banner
banner

Sosİal

Payız gəldi, bulvarda alver zəiflədi

Payız gəldi, bulvarda alver zəiflədi
Payız fəslinin gəlişi, havaların soyuması, yağışlı günlər bulvara üz tutanların sayını azaldıb. İsti yay günlərində istirahət etmək üçün Milli Parka gedən, açıq havada oturub çay içən paytaxt sakinləri indi qapalı məkanlara üz tutur. 

Bulvardakı vəziyyətlə, qiymətlərlə daha yaxından tanış olmaq üçün yolumuzu bu məkandan saldıq. Əvvəl insan əlindən gəzmək mümkün olmayan parkda indi seyrəklik hökm sürürdü. Açıq havada fəaliyyət göstərən kafelər, attraksionlar demək olar ki, boş idi. Bulvarda söhbətləşdiyimiz hər kəs payız, qış aylarının gəlməsi ilə onların da biznesinin öldüyünü deyirdilər. Ancaq müştərisizliyə baxmayaraq qiymətlərdə heç bir endirim yox idi. Kafelərdən birində ofisiant işləyən Fuad Əliyev deyir ki, indi bura gələnlər qapalı məkanlarda oturmaq istəyir: “Müştərilər heç yoxdur desək düzgün olmaz. Gələnlər var. Ərəb turistləri daha çox oturur. Amma bura gələn bir çox insanlar artıq çöldə yox, qapalı yerdə oturmaq istəyirlər. Buna görə də biz artıq içərini səliqəyə salmışıq. Kafeyə bu cür havalarda daha çox cütlüklər gəlir”.

Attraksionda işləyən Nihad Quliyev isə havaların soyuması ilə yanaşı, təhsil ilinin  başlamasının da alverə təsir etdiyini dedi: “Uşaqlar əvvəl hər gün gəlirdilərsə, məktəblər başlayandan sonra ancaq həftə sonları gəlir. İndi havalar soyuduğu üçün həftəsonu gələnlərin sayı azalıb. Amma buna baxmayaraq, bir nəfər uşaq da olsa, bizim işimiz attraksionu işlək saxlamaqdır. Çünki biz buna görə maaş alırıq. Attraksionun qiymətini bahalaşdırmaq və ya ucuzlaşdırmaq bizim ixtiyarımızda deyil. Nə deyirlər onu da edirik. Düzdür, payız-qış aylarında attraksiona gələnlər az olduğu üçün maaşımız da azalır. Bu cür havalarda uşaqlardan çox gənclər, tələbələr gəlib attraksiona minirlər”.
 
Müsahibimizin dediyi kimi, heç kim olmasa belə qiymətlər elə əvvəlki kimi qalırdı, dəqiqə az, qiymət baha...  Elə attraksionlar vardı ki, 2, 3 dəqiqəsi 1 manat, eləsi də vardı ki, 3 dəqiqəsi 2-4 manat. Əyləncə vasitələri olan 7D Sinema, 8D Tir və Qorxulu Evin qiyməti 1 nəfər üçün 5 manat idi. Payızın bu çağında gəmiyə minənlərdə az da olsa vardı. Ancaq sərnişinlər gəminin gec hərəkət etməsindən narazılıq edirdilər. İşçilər isə bunun səbəbini müştəri gözləməkləri ilə izah edirdilər: “2-3 nəfərlə necə hərəkət edək? Heç olmasa, 10 nəfər müştəri minsin. Bir azdan, qış gəlsin gəmilərin hərəkəti demək olar ki, tamamilə dayanacaq”.
 
Fotoqraflar isə yay-qış fərqi olmadan həmişə müştərilərinin az olduğunu deyirdilər. Soyuq hava olmasına baxmayaraq, əllərinə fotoaparat alıb müştəri səsləyən fotoqraflar vəziyyətdən narazıdırlar. Adını demək istəməyən fotoqraf qazanclarının nə qədər olmasına baxmayaraq onlara bu pulun 50 faizinin çatdığını dedi: “Bu fotoaparatlar studiyaya aiddir. Qazancımız nə olsa 50 faizini ora veririk. Bəzən elə olur ki, bir nəfər də olsa, şəkil çəkdirən olmur. Amma nə edək, hər gün şəkil çəkdirən olacaq, bizə də 3-5 manat pul olacaq ümidi ilə bulvara gəlirik”.
 
Milli Parka üz tutanların sayı azalsa da, kiçik köşklərdə, dükanlarda çərəzlərin, suyun və tumun qiymətində heç bir dəyişiklik yox idi. Gənclərin əksəriyyəti qapalı məkanlara çəkilsə də, yaşlı nəslin nümayəndələri havadan sanki zövq alaraq dəniz kənarında gəzişirdilər. 63 yaşlı Sərdar İbrahimov bu cür havada gəzməyin sağlamlığa xeyirli olduğunu deyirdi: “İndiki gənclər bir az soyuq düşən kimi qaçıb girirlər isti yerlərə. Onlar soyuğa öyrəşməyib. Ancaq nə qədər belə soyuq, yağmurlu havada gəzsələr o qədər sağlam olarlar. Mən qar da yağsa, boran da olsa bulvara həmişə gəlirəm. Məsləhət görərdim ki, gənclər də soyuqdan bu qədər qorxmasın”.
musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.