Mətbuatda mütəmadi işıqlandırılan, əhalinin ən çox şikayət etdiyi və tez-tez mətbuatda sakinlərin başına açdığı oyundan bəhs edilən rayon Ağsu və rayonun İcra Hakimiyyətinin başçısı Ənvər Seydəliyevdir. Ə.Seyidəliyevin sayəsində rayonda, qayda-qanunsuzluq, qarışıqlıq səngimək bilmir.
İcra başçısının hərc-mərcliyi rayonun bir ucundan digər ucuna qədər geniş vüsət alıb. Ən azından son şikayət bunu bir daha sübut edir.
İcra başçısının sakinə ölüm hökmü
Ağsu rayon sakini, ikinci qrup əlil Hüseynov Şənlik Əmək və Əhalinin Sosial Müdafiəsi Fondundan aldığı müavinət səbəbsiz yerə kəsilib. Məsələ ilə bağlı Ş.Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Mərkəzi Rayon Şöbəsinə üz tutub. Əliyunis Mütəllimovun qəbulunda olan Ş. Hüseynov, müavinətin nə üçün kəsildiyini soruşub. Cavabı isə onu sözün əsil mənasında çaş-baş qoyub: “Əgər müavinətin bərpa edilməsini istəyirsənsə, 300 manat ver həll edək”.
Ş.Hüseynov isə haqlı olaraq bu istəyə etiraz edib: “Əgər mən 300 manat tapa bilirəmsə, nə üçün sosial yardımdan mədət umum ki? Hamımız bilirik ki, sosial yardım imkanı son dərəcə aşağı olan adamlar üçün nəzərdə tutulub. Özüm 2-ci qrup əliləm. Əgər bu vəziyyətdə olmasaydım, heç kimə 5-3 manat üçün ağız açmazdım”.
Vəziyyəti olduğu kimi Ə. Mütəllimova izah etməyə çalışsa da, tərəflər heç cürə razılığa gələ bilməyiblər. Şənlik Hüseynov çarəni Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdə görüb. Bu dəfə icra hakimiyyətinə üz tutub. Məsələni olduğu kimi başçıya danışıb. İcra başçısı isə vətəndaşa kömək etmək əvəzinə onu təhqir edərək, aşağılayıb. Bu azmış kimi, onu öldürtdürməklə təhdid edib: “Mən ondan imdad diləməyə getdim. O məni aşağıladı. Təhqir elədi. Şəxsiyyətimi alçaltdı. Hətta bununla kifayətlənməyib məni ölümlə təhdid edir. Deyir səni maşının altına salıb öldürtdürərəm, heç kimi nə baş verdiyindən xəbəri də olmaz”.
Əlyunis Mütəllimov icra başçısının vətəndaşı öldürəcəyini təsdiqlədi
Məsələ ilə bağlı Ağsu Rayon ƏƏSM Mərkəzinin rəhbəri Əliyunis Mütəllimovun açıqlaması isə rayondakə vəziyyətin nə yerdə olduğunu bir daha təsdiqləyib: “O, başdanxarabın biridir. Beynimizi xarab eliyənin biridir. Gedir yazır yazsın. İstəyir 50 yox, 100 yerə yazsın. Onu məhkəməyə vermişəm mən. Düz deyir öldürəcəklər onu. Başdanxarab, gicin biridir”.
Cinayət məcəlləsi nə deyir?
Hər iki vəzifəli şəxsin, vəzifəsindən sui-istifadə edərək, vətəndaşı aşağılaması və təhdid etməsi bir başa onların cinayət məsuliyyətinə cəlb edilməsidir. Beləki, Cinayət Məcəlləsinin 134-cü maddəsində, öldürməklə və ya sağlamlığa ağır zərbə vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda -2 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Əliyunis Mütəllimovun vətəndaşdan rüşvət tələb etməsinin cəzası isə 311.1 maddədə belə göstərilib. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə, eləcə də xidməti üzrə himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün bir başa və ya dolayı yolla, şəxsən ya da vasitəçidən istifadə etməklə, maddi və digər imtiyaz ya güzəşt istəməsinin cəzası, 3 ilədək müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək, əmlakı müsadirə olunmaqla 4 ildən, 8 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Ənvər Seydəliyev əslində kimdir?
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seydəliyev, Əmək və Əhalinin Sosial Müdaifə Naziri Səlim Müslümovun dayısıdır. Elə bu səbəbdən də Ağsuda ailə-klan hakimiyyəti hökm sürur. Nazirin bütün qohum əqrabası vəzifə başında at oynadır. Sakinlər bildirir ki, hazırda Ağsu rayonu büsbütün icra başçısına məxsusdur. Rayonda bütün iri ticarət obyektləri Ənvər Seyidəliyev tərəfindən zəbt edilib. Ənvər Seyidəliyev bu işdə müavinləri və köməkçilərinin adından yararlanır. Rayonda 50-dən artıq obyekt icra başçısının müavinlərinin adı ilə tikilərək özəlləşdirilib. İcra başçısının rayon ərazisində 100 hektarlarla həyətyanı torpaq sahəsi, onlarla balıqartırma gölü və 100-dən artıq iri ticarət cərgəsi var. Bütün bu ərazi və obyektlər icra başçısı tərəfindən özəlləşdirilib.
Kiçik araşdırma nəticəsində məlum oldu ki, vəziyyət Səlim Müslümovun nazir vəzifəsinə təyin olunmasına qədər qənaətbəxş olub. Nazir vəzifəsindən sonra əhalnin günü qara olub. Nazir dayısı olan icra başçısı, mütəmadi olaraq təhqir edir, aşağılayır, hətta bu azmış kimi ölümlə təhdid edir.
Prezident İlham Əliyevin xəbərdarlığı
Bunu bir daha xatırlatmaq gərəyi hiss etdik. Prezident İlham Əliyev dəfələrlə məmurlara əhalini incitməməklə bağlı xəbərdarlıq edib. Bildirib ki, əhali incidilməməli, onlara diqqət və qayğı ilə yanaşmaq lazımdır. Prezident həmçinin, rüşvətlə bağlı da ciddi xəbərdarlıq edib: “Bütün məmurlar bir daha eşitsinlər. Mən bu barədə dəfələrlə demişəm. Azərbaycan dövləti korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da çox ciddi və güzəştsiz, amansız mübarizə aparacaq”.
Prezident rəhbər şəxslərinə vətəndaşlarla bağlı dəfələrlə xəbərdarlıq etməsi, görünür nə Ağsu rayon İcra Hakimiyyətinin başçısına, nə də ondan güc aldığı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova aid deyil!
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq..
CİA.Az


