İmanverdi Hüseynov davamlı olaraq şikayət etdiyi üçün polis rəisinin qəzəbinə tuş gəlir, onu iki nəfəri döyməkdə ittiham edirlər və etmədiyi hərəkətə görə 3 il həbs cəzası alır
Ötən ilin oktyabrında Lənkəran polisinin həyata keçirdiyi «əməliyyat» sonradan ört-basdır edilsə də, bu gün də onun biabırçı tərəfləri müzakirə olunmaqdadır. JAM.AZ bir həbslə bağlı apardığı araşdırmanı təqdim edir.
17 oktyabr 2014-cü ildə Lənkəran Təcili Tibbi Yardım Stansiyasının 30 illik həkimi İmanverdi Hüseynov həbs olunur. Rayonda böyük hörmətə malik, 60 yaşlı həkimin həbsinə səbəb isə onun rayonun mərkəzində iki ayrı gündə iki ayrı şəxsi döyməsi göstərilir.
Araşdırmalara görə, İmanverdiyi Hüseynov guya, bu şəxslərdən birini- Əflatun İsmayılov- oktyabrın 14-ü səhər saatlarında heç bir əsaslı səbəb olmadan küçənin ortasındaca döyüb. Və İ.Hüseynovu o qədər «qəddar» olub ki, ürəyi bununla «soyumayıb» oktyabrın 17-də şəhərin bir başqa yerində Samit Baxşıyevi də «döyərək» «şil-küt» edib. Bütün bu yazdıqlarımız Lənkəran Polis Şöbəsinin həyata keçirdiyi «əməliyyat»ın məntiqi nəticəsidir. Yəni, polis rəisi Möhübbət Hüseynovun «balışının altından» çıxan planın icrası belə olub.
Amma «əməliyyat» zamanı o qədər qüsurlara, eybəcərliklərə yol verilib ki, bunu görməmək üçün qeyri-peşəkar olmaq belə eyib sayılmamalıdır. Çünki bu eyibdən də eyib bir iş anlamına gəlir.
Keçək mətləbə. Əvvəlcə həkim İmanverdi Hüseynovla Lənkəranın Polis Şöbəsinin rəisi Möhübbət Hüseynov arasındakı «hüsumətin» mahiyyətini araşdıraq. Polisi rəisini narahat edən əsas məsələ həkimin rayonda öz hüquqlarını qorumaq, baş verən neqativ halların aradan qaldırılması üçün mütəmadi olaraq şikayətçi düşməsi olub. Belə ki, İmanverdiyi Hüseynov davamlı olaraq baş verən haqsızlıqlara qarşı çıxaraq, bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edirmiş. Bu da Lənkəranda «asayişi» «qoruyan» rəisin xoşuna gəlməyib. Və 30 ilin həkimini susdurmaq üçün əlverişili imkan axtarır. Və günün birində tapır. Tapdıqdan sonra isə istintaqı biabırçı şəkildə aparsa belə, günahı başqasının boynuna da qoymağa nail olur.
JAM.AZ-in araşdırmasına görə, İmanverdi Hüseynovun iki rayon sakinini ayrı-ayrı günlərdə «döyməsi»ndən 20 gün əvvəl başqa bir problemlə üzləşib. Araşdırmalara görə, sentyabrın 27-də həkim iş başında olarkən zəng əsasında Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı kimi Lənkəran şəhərində evlərin birinə çağırılır. Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra isə binanın qarşısında mübahisə yaranır. Həmin vaxt Lənkəran İcra Hakimiyyəti başçısının müavinlərindən birinin qohumu tərəfindən fiziki zorakılığa məruz qalır. Xidməti iş vaxtı üzləşdiyi problemdən dolayı Lənkəran Polis Şöbəsinə şikayət edən İ.Hüseynov məsələnin araşdırılmasını və ona qarşı zorakılıq etmiş şəxsin cəzalandırılmasını istəyir. Amma Polis İdarəsində məsələ ört-basdır edilir. Bununla bağlı Bakıya müraciət edən həkim onlardan yardım istəyir. Bunun da nəticəsi olmur.
Və bu zaman Möhübbət Hüseynovun əlinə fürsət düşür. Təcili «əməliyyat qrupu» yaradılır və işə başlanılır. İlk olaraq hadisənin «zərərçəkən»ləri müəyyən edilir. Əflatun İsmayılov və Samit Baxşıyev təcili Polis Şöbəsinə çağırılır və təlimat verilir. Təlimata əsasən hər iki şəxs İ.Hüseynovun qarşısına ayrı-ayrı günlərdə çıxmalı, yaxalarını, başlarını cırmalı, ardından xəstəxanaya və polisə müraciət etməliydilər. Buna qədər isə onların «zərərçəkən» kimi qeydiyyata alınması, əvvəlcədən Məhkəmə Tibbi Ekspertizanın rəyi hazırlanır.
