banner
banner

Gündəm

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTOLAR

Prezident Qurban Qurbanova “Dostluq” ordenini təqdim etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyasının Dağıstan Respublikasının tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanovu qəbul edib və ona “Dostluq” ordenini təqdim edib.

Cia.az xəbər verir ki, Prezident İlham Əliyev görüşdə çıxış edərək deyib:

- Hörmətli Qurban Səidoviç, Siz bu yaxınlarda yubileyinizi qeyd etmisiniz. İlk növbədə, Sizi bu əlamətdar hadisə münasibətilə təbrik edirəm. Sizə, yaxınlarınıza, ailənizə əmin-amanlıq, xoşbəxtlik diləyir və ən xoş arzularımı çatdırıram.

Sizin ailəniz haqlı olaraq həm Azərbaycanda, həm də Dağıstanda böyük hörmət qazanıb. Sizin atanız, ağsaqqal, mərhum Səid Camaloviç ilə unudulmaz görüşləri həmişə xatırlayıram. Əlbəttə, biz Sizinlə Səid Camaloviçin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu ilə dostluğunu yaxşı xatırlayırıq. Onların yaxın, səmimi münasibətləri dostluq və qardaşlıq nümunəsi idi. Azərbaycan üçün ağır zamanlarda da biz dağıstanlı qardaşlarımızın dəstəyini daim hiss edirdik.

Xatırlayırsınız, mən Prezident olanda Səid Camaloviç ilə dəfələrlə görüşmüşdük, bax, elə bu otaqda, mükafatlar təqdim etmişik. Bütün bunlar yaddaşımızdadır, bu, ortaq tarixdir. Bizi ortaq tariximiz və Azərbaycan ilə Dağıstanı bütövlükdə həm ümumi tarix, həm də sıx qohumluq bağları, ortaq coğrafiya və əminəm ki, ümumi gələcək birləşdirir. Azərbaycan və Dağıstan xalqları arasında sıx münasibətlər Qafqazda sabitliyin, inkişafın və tərəqqinin mühüm amilidir.

Həm Səid Camaloviç, həm də onun layiqli davamçısı olan Siz xalqlarımızı daha da yaxınlaşdırmaq, ümumi təhlükəsizlik və sabitlik sisteminin vacib amili olan regionlarımızın iqtisadi inkişafına və ümumilikdə insanlar arasında münasibətlərə ardıcıl töhfə vermək üçün həmişə çox iş görmüsünüz və görürsünüz.

Ağsaqqallardan söz düşmüşkən, Dağıstan və dağıstanlılar üçün çətin vaxtlarda – Böyük Vətən müharibəsi illərində respublikaya başçılıq edən və Şimali Qafqazın başqa xalqlarından fərqli olaraq dağıstanlıların repressiyalara və deportasiyalara məruz qalmaması naminə çox iş görən mənim babam Əziz Əliyevi xatırlamaya bilmərəm. Bilirəm ki, Əziz Əliyevin xatirəsi Dağıstanda çox əziz tutulur və onun inkişafa verdiyi töhfələr, ən əsası isə müharibənin çox çətin dövründə respublikaya rəhbərlik etməsi və xoş izlər qoyması, əlbəttə ki, bizim üçün və onun nəvəsi kimi mənim üçün qürur mənbəyidir.

Mənim otağımda heykəl var. Bu heykəl Mahaçqalada Əziz Əliyevin kabinetində olub. Dağıstanlılar onu qoruyub saxlayıb və bu yaxınlarda mənə bağışlayıblar. Mənim nə bu otağımda, nə də digər iş kabinetlərimdə heç bir heykəl yoxdur, təkcə bu var. Bu, təəssüf ki, mən xatırlamıram, amma həm azərbaycanlıların, həm də dağıstanlıların tarixi yaddaşında yaşayan babamın yadigarıdır. Beləliklə, bizim ortaq cəhətlərimiz çoxdur və bir daha demək istəyirəm: Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi bir çox hallarda bütün Qafqaz regionunun davamlı inkişafından asılıdır.

