Dövlət başçısı su anbarları ilə bağlı komissiya yaradılması barədə sərəncam verib.
Sərəncamda bildirilir ki, ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranıb. Yaradılan komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.
Baş nazirin müavini Abid Şərifov, Prezidentin Administrasiya rəhbərinin müavini Zeynal Nağdəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Şahin Mustafayev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə isə komissiyanın üzvləridir.
Əksər ekspertlər bildirirlər ki, ölkədə su anbarlarının xüsusi nəzarət və qorunmaya ehtiyacı var. Qeyd edək ki, bir müddət əvvəl içməli suyun zəhərlənmə ehtimalları da müzakirə edilib. Dövlət komissiyası su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırıb, anbarların bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirməlidir. Texniki təhlükəsizliyi təmin edən tədbirlərə dair təkliflər iki ay müddətində dövlət başçısına təqdim edilməlidir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı musavat.com-a açıqlamasında həmin anbarlara hansısa təhlükənin olub-olmamasından xəbərsizliyini açıqlayıb. Onun sözlərinə görə, “Azərsu” həmin anbarları qorumur, oraya daxil ola bilmir, sadəcə, anbarlardan su götürüb, təmizləyib əhaliyə içməli su verir.
Ekspert Sülhəddin Əkbər isə qeyd edib ki, təhlükəsizlik məsələsi təhlükəsizlik xidmətlərinin rəhbərlərinə tapşırılmalıdır: “Su anbarlarının qorunması ilə Prezident Adminstrasiyasının rəhbəri məşğul olursa, deməli, hökumət də, dövlət də çox pis durumdadır. Heç bir normal dövlətdə normal vəziyyətlərdə belə hal olmur. Xüsusi komissiya xüsusi hallarda, böhran və ya münaqişə, müharibə hallarında, fövqəladə vəziyyətlərdə yaradılır. Yəni normal durumlarda normal qurumlar öz uyğun sahələri ilə məşğul olurlar. Deməli, işlər normal getmir ki, belə xüsusi addım atmağa ehtiyac yaranıb”.
Ekspert Arzu Nağıyev isə bildirib ki, bundan əvvəl də dövlət başçısı kanalizasiya sistemi ilə bağlı sərəncam verib: “Bu iki sərəncam ciddi məsələni özündə əks etdirir. Milli təhlükəsizliyə və dövlət təhlükəsizliyinə təhdidlər arasında terrorla birgə təbii fəlakətlər də öz yerini tutur. Terror təhdidi, müharibələr təhdidi, fövqəladə hallar təhdidi, bundan başqa, milli təhlükəsizliyə, dövlət təhlükəsizliyinə, ərzaq təhlükəsizliyinə təhdid, təbii fəlakətlərlə bağlı təhdid də nəzərə alınmalı və ona qarşı tədbir görülməlidir. Son baş verən hadisələr bir daha onu göstərdi ki, bizdə kanalizasiya sistemi hər hansı baş verə biləcək təbii proseslərə tam şəkildə hazır deyil. Məhz buna görə də dövlət başçısı tərəfindən bu sistemin qurulması və yoxlanılması ilə bağlı belə sərəncam verildi. Hər hansı bir kanalizasiya sistemində baş verən hadisə, zəncirvari şəkildə, su-kanal sistemində çox sayda problemlər yarada bilir.
Bu da demək olar ki, bütün sistemin sıradan çıxarılması ilə nəticələnə bilər. Hər hansı bir sistemin sıradan çıxması, kanalizasiyanın işləməməsi, su səviyyəsinin qalxması tunellərin tutulmasına gətirib çıxarır. Bu da respublika, dövlət əhəmiyyətli bütün obyektlərin hətta dayanmasına gətirib çıxara bilər. Məhz buna görə də Azərbaycanın xüsusi xidmət orqanlarının nəzarəti altında, eyni zamanda Daxili İşlər Nazirliyinin bir sıra qurumları tərəfindən su kanalları, eyni zamanda su kanallarından istifadə olunan boru kəmərləri qorunur. Son vaxtlar ehtiyac olduğu üçün məhz dövlət səviyyəsində belə bir məsələnin qaldırılması və sonunda prezidentin sərəncamı ilə, administrasiya rəhbərinin başçılığı altında bir komissiya yaradılıb. Komissiya yaradılıb ki, bu məsələlər bir də təftiş olunsun.
Gələcəkdə təhdid kimi hər hansı bir prosesin baş verməsinin qarşısını almaq üçün bu məsələlərlə məşğul olunsun. Düşünürəm ki, bu komissiya hərtərəfli yoxlama aparmalıdır, yoxlamalıdır ki, həm kanalların mühafizəsi məsələsi, həm su borularının mühafizəsi məsələsi, eyni zamanda kanalizasiya sisteminin qurulmasının və mühafizəsinin məsələsi tam şəkildə ortaya qoyulsun. Bu sərəncamdan sonra məsələlər yoxlana və müvafiq qərarlıar qəbul oluna bilər. Su anbarlarına qarşı təhlükə, terror təhlükəsi istisna deyil. Dağlıq Qarabağ işğal olunduğuna görə, Suriyada İŞİD problemi olduğuna görə, müxtəlif terror təşkilatlarının terror aktı keçirmək niyyəti olmasını da nəzərə alaraq, bu məsələlərə ciddi yanaşılmalıdır. Su anbarlarında da mühafizə işi təşkil olunub. Bu mühafizə işi də davam etməlidir. Bu, baş verəcək hər hansı təhlükənin qarşısını almaq üçündür”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.