banner
banner

Gündəm

Aslan İsmayılov xalqı təhqir etdi - iş adamı sərt reaksiya verdi

Aslan İsmayılov xalqı təhqir etdi

Hüquqşünas Aslan İsmayılovun oktyabrın 22-də öz facebook səhifəsində paylaşdığı videomüraciət ciddi etiraz doğurub. Hüquqşünas yüksək rütbəli dövlət məmurlarının ünvanına təhqiramiz ifadələr işlədib. Bu azmış kimi, A.İsmayılov xalqımızın da ünvanına xoşagəlməyən ifadələrə yol verib.

A.İsmayılov videomüraciəti etməsinə səbəb kimi, məhkəməyə aparılması üçün yaşadığı ünvana gələn polisləri göstərib.

Hüquqşünasın indiyə qədər Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, tanınmış iş adamı Mürvət Həsənli ilə arasında olan məhkəmə prosesini uduzduğu və Binəqədi məhkəməsində belə bir halı yaşaya biləcəyini duyduğu üçün facebook səhifəsində canlı yayım edib. Çünki indiyə qədər bir neçə dəfə o, məhkəmədə iştirakdan yayınıb. Bu səbəbdən onun yaşadığı ünvana polislər göndərilib.

 A.İsmayılov səhifəsinin 300 minə yaxın izləyicisi olmasına baxmayaraq, məhkəmə proseslərinə 50-60 nəfər gəldiyi üçün xalqa yönəlik “siz ölümə məhkumsunuz” ifadələri işlədib. O, xalqı mübarizə aparmaqdan qorxmaqda günahlandırıb. Vaxtilə vəkil kimi fəaliyyət göstərən A.İsmayılov insanların hüquqlarını müdafiə etməsi adı altında onlara minnət də qoyub və bundan sonra belə etməyəcəyini söyləyib.

Etika xatirinə  A.İsmayılovun dövlət məmurları, xalqla bağlı işlətdiyi bəzi ifadələri təqdim etməyi lüzum bilmirik.

M.Həsənli “Yeni Müsavat”a açıqlamasında şəxsinə yönəlik ittihamlar səsləndirən hüquqşünasa sərt cavab verdi:“Çıxışında o, öz iyrənc sifətini ortaya qoydu. Azərbaycan məhkəmələrinin çıxardığı qərarlarla razılaşmayan və yaşadığı ünvana polislərin getdiyindən qəzəblənən hüquqşünas qanunları və etik normaları ayaq altına ataraq, dövlət orqanlarında fəaliyyət göstərən bütün məmurları hədəfə çevirdi. Sanki hüququn aliliyini tanımayan bu adam məhkəmədə uduzmağının qisasını bütünlüklə Azərbaycan dövlətindən alırdı. Hakimiyyətin, demək olar ki, bütün qollarına qarşı eyni anda hücuma keçən Aslan İsmayılov bununla kifayətlənmir, onun avantürist mövqeyini dəstəkləməyən xalqımızı da qamçılayırdı. Açıq şəkildə ”Mən artıq bu xalqdan heç nə gözləmirəm, başına gələn müsibətlərə layiqdir" deyən və utanmadan özünü “ziyalı” adlandıran bu adam həmin mövqeyi ilə şəxsi mənfəətini bütün ali dəyərlərdən üstün tutduğunu nümayiş etdirirdi".

Avantürist siyasətinə dəstək verməyən şəhid ailələrini, döyüşlərdə yaralanan, bədən üzvlərini itirən qəhrəman oğullarımızı, canıyla əlləşən xərçəng xəstələrini belə qınaq obyektinə çevirən hüquqşünasın xudpəsəndliyinə heyrətləndiyini deyən iş adamının fikrincə, bu ikrah doğuran mövqe Aslan İsmayılovun ilk belə addımı deyil:"Yadınızdadırsa, bir müddət əvvəl Qarabağla bağlı mitinq ərəfəsində eyni mövqedən çıxış edən Aslan İsmayılov bundan sonra qaçqınlara da hüquqi yardım göstərməyəcəyini bildirmişdi. Onun bu fikirlərini dinlədikcə yadıma eşitdiyim bir əhvalat düşürdü. Rəvayətə görə, bir gün əldən-ayaqdan düşmüş qoca bir kişi ayaqyoluna gedir. İşini bitirdikdən sonra aftafasında suyun olmadığını görən ağsaqqal həyat yoldaşını çağırır. Həyat yoldaşı cavab verməyincə bağıra-bağıra qalır. Hər çağırışından sonra arvadının sülaləsini ən ağır küçə söyüşləri ilə söyür. Saatlarla tualetdə bağıran kişinin səsini eşidən qonşular vəziyyət barədə qulağı yaxşı eşitməyən qarı nənəyə məlumat verirlər. Qarı nənə ayaqyoluna yaxınlaşarkən kişi yenə öz söyüşlərinə davam edirmiş. Axırda bu qədər söyüşə tab gətirməyən qarı ağsaqqaldan soruşur:

- Ay Mamed kişi, axı nəylə?

İndi qarı nənənin sözü olmasın, ay Aslan İsmayılov, sən qaçqına, veterana, xəstəyə hüquqi xidmət göstərməyəcəyini deyirsən. Axı sən necə hüquqi xidmət göstərə bilərsən ki, heç vəkil də, nümayəndə də deyilsən?"

Aslan İsmayılovun öz müvəkkillərinə və xalqa qoyduğu bu minnətin nə hüquqda, nə mənəviyyatda yeri olmadığını deyən iş adamı fikirlərini belə əsaslandırdı: “Əvvəla, Aslan İsmayılovu yaxından tanıyanlar bilir ki, o, haqqını almadan heç atasına da hüquqi yardım göstərməz. Əgər göstərdiyin xidmətin müqabilini alıbsansa, hansı üzlə insanları özünə borclu sayırsan? İnsanları siyasi və mənəvi basqı altına saxlamaq, ”öz mövqeyindən asılı olmayaraq, mütləq, mənə dəstək verməlisən" demək, səni müdafiə etməyənlərin ünvanına təhqirlər yağdırmaq ədalətli və qanunidir? Özgə vaxt kimlərisə qeyri-demokratiklikdə ittiham edənlərin indi “ya mənimlə, ya mənə qarşı ol” məntiqi ilə məsələlərə yanaşması əsl diktatorluq əxlaqı deyilmi?

İkincisi, hüquqi yardıma möhtac birisinə əlindən gələni əsirgəməmək hər bir vəkilin peşə borcudur. Təsadüfi deyil ki, öz hüququnu müdafiə etməyə maddi imkanı çatmayan müttəhimlər dövlət tərəfindən vəkillə təmin olunurlar. Heç bir vəkil də bu borcundan imtina etməyə haqqı çatmır. Aslan İsmayılovun sözlərindən isə belə çıxır ki, peşə borcunu yerinə yetirərkən müvəkkillərini özünün qoyun sürüsü hesab edir. O, çomağını hansı tərəfə tutursa, qoyunları da o tərəfə getməlidir. Müvəkkilinə, xalqına, dövlətinə bu qədər xor baxan birini ağlı başında olan kimsə dəstəkləyərmi?"

YM



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.