Ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hakim təqsirləndirilən şəxslərə sərbəst ifadə vermək təklif edilib. "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov çıxış üçün məhkəmədən vaxt istəyiblər və növbəti prosesdə ifadə verəcəklərini bildiriblər.
“Mən nədə ittiham olunuram, günahım nədir?”
Təqsirləndirilən şəxslərdən biri - Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) keçmiş rəisi Ədalət Rəcəbov ifadə verib. Elan olunmuş ittihamlarla razılaşmayan Ə.Rəcəbov ifadəsində göstərib ki, Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinin ona heç bir aidiyyatı olmayıb. Sözügedən binanın üzlənməsinə 2012-ci ilin aprelində başlanıldığını, onu isə vəzifəyə binada üzlənmə işləri başlanandan ay yarım sonra may ayının sonunda təyin etdiklərini deyib: “Burada əyləşənlərdən ancaq Qəzənfər Novruzovu və Nizami Orucovu tanıyıram. Digərlərinin üzlərini məhkəmə zamanı görmüşəm. Mənə ittiham verilib ki, qabaqcadan əlbir olaraq bir qrup şəxslə cinayət əlaqəsinə girmişəm. Mən üzlərini burada gördüyüm adamlarla necə cinayət ələqasinə girə bilərəm? Məni layihə smeta sənədlərinin hazırlanmasında da ittiham edirlər. Ancaq heç bir halda buna səlahiyyətim çatmırdı. Digər bir ittihamda isə qeyd edilir ki, mən binaya üzlüklər vurularkən qaydalara əməl olunmayıb, səhlənkarlığa yol verilib. Binanın üzlənməsi zamanı görülən işlərə heç bir müdaxiləm olmayıb, hazırlanan sənədlərdə heç bir imzam yoxdur. Olsa idi, cinayət işi materiallarında da yer alardı. Bəs, mən nədə ittiham olunuram? Günahım nədir? Heç mütəxəssis də deyiləm ki, bu haqda fikir bildirim. Mən iqtisadçı olmuşam. Mənim bu işdə təqsirli olduğumu sübut edən bircə dənə fakt belə yoxdur. Nədə ittiham olunduğumu, niyə həbs edildiyimi bilmirəm".

“Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim?”
Dövlət ittihamçısını və vəkillərin suallarını cavablandıran Ə.Rəcəbov deyib ki, onun rəhbərlik etdiyi Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe olub: ”Azadlıq prospektindəki yol kənarı binaların üzlənməsi Dövlət Proqramı çərçivəsində rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilib. Müqavilə də podratçı şirkətlə İcra Hakimiyyəti arasında bağlanıb. Bircə sənəd göstərsinlər ki, hansısa sənəddə mənim üzərimə binanın üzlənməsində yanğın təhlükəsizliyinə nəzarət etmək vəzifəsi qoyulur. Rəhbərlik etdiyim Mənzil Kommunal Təsərrüfat Birliyi Bakı Şəhər İcra Hakimiyyətinə tabe idi. İcra Hakimiyyəti isə tamam ayrı qurumdur. Mən başqa bir qurumun işinə necə müdaxilə edə bilərdim? Biz ancaq təmizlik işlərinə nəzarət etmişik”.
Sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının, vəkillərinn suallarını cavablandırıb. Yanğın zamanı hadisə yerində olduğunu, istintaq qrupunun prada işlədiyini görmədiyini, yanğınsöndürənlər “bordyur”u keçə bilmədiklərini görə həmin ərazini sökdüklərini, partlayış səsi eşitmədiyini deyib.
“Mənim nə sifarişçi, nə podratçı kimi binanın üzlənməsinə aidiyyatım olmayıb”
Bundan sonra təqsirləndirilən - 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov da ifadə verib. O, ifadəsində binanın üzlənməsi, bununla bağlı sənədlərin hazırlanması, müqavilələrin bağlanmasına heç bir aidiyyəti olmadığını göstərib: "40 il bu sahədə işləmişəm. Dövlətə, dövlətçiliyə sadiq adam olmuşam. Mənim nə sifarişçi, nə podratçı kimi, binanın üzlənməsinə aidiyyatım olmayıb. Mən yalnız təmizlik, sakinlərin müvafiq orqanlara müraciətləri ilə bağlı məsələlərlə məşğul olmuşam. Burada əyləşənlərdən yalnız Qəzənfər Novruzovu və Ədalət Rəcəbovu tanımışam. Məhkəmədə zərərçəkənləri görəndə qəhərlənirəm. Bu insanların nə vaxt problemləri olanda çalışmışam ki, bu barədə yuxarı təşkilatlara məlumat verim ".
Tərəflərin suallarını cavablandıran N.Orucov deyib ki, dəfələrlə aşağı vəzifəli adam olub, kiməsə nəyisə irad tutmaq səlahiyyəti olmayıb.
Məhkəmə prosesi oktyabrın 11-də davam edəcək.

Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçilərindən biri Mahmudov Miryusif Mircəfər oğlu, “Qlobal Stone” MMC-in keçmiş sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Cia.az


