Hava şəraiti kəskin dəyişəcək; yenə qar, yağış gəlir
Dekabrın 10-dan başlayaraq paytaxt Bakıda nisbətən mülayim hava şəraiti müşahidə olunurdu. Ötən günlər ərzində temperatur 3-4 dərəcə artaraq 8-10 dərəcəyədək qalxmışdı. Azərbaycanın digər şəhər və rayonlarında da hava şəraiti əsasən yağmursuz keçir, temperatur 2-3 dərəcə artıb. Bəs bu cür hava şəraiti nə vaxta qədər davam edəcək?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.
Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Arabir güclənən mülayim cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6, gündüz 11-16 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir
Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlığa görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra dekabrın 14-15-də ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 7-10 dərəcə aşağı enəcək. Yollar buz bağlayacaq.
Bu arada belə fikirlər də var ki, bəzi günlərdə hava şəraiti pisləşsə də, ümumən dekabrda hava nisbətən mülayim keçir.
Halbuki, bundan əvvəl ekspertlər dekabr ayında havaların kəskin soyuyacağını, qışın çox sərt keçəcəyi ilə bağlı proqnozlar vermişdi.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov hazırkı hava şəraitinin dekabr ayı üçün xarakterik olduğunu bildirdi: “Əksinə, əvvəllər dekabrın əvvəllərində belə soyuq hava müşahidə olunmurdu, necə ki, indi. Bundan əvvəl dekabr ayında havanın temperaturu 10-15 dərəcə olurdu. İndi isə tərsinə olub, temperatur normadan aşağı düşüb. Günorta havanın temperaturu 8-10, axşam isə 4-5 dərəcə olur.
Bizdə qış dekabrın axırından başlayaraq, yanvar və fevral aylarında daha da sərtləşir. Əvvəlcə də qeyd etmişəm ki, bu, küləyin istiqamətindən asılıdır. Əgər cənub küləyi əsərsə havalar isinəcək, yox əgər şimal küləyi əsəcəksə havalar soyuyacaq, təbiətin qanunu belədir. Son dövrlərdə mən hiss edirəm ki, şimal küləkləri üstünlük təşkil edir, nəinki, cənub küləyi. Çünki buzlaqlar əriyir, buzlar, soyuq su ekvatora, cənuba doğru hərəkət edir, ona görə də havalar soyuyur. Bəli proqnoz vermişdim ki, sərt qış olacaq. Çünki atmosferdə soyuma prosesi gedir. Amma deməmişəm ki, qar yağacaq. Sərt qış dedikdə, yəni qarsız şaxta da ola bilər. Ola bilər ki, qar yağsın şaxta olsun, sonra isə hava mülayimləşsin. Məsələn, 5 il bundan əvvəl Xəzər dənizi şaxtadan donmuşdu, halbuki, qar yağmamışdı. Amma dənizin bütün sahili donmuşdu.
Bir daha qeyd edirəm ki, bütün bunlar küləyin istiqamətindən asılı prosesdir".
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.