banner
banner

Gündəm

İŞİD Azərbaycana Avropadan sıza bilər

İŞİD Azərbaycana Avropadan sıza bilər
Bayram günləri Azərbaycan və dünya gündəminin əsas mövzularından biri İŞİD-in yenidən Avropanı hədəf alması barədə xəbərlər oldu. Belə ki, İŞİD terror təşkilatının liderlərindən birinin 400 yaraqlı ilə Avropaya daxil olması xəbəri yayıldı. Bu barədə “Daily Mail” İtaliya xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb. Qrupa alban cihadçı Əbu Əbdulla əl-Kosova adı ilə tanın Lavdrim Muhadcerinin rəhbərlik etdiyi bildirilib.  Terrorçuların Kosova dövlət orqanlarını və pravoslav kilsəsini hədəf alacağı güman edilir.
İtaliyanın “L’Espresso” qəzetinin məlumatına görə, Avropaya daxil olan terrorçuların sayı 400 nəfərə çatır.
Qeyd edilir ki, onlar Suriyadan miqrant qismində köhnə qitəyə daxil olmağı bacarıblar.
Bu xəbərin “istiliyi soyumamış” 26 yaşlı Bakı sakininə naməlum şəxs təfəfindən 14 min ABŞ dolları qarşılığında İŞİD-ə qoşulmaq təklifinin edildiyi üzə çıxdı. Təklifdən imtina edən Orxan Əhmədov Suraxanı Polis İdarəsinə məlumat verib, eyni zamanda  Daxili İşlər Nazirliyinin “102" zəng mərkəzinə məlumat verməyi də unutmayıb. Bakı sakini Suraxanı polisinə ərizə ilə etdiyi müraciətində bildirib ki, 2016-cı il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 min ABŞ dolları təklif edib.
Yanvarın 3-də isə sosial şəbəkələrdə Suriyanın Hələb şəhərindən şübhəli şəxsin ölkəmizə daxil olması ilə bağlı yayılan xəbər də diqqət çəkdi. “Qafqazinfo” hüquq-mühafizə orqanlarına istinadən məlumat dərc etmişdi ki, belə bir şəxsin olduğu ehtimal olunur və polis araşdırma aparır. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verdi.  
S. Gözəlov bildirib ki, həmin şəxs Özbəkistan vətəndaşıdır və itkin düşən şəxs kimi axtarışa verilib: “Həmin şəxs 1992-ci il 26 avqust tarixində Özbəkistanın Daşkənd vilayətinin Zangiata rayonunda anadan olmuş Əhmədcanov Məhəmmədcan Akmalcan oğludur. O, 29.06.2016 tarixindən xəbərsiz itkin düşən şəxs kimi axtarışa verilib. Onun Azərbaycanda olması ehtimal edildiyindən Özbəkistan tərəfindən bizə müaricət olunub. Həmin şəxs Özbəkistan vətəndaşıdır. Bir daha xahiş edirik ki, KİV nümayəndələri bu cür məlumatları yayarkən dəqiqləşdirsinlər, ehtiyatlı olsunlar”.
Ekspertlər yayılan hər üç xəbərlə əlaqədar Azərbaycan hökumətini uyaracaq açıqlamalar verirlər. İŞİD-in Avropadan Azərbaycana keçmə ehtimallarının ola biləcəyi vurğulanır. Eyni zamanda Bakı sakininə İŞİD-ə qoşulmaq üçün pul təklifinin digər vətəndaşlara da edilə biləcəyi istisna edilmir və bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəaliyyətinin ciddiliyi qeyd olunur. 
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl hesab edir ki, 400 İŞİD-çinin Avropaya göndərilməsi ilə bağlı xəbər şişirdilib: “Azərbaycan  və digər yerlərdə İŞİD-ə qoşulmaq üçün böyük məbləğlərin təklif olunmasının bir sıra səbəbləri var. Son zamanlarda İŞİD böyük itkilər verir. Bunun yerini doldurmaq, yenidən hədə-qorxular gəlmək üçün aydın məsələdir ki, terror təşkilatı bu cür addımlar atır. Bunu təkcə Azərbaycanda deyil, bütün ölkələrdə edir. Bu məsələlərlə əlaqədar hələ ölkəmizdə bir nəfər müraciət edib. Ola bilsin ki, müraciət etməyənlər də var. Bu istiqamətdə ciddi tədbirlərin görülməsi çox vacibdir. İŞİD zəiflədikcə hədələrinin də, terrorlarının da sayı artacaq. Yerlərdə muzdlu döyüşçülər götürmək üçün belə təkliflərin  edilməsi mümkündür. İŞİD-in Azərbaycana Avropadan daxil ola biləcəyi ilə bağlı deyilənlərə gəldikdə isə onu qeyd edə bilərəm ki, bu, tamamilə mümkündür. Yaxınlığımızda, Şimali Qafqazda İŞİD-in radikal qanadı var, üstəlik, Orta Asiyada da. Bu ərazilərdən xeyli sayda İŞİD tərkibində vuruşan şəxslərin  olması bir reallıqdır. Onların Şimali Qafqazdan ölkəmizə keçmələri problem deyil. Amma onlara problem yaratmaq mümkündür. Gəlişlərinə imkan verilməyə bilər. Eyni zamanda ciddi nəzarət olunmalıdır. Bütün bunların hamısı onu göstərir ki, terror üçün cəhdlər olacaq. Bunun qarşısını almaq üçün Avropa konkret addımlar atmalıdır. Əks halda, kifayət qədər gərginliklər olacaq. Çünki İŞİD zəiflədikcə gərginliyi artıracaq. Bu gərginliyin bir qanadı da Azərbaycan ola bilər”.
 
Ekspert Azərbaycan hökumətinin bu istiqamətdəki hazırlıqlarına da toxundu: “Bu məsələ ilə hüquq mühafizə orqanları məşğul olur. Hökumət, sadəcə, müvafiq strukturlar qarşısında tələblər qoyur. Bu tələbləri ilk növbədə, Dövlət Təhlükəsizlik Xidməti, ardınca isə digər qurumlar yerinə yetirməlidir. Hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı artırılmalıdır. Türkiyə, İsrail və digər ölkələrlə qarşılıqlı fikir mübadiləsi aparılmalıdır. Gənc dövlət olduğumuzdan ola bilsin ki, kifayət qədər əməliyyat məlumatları olmasın. Amma adını qeyd etdiyim ölkələrdən bu məlumatları ala bilərlər. Yəni əməkdaşlıq və informasiya mübadiləsi vasitəsilə”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.