Artıq dünəndən etibarən ölkəmizdə geomaqnit qasırğası bağlayıb. Qasırğanın oktyabrın 26-dək davam edəcəyi gözlənilir. Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev APA-ya bildirib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2 ilə 3 arasında dəyişir (maksimum 9 olur), lakin getdikcə artacaq. Oktyabrın 24-də axşama doğru G1 kateqoriyalı, 25 oktyabrda isə G2 kateqoriyalı qasırğa gözlənilir.
Onun sözlərinə görə, maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11 ildə 1-2 dəfə baş verir: “Budəfəki geomaqnit həyəcanlaşmasının da əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan orta ölçülü ”tac dəliyi"ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir. “Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. Hazırda “günahkar” plazma küləyini sürəti 440 km/saniyə-dir. Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, kosmik hava şəraitini daha əlverişsiz edir və “katalizator” rolunu oynayır. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır. Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltlarının (“Aurora borealis”) şəkilləri də tezliklə mediada yayılacaq. Bizim orta coğrafi en dairələri üçün təsir adətən zəif olur".
E.Babayev qeyd edib ki, sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan - xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər.
Maraqlıdır, ümumiyyətlə, maqnit qasırğası nədir?
Günəşdə epizodik olaraq özünəməxsus partlayışlar olur və bunun nəticəsində planetlərarası məkana enerji yüklənmiş xırda hissəciklərin (günəş plazması adlanır) nəhəng axını atılır. Və onlar Yer kürəsinin maqnit qatına çatdıqda onunla qarşılıqlı əlaqəyə girib bu qatı bir növ “qəzəbləndirir”, fırtına qoparır. Bütün dünya əhalisinin 1/3-i meteopatamdır, yəni onlar maqnit fırtınasının yaxınlaşmasını daha tez hiss edirlər.
Ekoloq Telman Zeynalov üç cür geomaqnit qasırğası olduğunu dedi: “Birincisi, Günəşdə partlayış baş verəndə elektromaqnit dalğalar gəlib Yer kürəsinə düşür və təsir göstərir. İkincisi, Yer kürəsinin özünün elektromaqnit qatları var. Həmin qatlar küləkdə, elektromaqnit qasırğada özünü qoruyur, bir də var ki, süni surətdə yaradılmış maqnit qasırğası. Süni surətdə elektromaqnit dalğalarını yaradan silah Rusiya və Amerikada var. Yer kürəsinə təsir etmək üçün bundan istifadə edirlər. Günəşdə partlayış olacağını əvvəlcədən bilmək mümkün deyil. Əgər deyirlərsə ki, 2-3 gün maqnit qasırğası olacaq, demək ki, bu sünidir. Günəş özü nüvədir. O, qızdıqca onun üzərində ləkələr olur. Ləkələr nə qədər çox olsa, temperatur da o qədər yüksək olur və bir o qədər də partlayışlar baş verir. Nəhəng partlayış, qasırğa baş verəndə və o, yer kürəsinə gəlib çatan zaman insanlar özlərini pis hiss edir. Yer kürəsinin özünün elektromaqnit dalğası var və bu dalğa ona qarşı çəpər qurub gücünü azaldır”.

Geomaqnit qasırğasının insan səhhətində törətdiyi fəsadlara gəlincə isə maqnit fırtınası zamanı çoxlarında ağciyərlərin həyati həcmi daralır ki, bu da müxtəlif ağciyər xəstəliklərini kəskinləşdirə bilir. Mərkəzi sinir sistemi belə təbiət kataklizmlərinə daha həssas reaksiya verir. Bu zaman insanda qavrama qabiliyyəti aşağı düşə bilər, diqqət pisləşə, yavaşlana, hətta dayana bilər. Nəticədə baş sanki ağırlaşır, ovqat pozulur. Bir sıra mütəxəssislər maqnit qasırğasına sinə gərmək üçün səhəri səhər yeməyi ilə yox, idman, gəzinti və ya qaçışla başlamağı tövsiyə edir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bunun daha çox meteohəssas insanlara təsir etdiyini dedi: “Meteohəssas insanlar təbiətin şıltaqlıqlarına, maqnit qasırğalarına, atmosfer havasının təzyiqinə, havanın soyuyub istiləşməsinə çox həssas reaksiya verirlər. Bu zaman onların təzyiqi qalxır, insan haldan hala düşür. Bu şəxslər daha diqqətli olmalıdır. Bu cür insanlar nələrə diqqət etməlidir deyə öz həkimləri ilə məsləhətləşməlidir. Bu cür insanlar həmin ərəfədə mümkün qədər ev şəraitində olmalı, uzun müddət bayırda olmamalıdır. Ümumiyyətlə, insanların orqanizmi təbiətin mövcud olan şıltaqlıqlarına, o cümlədən də maqnit qasırğasına qarşı davamlıdır və ona adaptasiya oluna bilir. Məsələn, təsadüfi deyil ki, bu qasırğanın neqativ təsirlərini yalnız bir qrup insan öz üzərində hiss edir. Hansı ki, bu birbaşa təmasda olur. Geomaqnit qasırğası deyilən dalğada, sadəcə olaraq, yayılmış maqnit sahəsindən söhbət gedir. Bu dalğalar bioloji hüceyrələrin iş prosesini pozur, xüsusilə də bu sinir hüceyrələrinə aiddir. Müxtəlif sinir pozuntuları, yuxusuzluq, qan təzyiqinin artması və sairə kimi hallar yarada bilər. Əlbəttə, əvvəlcədən meteohəssas insanlar müəyyən tədbirlər görməlidir. Maqnit qasırğasının təsirinin ilkin əlamətləri müxtəlif ola bilər. Hətta bayılma belə baş verə bilər. Bundan başqa, baş ağrısı, təzyiqin oynaması, ürək ağrıları, xəstənin haldan hala düşməsi, spazmalar, ürək döyüntüləri kimi əlamətlər mümkündür. Bunları özündə hiss edən insanlar həkimə müraciət etməlidir. Bunun ölümlə nəticələnməsi halları nadirən baş verə bilər. Xüsusən də təzyiqin qalxması və buna bənzər hadisələrin yaratdığı fəsadlar nəticəsində ölüm halı baş verə bilər, birbaşa yox”.


