonun Gəraybəyli kəndində 15-ə yaxın sakinin mədə-bağırsağında yaranan problemlə, işləmə-qusma əlamətləri ilə həkimə müraciət etdiyi bildirilir. Çayın suyundan istifadə edən İsmayıllının Gəraybəyli, Xəlilli, Eyyubbəyli və Ağsunun Külüllü, Pirhəsənli, Padar, Nəmirli, Gursulu, Kəlağaylı, Sarvan, Qasımlı, Bəyimli, Mustafalı kəndlərinin və Ağsu şəhərinin sakinləri üçün təhlükə yaranıb və əksər sakinlər içməli suyu avtomobillərlə almaq məcburiyyətində qalıblar.
İsmayıllı ərazisində zavod və fabrik olmadığı üçün rayonunun şimalındakı meşəlik ərazilərdə, Girdiman çayının kənarında fəaliyyət göstərən istirahət mərkəzlərindən bu çaya çamaşırxana və kanalizasiya tullantılarının axıdılması səbəbindən çirklənmənin baş verdiyi ehtimal olunsa da, bu səbəb o qədər də inandırıcı görünmür. Həmin sahil zonalarında istirahət mərkəzləri illərdir var və onların axıtdığı kanalizasiya sularının çayın rəngini dəyişməsi inandırıcı görünmür. Girdimançaydakı çirklənmənin səbəbini öyrənmək üçün aidiyyatı qurumlarla əlaqə saxladıq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindənvirtualaz.org-a bildirdilər ki, bu məqsədlə artıq bir neçə gündür ki, monitorinqlər aparır. Həmin ərazilərdən su nümunələri götürülüb və baş verən dəyişikliyin səbəbi araşdırılır. Qurumdan onu da bildirdilər ki, bu monitorinqlər yalnız ekoloji qiymətləndirmə məqsədi ilə aparılıb və analizlərin nəticələri yaxın saatlarda məlum olacaq”.
Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovun virtualaz.org-a bildirdiyinə görə, bu qurum yalnız içməli suya nəzarət edir. Yəni Girdiman çayındakı vəziyyətlə bağlı araşdırma aparmaq onların səlahiyyətində deyil:
“Bizə infeksiya, zəhərlənmə halı ilə bağlı rəsmi müraciət olunmayıb. Amma İsmayıllı rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə danışıb yaxın vaxtlarda belə bir faktın olub-olmamasını dəqiqləşdirəcəyəm”.
İsmayıllı Rayon İcra Hakimiyyətində isə çaya zəhərli toksik maddələrin axıdılması ilə razılaşmırlar. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevin virtualaz.org-a verdiyi məlumata görə, sudan nümunələr götürülüb və araşdırma aparılır. Amma bununla belə, suda zəhərli maddələrin olması faktı aşkar edilməyib:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birgə araşdırma aparılır. Heç bir toksik zəhərin olması ilə bağlı fakt qeydə alınmayıb. Çayın suyu əsasən səhər saatlarlında yaşıl rəngdə olur, axşama doğru rəngi şəffaflaşır. Hələ tam olaraq səbəb bəlli deyil, amma bunun suxur yuyulması səbəbindən olmasını ehtimal edirik”.
R.Ağayev həmçinin Gəraybəyli kəndinin 15-ə yaxın sakinin zəhərlənmə əlamətləri ilə həkimə müraciət etməsi ilə bağlı yayılan məlumatın da yanlış olduğunu bildirib. Bunun mövsümlə əlaqədar olduğunu deyən icra rəsmisinin sözlərinə görə, həmin kəndin əhalisi heç vaxt Girdimançayın suyundan içməyib:
“Kənd əhalisi Külüllü kəndində olan artezian suyundan içir. Heç vaxt bu çayın suyundan içməyiblər. Müxtəlif şikayətlərlə həkimə müraciət isə mövsümi xəstəliklərlə bağlıdır”, - deyə R.Ağayev bildirib.
Cia.az


