Bu qış da ötən illər olduğu kimi dəm qazı ailə faciələrinə səbəb oldu. Təkcə mart ayına nəzər salsaq görərik ki, 10 gündən də az zaman kəsiyində 14 nəfər dəm qazından boğularaq dünyasını dəyişib. Belə ki, martın 2-də “Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov, martın 4-də Lənkəranda biri uşaq olmaqla 5 nəfər dəm qazından zəhərlənib.
Martın 5-də Sumqayıtda bir evdə 6 nəfər dəm qazından boğularaq dünyasını dəyişdi, martın 6-da isə Bakıda iki az yaşlı uşağın dəm qazından zəhərlənməsi xəbəri yayıldı.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən bildirilir ki, onların verdikləri qazın tərkibində heç bir dəyişiklik yoxdur. Qurum rəsmiləri hadisələrdə özlərini günahkar bilməyib qeyd edirlər ki, qazdan boğulmaların əksəriyyətinin səbəbi abonentlərin cihazlarla düzgün davranmamasıdır.
1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsindən verilən məlumatda qeyd olunur ki, ölkə ərazisində yanvar və fevral aylarında dəm qazından ölənlərin 70 faizi qadınlardır. Statistikaya görə dəm qazı zəhərlənmələrinin əksəriyyəti hamam otağında baş verir. Bu isə oradakı cihazların düzgün quraşdırılmaması və istifadəçinin mövcud qaydalara əməl etməməsi ilə əsaslandırılır.

Əhali arasında belə bir fikirlər də dolaşır ki, hazırda verilən qazdan xüsusi qoxu gəlmir. Bildirilir ki, sovet dövründə qaza xüsusi maddə vurulurdu. Qaz sızması halı baş verdikdə abonent bunu dərhal anlayıb, lazımı tədbirləri görürdü. Hesab olunur ki, indi bu maddə olmadığı üçün insanlar otağa qaz sızmasını hiss etməyib, faciə ilə üzləşirlər.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan mütəxəssis Nüsrət Qasımov bildirib ki, əslində qazın tərkibinə belə bir maddə indi də vurulur: “Qoxu verməsi üçün təbii qazın tərkibinə "adarand" qatılır. Bu maddəni hər min kubmetr qaza yay aylarında 8, qışda isə 16 qram vururlar. Maddəni ona görə vururlar ki, yerdən çıxan metan qazı iysiz, rəngsiz, dadsızdır. Ona görə də əgər “adarand” vurulmasa insanlar evə qaz sızdığı zaman bunun qoxusunu hiss etməzlər. Bu maddənin vurulması dövlət standartına daxildir. Yəni sovet dövründə necə idisə, indi də həmin qaydada və miqdarda maddə vurulur. Qaz yanan zaman bu maddənin zəhərlənməyə heç bir təsiri yoxdur. Çünki cəmisi 1000 kubmetrə 8 qram bu maddədən vurulur. Mütəxəssislər bildirirlər ki, dəm qazının qoxusu yoxdur. Ancaq onlar bu fikri söyləməklə böyük səhv edirlər. Əgər siz 4 gözlü sobanın üzərinə böyük qazan qoyub qazı yandırsanız, bir müddət sonra otağa daxil olan zaman görəcəksiniz ki, gözünüz acışır və sarımsaq iyinə oxşar qoxu hiss edirsiniz. Özü də dəm qazı təkcə metan qazının yanmasından əmələ gəlmir. Əgər odun da yarımçıq yanırsa, o zaman da dəm qazı yaranır. Eyni zamanda onu da deyim ki, benzinin də yarımçıq yanması nəticəsində dəm qazı meydana çıxır. Bu hal da insanların avtomobildə ölmələrinə səbəb olur. Statistikaya nəzər salsaq görərik ki, avtomobilin içərisində, qarajda neçə nəfər dünyasını dəyişib. Bu hadisələr də maddənin natamam yanması nəticəsində baş verib. Bəziləri deyirlər ki, qaza hansısa maddə qatırlar və hadisələr də buna görə baş verir. İndi sual olunur ki, onda belə çıxır ki, benzinə də, oduna da hansısa maddə qatılır? Məsələ sadəcə olaraq maddənin tam yanmamasıdır. Biz deyirik ki, evlərdə xüsusi cihazlar quraşdırılsın ki, otağa qaz dolduğu zaman aparat siqnal versin. Milyonlar xərcləyib villalar tikdirirlər, ancaq bu cihazdan almırlar. Cihaz belə işləyir ki, dəm qazının içərisində yanmayan elementlər olur, həmin elementlər cihaza daxil olduğu zaman siqnal səsi ucalır".
Mütəxəssis bildirib ki, son günlər dəm qazından bu qədər ölümün olması heç də normal hal deyil: “Məsələ burasındadır ki, o adamlar ölürlər ki, onlar məsuliyyətsiz davranırlar. Bu qədər maarifləndirmə işi aparılsa da qazın qanunlarına hörmət etməyən, qazdan qorxmayan istifadəçilər var. Qaz nə rüşvət götürür, nə də sözə baxır. Cihazlarla düzgün davranmayanların sonu faciə ilə nəticələnir. Ancaq onu da deyim ki, mətbuat vasitəsilə apardığımız təbliğat nəticəsində dəm qazından ölənlərin sayında azalma müşahidə olunur. Statistik məlumatlara görə, 2016-cı ildə toksikologiya şöbəsinə 470 adam müraciət edib. Onlardan əksəriyyəti sağaldılıb. 2017-ci ildə isə dəm qazından boğulma halı ilə 272 nəfər müraciət edib. Göründüyü kimi yarıbayarı azalma var ki, bunlar da mətbuatın və bizim əməyimizin nəticəsidir. İnsanlar aşağıda söylədiklərimə əməl edərək, dəm qazından boğulmadan xilas ola bilərlər:
1. Təbii qazla işləyən su qızdırıcılar quraşdırılan vanna otaqlarının həcmi 7.5, tutumlu su qızdırıcıları quraşdırılan vanna otaqlarının həcmi isə 6 kubmetrdən az olmamalıdır .
2. Vanna otağında ventilyasiya kanalı və tüstü bacası olmalıdır.
3. Vanna otağının qapısı çölə açılmalı, təmiz havanın daxil olması üçün qapı ilə döşəmə arasında sahəsi 0.02 kvadratmetrdən az olmayan sahə olmalıdır və ya qapının aşağı hissəsində ümumi sahəsi həmin sahəyə ekvivalent olan dəliklər açılmalıdır.
4. Vanna otağında bütün qaz xətləri və onların yivli birləşmələri üçün istifadə edilən hissələr poladdan olmalıdır.
5. Qazla işləyən axımlı su qızdırıcıları yanmayan divarda quraşdırılmalıdır və divardan ən azı 2 sm aralı olmalıdır. Mətbəxlərə gəlincə isə yaşayış binalarında qaz plitələri quraşdırılan mətbəxlərin hündürlüyü 2,2 metrdən az olmamalıdır. Nəfəsliyi və ventilyasiya kanalı olmalıdır. Bundan əlavə mətbəxin həcmi dördgözlü plitələr üçün 15 kubmetrdən, üçgözlü plitələr üçün 12 kubmetrdən, ikigözlü plitələr üçün 8 kubmetrdən az olmamalıdır. Nəhayət mətbəxdə quraşdırılan qaz plitəsi ilə qarşı divar arasında ən azı 1 metr məsafə olmalıdır.
İnsanlar bunlara əməl etsələr, ölüm sayı da azalar.


