Gürcüstanda keçirilən yerli idarəetmə orqanlarına seçkilərin ötən gün rəsmi nəticələri açıqlanıb.
Gürcüstanda şəhər merləri və bələdiyyələrdə seçkilərdə qələbə üçün namizədlərə 50 faizdən çox səs yığmaq tələb olunurdu. Nəticələrə əsasən, hakim “Gürcü Arzusu” Partiyası qalib gəlib.
Proporsional seçkilər üzrə nəticələrdə də hakim partiya ilk sıranı tutub. “Gürcü Arzusu” 57,3%, Vahid Milli Hərəkat Partiyası 15,54%, “Avropalı Gürcüstan” Partiyası isə 10,46% səs əldə edib.
Paytaxt Tiflisdəki seçkilərdə Gürcüstanın keçmiş energetika naziri, ölkənin futbol yığmasının sabiq kapitanı və keçmiş energetika naziri Kaxa Kaladz qalib gəlib. Gürcüstanın Mərkəzi Seçki Komissiyası Tiflislə yanaşı Batumi, Kutaisi, Rustavi və Poti şəhərləri üzrə də səsvermənin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, digər şəhərlərin mer vəzifələrinə də hakim partiyanın namizədləri səs çoxluğu qazanıb.
Qeyd edək ki, seçkilərdən dərhal sonra hakim partiyanın xeyrinə saxtakarlıqların olduğu barədə çoxsaylı iddialar meydana çıxıb. Belə iddialar var ki, ən çox böyük şəhərlərdə “Gürcü Arzusu”nun namizədinin qalibiyyəti üçün hökumət bütün imkanlardan istifadə edib. Doğrudur, saxtakarlıqlar barədə konkret faktlar olmasa da, belə ehtimalları əsaslandırmaq üçün kifayət qədər imkanlar var. Təkcə bir faktı qeyd edək ki, azərbaycanlıların sıx yaşadığı bütün yerlərdə hakim partiya azərbaycanlı namizədlərdən çox səs yığıblar, özü də nəticələr arasındakı fərq kifayət qədər böyükdür. Bu da ciddi şübhələrə yol açır.
Marneuli rayonunun 89 seçki məntəqəsinin 69-u üzrə səsvermənin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” Partiyasının namizədi Temur Abazov 70,79 faiz səs əldə edib. Səs çoxluğuna görə, ikinci yeri 17,68 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi, soydaşımız Əhməd İmamquliyev tutub.
Azərbaycanlıların sıx yaşadıqları Qardabani, Bolnisi, Dmanisi rayonları üzrə də icra başçısı vəzifələrinə seçkilərin ilkin nəticələrinə əsasən, hakim partiyanın namizədləri səs çoxluğu əldə ediblər.
Azərbaycanda seçkiləri diqqət mərkəzinə ən çox gətirən hadisə isə məlum olduğu kimi oktyabrın 19-da gecə saatlarında naməlum şəxslərin hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açması olub. Həmin yerdəki nəticələrdə də atəşə məruz qalan hakim partiyanın azərbaycanlı namizədi 240 səs yığaraq qalib olub.

“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlidən seçkilərdən sonrakı vəziyyət və atəş nəticəsində yaralanan 4 nəfər barəsində son durumu öyrəndik. O, C.Çovdarovun vəziyyətinin orta ağır olduğunu bildirdi: “Hazırda onlar xəstəxanadadırlar. Vəziyyəti yüngül olanlar da var. İstintaq orqanları onlarla təmas imkanlarını məhdudlaşdırıblar. Ümumi vəziyyət odur ki, əvvəlki stabil durum qorunur. Artıq seçkilər bitib və nəticələr də elan olunub. Namizədlər qısa zamanda öz mövqelərini ifadə edəcəklər, bütün bölgələr üzrə. Seçki ilə bağlı müxtəlif fərqli fikirlər var. Məsələn, Marneulidə bəlkə də tarixdə ilk dəfə olaraq, azərbaycanlı seçilib. Orada əsas namizəd Əhməd İmamquliyev idi. Onun seçki qərargahından seçkilərin saxtalaşdırıldığı barədə iddialar var. Hər halda seçki qərargahıdır, görünür əllərində faktlar var. Qonşu Gürcüstan demokratik yolda inkişaf etmək istəyir. Müəyyən dərəcədə bizi qane etməyən, demokratik prinsiplərə uyğun gəlməyən hallar var. Borçalıda