Valideyn uşağının adını məktəbə yazdırır, müəllimlər isə gəlib evdə dərs keçir. Beləcə, uşaq yorulmur və əlavə dərnəklərə də vaxt ayıra bilir. Bu sistem dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada mövcuddur.
Rusiyada valideynin istəyi ilə uşaq məktəbə yalnız imtahan vermək üçün gedir. Onun bilik səviyyəsi isə sinifdə dərs keçən uşaqlardan qat-qat yuxarı olur. Sərbəst qrafiklə keçirilən bu dərslərdə uşaq yorulmur, hətta əlavə dərnəklərə də gedə bilir. Azərbaycanda isə bu cür ev təhsili yalnız fiziki qüsurlu uşaqlara tətbiq edilir. Evdə təhsili yalnız somatik, nevroloji, cərrahi, dəri, psixonevroloji xəstəlikləri olan uşaqlar ala bilər.
Hər kəsə məlumdur ki, hazırkı dərs proqramının ağırlığı, fənlərin çoxluğu uşaqların yorğunluğuna, əlavə məşğuliyyətlərə vaxt tapa bilməməsinə və zehninin zəifləməsinə səbəb olur. Uşaqların dərs yükünü azaltmaq üçün bir çox dünya ölkələrinin istifadə etdiyi bu praktikadan Azərbaycanda da istifadə etmək mümkün ola bilərmi? Əgər bu sistem ölkəmizdə tətbiq edilsə, bunun hansı müsbət nəticələri ola bilər?
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev sinifdə uşaqların sayının 15-20 nəfərdən ibarət olması istiqamətində ciddi işlər aparıldığını dedi: “Azərbaycanda Rusiyadakı kimi ev şəraitində təhsil təhsildən kütləvi şəkildə yayınmaya səbəb ola bilər. Yəni hər bir ölkənin təhsil sistemi öz spesifikliyi ilə fərqlənir. Bütün dünyada şagirdlərin daha az sayda komplektləşdirilməsi yönündə ciddi addımlar atılır. Təhsili inkişaf etmiş ölkələrdə bu mümkündür. Komplektləşdirmə 10-15 nəfər şagirddən ibarət olaraq aparılır. Bu da fərdi təhsilə yaxınlaşmanı ehtiva edir. Əlbəttə ki, ola bilsin hansısa valideynin imkanları yüksəkdir və o, övladını fərdi də hazırlaşdırır. Heç kim inkar etmir ki, fərdi hazırlıq üstünlük təşkil edir. Zaman baxımından da, müəllimin məsuliyyətli yanaşması baxımından da fərdi təhsil qrup halında təhsili üstələyir. Ancaq bizim təhsil sistemində bu mümkün deyil. Yaxşı olar ki, konkretləşdirmədə rasional addımlar atılsın. Yəni uşaqların sayı siniflərdə azalsın. Bu, təhsilin keyfiyyətinə yüksək təsir göstərə bilər. Onsuz da indiki şəraitdə yuxarı sinif şagirdlərinin dərsdən yayınma halları çoxdur. Yəni onlar evdə fərdi hazırlıqlara gedirlər. Əgər evdə fərdi hazırlıq sistemi də bizdə tətbiq olunsa, uşaqların məktəbdən daha çox ayrılmasına səbəb ola bilər. Hər halda, dünyada uşaqların təfəkkürünün inkişafında məktəbdən güclü sosiallaşma məkanı hələlik müəyyənləşdirilməyib”.
Təhsil eksperti Kamran Əsədov isə ev şəraitində təhsilin uşaqları cəmiyyətdən təcrid etdiyini dedi: “Hesab edirəm ki, ev şəraitində təhsil uşaqları cəmiyyətdən təcrid edir. Apardığım araşdırmalara əsaslanaraq deyə bilərəm ki, təhsilə cəlb olunan əlil uşaqların böyük əksəriyyəti evlərində təhsil alırlar. Lakin fikrimcə, evdə təhsil almaq üsulu müasir dövrdə səmərəli deyil. Burada əsas məsələ onların cəmiyyətə inteqrasiya olunmasıdır, bunun üçün də əlil uşaqlar öz həmyaşıdları ilə birlikdə təhsil almalı və ünsiyyətə girməlidirlər. Bundan əlavə, qanunvericilikdə boşluqlar olduğu üçün fiziki qüsurlu insanların infrastruktur baxımından problemləri var. Onların hərəkəti üçün lazımı şərait yaradılmır və nəqliyyatdan rahat istifadə edə bilmirlər. Burada kompleks təminetmə olmalıdır. Həm infrastruktur, həm də qanunvericilik düzgün qurulmalıdır. Onların cəmiyyətə inteqrasiyası üçün əsas məsələlərdən biri isə valideynlərin maarifləndirilməsidir. Bizdə digər ölkələrdən fərqli olaraq, valideynlər fiziki çatışmazlığı olan övladlarını cəmiyyətdən təcrid olunmuş halda böyüdür və ondan utanırlar. Halbuki bu onların özlərinə ilk növbədə ziyandır”.
K.Əsədov bu sahədə ciddi problemlər olduğunu bildirdi: “Azərbaycanda təhsil üzrə statistik göstəricilər üzrə Dövlət İmtahan Komissiyasının (DİM) keçirdiyi imtahan nəticələri əsasında firmalaşır. Lakin ortaya çıxan nəticələr evdə təhsil alan şəxslərin nəticələrinin yüksək olmadığını göstərir. Bundan başqa, xüsusi təyinatlı və evdə təhsil alan şəxslərin sayı ilə onların istər ali məktəblərə qəbulu, istərsə də peşə məktəblərinə qəbulu arasında ciddi fərqlər onu göstərir ki, bu sahədə ciddi problemlər var və islahatlara ehtiyac var”.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.