Məsələnin bundan sonrakı mərhələsini həbs olunan və barəsində 3 il müddətində həbs qərarı çıxarılmış İmanverdi Hüseynovun oğlu Ravi Hüseynovun nəqlindən dinləyək. Həbs olunan həkimin oğlu bildirir ki, oktyabrda baş vermiş «hadisə» zamanı polis tərəfindən öyrədilmiş Samit və Əflatun özlərini elə hadisə yerindəcə ələ verirlər. Belə ki, hər iki şəxs İ.Hüseynovu döydükdən sonra ciblərindən Məhkəmə Tibbi Ekspertizanın rəyini çıxararaq, onu nümayiş etdiriblər. «Əflatun və Samitə bu arayış Lənkəran Məhkəmə Tibbi Ekspertiza İdarəsinin rəis müavini Şərif Hüseynov hadisədən əvvəl verib. Və onları orada «zərərçəkən» göstərməklə yanaşı, həm də xeyli xəsarət aldıqlarını da qeyd edib. Buradan aydın görünür ki, iş əvvəlcədən qurulub və məqsəd atamı həbs etmək olub».
Ravi Hüseynov daha sonra deyir ki, məhkəmə zamanı da ortaya xeyli sayda sual çıxmaqla yanaşı, həm də heç bir dəlil-sübut da qoyula bilməyib. Üstəlik, «zərərçəkən»lərin verdiyi bir ifadə ilə digəri üst-üstə düşməyib. «Məsələn, məhkəmədə Əflatun deyib ki, o, həkimlə savaşdıqdan sonra aldığı «xəsarətlər»dən dolayı hərəkət edə bilməyb. Və onu xəstəxanaya taksi sürücüsü Elman Bağırov aparıb. Amma rəsmi sənədlərdə göstərilib ki, hadisə ilə bağlı Lənkəran Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub və onu Təcili Yardım Maşını ilə xəstəxanaya aparıblar».
Həbs olunan həkimin oğlu başqa bir maraqlı fakta diqqət çəkir. O qeyd edir ki, Əflatun İsmayılov Bakıya sərnişindaşıma ilə məşğul olan biridir. «Hadisə günü Əflatun şəxsi maşını ilə 4 nəfər rayon sakinini Bakıya aparıb. Amma polisin verdiyi arayışda qeyd olunur ki, guya, o, iki gün Lənkəran Xəstəxanasında yatıb. Vəkil məhkəmə prosesi zamanı Əflatuna hansı platada yatdığı, hansı həkimin onu müayinə etdiyinə dair verdiyi suallara ümumiyyətlə, cavab verə bilmədi».
Ravi Hüseynov digər «zərərçəkən»lə bağlı danışarkən isə daha sensasion bir iddia irəli sürüb. O bildirib ki, Samit Baxşıyev dəfələrlə etiraf edib ki, o, İmanverdi Hüseynovu ümumiyyətlə tanımır. «Mənə dedi ki, ondan tələb ediblər. O da məcburiyyət qarşısında qalaraq, atamın üzünə durmalı olub. Hətta mənə etibarnamə verərək, ona vəkil tutmağımı da istədi. Dedi ki, onu polisdən bu işə məcbur edirlər. Məhkəmə vaxtı isə məlum oldu ki, Samit etibarnaməni ləğv etdirib».
Bunun səbəbini də oğul Hüseynov sonradan öyrənib. Məlum olub ki, Samit Bağırovun özünə vəkil tutmaq istəməsindən Lənəran Polis Şöbəsinin müstəntiqi, məlum olayı araşdıran müstəntiq Famil Həsənov xəbər tutub. «Famil Həsənov Samiti yanına çağıraraq, onu otağında döyüb. Və tələb edib ki, zərərçəkən kimi iddiasına davam etsin. Əks təqdirdə, yenidən həbs edəcək onu. Bildirim ki, Samit Baxşıyev olaydan bir qədər əvvəl həbsdən çıxıb. O, narkotik maddələrdən istifadədə ittiham olunub».
Ravi Hüseynov təkcə istintaq materiallarının biabırçı durumda olması ilə yanaşı, həm də Lənkəran Polis Şöbəsində atasının üzərində olan pulunun da yoxa çıxdığını bildirir. «Atam həbs olunanda üzərində 1200 manat pul, telefon və sənədləri olub. Lakin onlardan yalnız telefonu geri qaytarıblar. Cibindəki puldan isə söhbət belə etmirlər. Telefonunu isə saxlanıldıqdan üç gün sonra geri qaytardılar. Və məlum oldu ki, müstəntiq Famil Həsənov atamın telefonundan orada adları qeyd olunan şəxslərə telefon açıb və danışıb».
P.S. Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
P.P.S. Nəzərinizə çatdıraq ki, araşdırmamız bununla bitmir. Yaxın günlərdə Lənkəran Polis Şöbəsinin rəisi Möhübbət Hüseynovun İmanverdi Hüseynovu şərləyənlərə hansı hədiyyələr bağışladığı, günahı İcra Hakimiyyətində kimin üzərinə atdığı, bu işə görə nə qədər pul xərclədiyi, habelə cənab nazir Ramil Usubovdan bir dəfə töhmət alan rəisin ikinci dəfə bu halla üzləşməmək üçün hansı vasitələrə əl atdığına dair də maraqlı məlumatları diqqətinizə çatdıracağıq.


