Badamdarda sürüşmə sahəsində gərgin vəziyyət hələ də davam edir. Bu barədə “Yeni Müsavat”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib. O bildirib ki, hazırda sürüşmə zonasının üzərində xırda uçqun prosesləri davam edir:
“Sürüşmə zolağının sağ və sol hissəsində qeydə alınan çatların parametrlərində nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb. Lakin onu da qeyd edim ki, sürüşmə artıq ərazidəki evlərin tam yaxınlığındadır. Süxurlar olduqca nəmlidir və vertikal sürüşüb”.
Ekspert Əzim Məsimov “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, Bakıda növbəti sürüşmə zonası Xocasən ərazisində baş verəcək. Ekspertin sözlərinə görə, buna səbəb Xocasən gölü kimi tanınan kanalizasiya sularının toplandığı yerdir. Əziz Qaralov söylədi ki, hazırda həmin ərazidə hansısa sürüşmə faktı qeydə alınmayıb: “Xocasəndə bizim sürüşmə yeri yoxdur. Doğrudur ki, Xocasən gölü daşır, yağıntılar olan zaman ərazini basır. Əvvəllər həmin gölün suyu dənizə axıdılırdı. İndi isə gölün səviyyəsi qalxır. Axar olsaydı bu, daha uyğun idi. Müraciətlər bizə subasmalarla bağlı olurdu. Ancaq hələ ki həmin ərazidə sürüşmə faktı yoxdur”.
Həmçinin Zığ şosesində də sürüşmə aktivdir. Orada da sürüşmənin qarşısını almaq üçün bərkitmə işləri aparılır.
Bu ərazilər barəsində hər gün mətbuatda materiallar dərc olunur, müvafiq qurumlar tərəfindən açıqlamalar verilir. Lakin Bayıl ərazisi demək olar ki, unudulub.

“Yeni Müsavat”a danışan Bayıl yamacındakı sürüşmə zonasında yaşayan sakin Elməddin Muradlı bildirib ki, artıq camaat öz evlərinə qayıdıb, dövlət isə kirayə pullarını kəsib: “Keçən həftənin axırında yığışıb, icra hakimiyyətinə getdik ki, heç olmasa qazı versinlər. Çünki hava soyuyub. Dedilər ki, heç bir evə qaz verilməyəcək, verilənlərin də qazını gəlib kəsəcəklər. Səbayel Rayon İcra Hakimiyyəti və Nazirlər Kabinetinin aidiyyəti qurumları sanki camaatı ələ salırlar. Hələ fevral ayında ailələri kirayə köçürən zaman deyirdilər ki, yaxın zamanlarda yekun qərar veriləcək. Artıq hadisənin üstündən 8 ay keçib, yenə də eyni şeyi deyirlər. Bildirirlər ki, gedin kirayədə qalın, sonrasına baxacağıq. Bu nə deməkdir axı? Təxminən 6 ailədən başqa hər kəs kirayə mənzillərdən çıxıb, öz evinə gəlib. Onların da kirayə pulları kəsilib. Heç kim də kirayə pulunu tələb etmir. Orada yaşayan insanların hamısı zəhmətkeş adamlardır. Kirayə pulu olmayanda bəyəm acından ölürdülər? Sadəcə, insanları gərginlik altında saxlamaq doğru deyil. Bizi narahat edən məsələ budur. Bizdə olan məlumata görə, məmurların qəti fikri budur ki, Bayılı köçürsünlər. Sürüşməyə əsas səbəb olan sudur, kanalizasiya xətləridir, ancaq hələ də orada su küçəyə axıdılır. Bu proses bir gün də dayanmayıb. Yaxşı, əgər sakinlərin qayğısına qalırlarsa, nə üçün sürüşmənin qarşısını almaq üçün bu xətləri bərpa etmirlər? O küçələrdən hər gün su axır. Sürüşməni ağırlaşdıran halların hamsına münbit şərait yaradırlar. Deməli, konkret məqsədləri budur ki, ərazini köçürsünlər. Artıq camaat bezib. Deyirlər ki, köçürsəydilər, bu mənəvi əzabdan canımız qurtarardı”.

Sakinlər bildirirlər ki, Eldar Əzizov onlara 3 ay ərzində yekun qərara gələcəklərini söyləyib. Lakin hazırda susur:
“Eldar Əzizovun hazırda Səbayel Rayon İcra Hakimiyyətinə qalan keçmiş iş yoldaşları isə bizə deyirlər ki, sizi gəlib yenə də kirayə mənzillərə köçürəcəyik, sonra fikirləşəcəyik ki, nə edək. Bu nə oyundur? Məktəbə gedəni, yası düşəni, toy edəni var. Camaat çətin durumdadır. Köçürmək istəyirlərsə, konkret qərar versinlər. Mətbuatda sakinlərin şikayəti gedən kimi gəlirlər ki, işığınızı, qazınızı kəsəcəyik, danışmayın. Hətta bəzi məmurlar gəlib, su, işıq xəttini qoşmaq üçün sakinlərdən pul da istəyib. İnsanların çətin anında bu cür əməllərlə məşğul olmaq anlaşılmazdır. Orada yaşayanların əksəriyyəti məcburi köçkünlərdir. Bu adamlar keflərindən orada yaşamırlar. Zülümlə ev tikib, ərazidə məskunlaşıblar. İndi də gedəcək rayonları, başqa evləri yoxdur. Bunu dərk etmək çətin məsələdir?”
“Yeni Müsavat”