Azərbaycan qurumları işləyirlər. Bunların da təfəkküründə Azərbaycanda mövcud olan hakim mövqe üstünlük təşkil edir. Bu baxımdan soydaşlarımızın aktiv şəkildə siyasi proseslərə qoşulduqlarını söyləmək çox çətindir. Sadəcə, təşəbbüslər, yeniliklər var. Mən indiki və əvvəlki seçkidən çıxış edərək, nəhayət Borçalıda yetkin siyasi fiqurların yetişdiyini deyə bilirəm. Bu çox önəmlidir. Amma istənilən halda oradakı soydaşlarımızın siyasi cəhətdən passiv olmaları öz rolunu oynayır. İnsanlarda seçkilərə inamsızlıq, ruh düşkünlüyü yaradan bir siyasi mexanizm işləyir. Bunun özü də təsirsiz ötüşmür. Amma buna baxmayaraq, tək haldır ki, bu qədər basqıların içərisində soydaşlarımız Marneuli və Bolnisidə fəallıq göstərə biliblər. Seçkidə əhəmiyyətli bir kəsim iştirak edə bilib. Amma iddialar çoxsaylıdır. Bu barədə nəsə söyləməyə çətinlik çəkirəm. Elə bir iddia da səsləndirmək istəmirəm, saxtakarlıqların olması barədə. Yəqin ki bu iddialar qanun çərçivəsində öz həllini tapacaq. ”Borçalı" Cəmiyyəti olaraq, soydaşlarımız siyasətə ikrah hissi ilə, inamsızlıqla baxmamalıdırlar. Onlar bilməlidirlər ki, problemlərinin parlamentə daşınması siyasi aktivliklərinin, seçkilərə inamlarının açarıdır. Hərçənd ki, biz bunu bağıra-bağıra deyirik. Artıq bu proses başlayıb. Bu gün nəticələr belə ola bilər. Lakin siyasi aktivliyin seçki prosesinə təsirinin rüşeymləri görünməkdədir. Bu bizi indiki vaxtda qane edən bir faktordur".
Z.Məmmədli fikirlərini soydaşlarımızın siyasi fəallıqlarının üz olması üzərində qurmasına bu cür aydınlıq gətirdi: “Son parlament seçkilərində birinci turda Əhməd İmamquliyev 75% səslə udurdu. O rəqibi 21% səs toplamışdı və ikinci tura keçmişdilər. Amma 10 gün içərisində 21% səs sahibi olan şəxs 76%-lə qalib elan olunur. 10 günün içərisində ictimai rəyin bu qədər dəyişməsi mümkünsüzdür. Elə cinayət faktı ortaya çıxa bilər ki, o halda səs faizi azala bilər. Amma bu dərəcəsi qeyri-mümkündür. Orada Azərbaycan tərəfin əlinin olduğunu düşünürəm. Rəsmi şəxslərimiz həmin ərəfədə bizim namizədin rəqibinin yanında oldular. Bu da seçkiyə təsir etdi, Azərbaycan tərəfi mövqe ifadə etdi. Mübarizəsi ilə seçilən azərbaycanlı Gürcüstan vətəndaşının parlamentə getməsinin qarşısı alındı. Parlamentdə olsaydı, orada sözünü deyəcəkdi. Bu da Azərbaycandan fərqli olacaqdı. Görünür Azərbaycan tərəfin maraqlarına bu düzgün gəlmədi. Bu istiqamətdə rəsmilər şəklində danışıqların apardıldığı istisna deyil. Gürcüstanda qorxaq düşüncə var. Milli azlıqlardan qorxurlar. Hər halda Gürcüstanı qınamıram, çünki Cənubi Osetiya və Abxaziya kimi qorxu mənbələri var. Biz Borçalı türklərindən Gürcüstan üçün təhlükə olmayacağına qarşı tərəfi inandırmalıyıq. Bunlar olmasa, oradakı soydaşlarımızın təmərküzləşmələri mümkünsüz görünür. Bunu özümə qarşı münasibətdə və cəmiyyətimizin fəaliyyətində görürəm. Demokratiya oturduqca bu cür hallar aradan qalxacaq. Azərbaycan-Gürcüstan tərəfdaşlığında Borçalı türklərində belə bir fikir ola bilməz. Bu qorxu soydaşlarımızın parlamentdə düşməsinə, ali orqanlarda təmsil olunmalarına mane yaradır. Onlar daha çox müti, sözəbaxan şəxslərə önəm verirlər. Fəal təbəqəmizdən Gürcüstanın qorxmamasına çalışmalıyıq. Yetkin insan xain olmaz, arxadan da vurmaz. Cahillərlə iş tendensiyası aradan qaldırılmalıdır. İndiki gürcü hakimiyyətində orada soydaşlarımızdan qorxan düşüncə var”.