Bu gün Sizi şəxsən təbrik etməyimə çox şadam, artıq öz təbriklərimi çatdırmışam və Sizin yüksək dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif olunmağınız barədə Sərəncam imzalamışam. İndi həmin ordeni Sizə şəxsən təqdim etmək istəyirəm.

***

Dövlət başçısı ordeni Qurban Qurbanova təqdim edib.

***

Qurban Qurbanov deyib: “İlham Heydər oğlu, diqqətinizdən və ilk növbədə atama, qardaşıma və indi də mənə verdiyiniz yüksək mükafatdan çox təsirləndim. Haqlı olaraq qeyd etdiyiniz kimi, Heydər Əlirza oğlu ilə Səid Camaloviç arasında olan səmimi dostluğu həmişə qiymətləndirəcək və qoruyub saxlayacağıq”.

Qurban Qurbanov atası ilə Ulu Öndərin səmimi münasibətlərinin Azərbaycanla Rusiya Federasiyası və Dağıstan arasında dostluğun möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıdığını deyib. O, Dağıstanda tanınmış dövlət xadimi Əziz Əliyevin xatirəsinin böyük rəğbətlə anıldığını qeyd edib.

Qurban Qurbanov deyib: “Bilirsiniz, dağıstanlılar Əziz Əliyevi çox hörmətlə anır və xatırlayırlar. Mahaçqalada Əziz Əliyevin gözəl, yaxşı və möhtəşəm bir abidəsi var. Onun adını daşıyan çoxlu küçələr var. Bu, bir tarixdir, hamı onun haqqında həmişə açıq danışır və bununla fəxr edir”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Baş nazir prezidentin qərarını tənqid etdi

Polşa Baş naziri Donald Tusk Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini Polşanın ən yüksək dövlət mükafatı olan "Ağ Qartal" ordenindən məhrum etmək qərarına tənqidi reaksiya verib.

Yasamalda torpaq niyə bahadır? - 700, 800 min...

Yasamal və Yeni Yasamal bir vaxtlar paytaxtda nisbətən əlçatan qiymətə torpaq tapılan əsas ərazilərdən biri idi. Son illər isə vəziyyət dəyişib və bəzi elanlarda 4-5 sot torpaq sahəsinin qiyməti 700-800 min manata, hətta daha yüksək rəqəmlərə qədər yüksəlib. Bu artım bazarın real vəziyyətini, yoxsa süni qiymət formalaşmasını müzakirə mövzusuna çevirib.

Jurnalist vəsiqəsi ilə bağlı yeni qərar

Milli Məclisin iclasında “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Nikah müqaviləsi son illərdə evlənməyə hazırlaşan cütlüklər arasında daha çox maraq doğuran hüquqi sənədlərdən birinə çevrilib. Bu müqavilə boşanma və ya əmlak bölgüsü zamanı tərəflərin hüquqlarını əvvəlcədən müəyyən etməyə imkan verir. Bəs nikah müqaviləsi hansı hüquqi təminatları yaradır və hansı məsələləri bu sənədlə tənzimləmək mümkün deyil?

Bu sürücülər kəmər taxmaya bilər

Son dövrlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydaların tətbiqi və nəzarətin gücləndirilməsi fonunda təhlükəsizlik kəmərindən istifadə məsələsi yenidən gündəmə gətirilib. Ümumilikdə avtomobil idarə edərkən və ya sərnişin qismində hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması məcburi hesab olunur və bu qayda yol-nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısının alınmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, qanunvericilikdə bəzi hallarda təhlükəsizlik kəmərinin taxılmamasına dair istisnalar da nəzərdə tutulub. Bu istisnaların hansı kateqoriyalara aid olduğu və hansı şərtlər daxilində tətbiq edildiyi isə sürücülər və sərnişinlər arasında tez-tez maraq doğuran məsələlərdəndir.