Dekabrın 10-da İranın Sərhəd Qoşunları komandanı general-mayor Qasım Rzayi iki ölkə sərhəd komandanlarının iclasında iştirak etmək üçün Azərbaycana səfərə gəlib. Səfər Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə baş tutub. İranlı generalın səfərinin əsas məqsədi iki ölkə arasında münasibətlərin gücləndirilməsi və müştərək sərhədlərin təhlükəsizliyinin artırılmasıdır.
General Rzayi və rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də ölkə başçısı İlham Əliyevin qəbulunda olub. Dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev iki ölkə vətəndaşlarının, iş adamlarının gediş-gəlişinin, yükdaşımalarının həyata keçirildiyini vurğulayaraq, İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirib. Ölkələrimizin sərhəd xidməti rəhbərlərinin görüşünün önəmini qeyd edən dövlət başçısı İran-Azərbaycan əlaqələrinin inkişafında Sərhəd Qoşunları xidmətlərinin əməkdaşlığının mühüm yer tutduğunu deyib. Prezident İlham Əliyev İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinın ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ölkəmizlə bağlı xoş hisslərini ifadə edərək, prezident İlham Əliyevə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. O, Azərbaycan prezidenti ilə yenidən görüşməkdən, dövlət başçısının iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini və mənalı fikirlərini eşitməkdən məmnunluq hissi keçirdiyini deyib, Bakıya səfərlərinin onlarda xoş xatirələr doğurduğunu bildirib. Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov da dekabrın 11-də general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. General-polkovnik Z.Həsənov regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bölgədəki sabitliyə ciddi təhdid təşkil etdiyini qonaqların diqqətinə çatdırıb.
İki dövlət arasındakı dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını, ölkələrimiz arasında bir çox istiqamətlərdəki kimi hərbi sahədə də əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayan general-mayor Q.Rzayi ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bəyan edib.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyalarının ikinci və ən ağır mərhələsi noyabr ayının əvvəlində başlayıb və Tehran hakimiyyəti üçün ağır sınağa çevrilib. Və təbii ki, bu zaman İranın qonşularına, xüsusən də Azərbaycan kimi böyük nəqliyyat infrastrukturu olan ölkəyə ehtiyacı olacaq.
Azərbaycan İranın xarici ticarət yollarından birini təşkil edə bilər. Bakı son illərdə güclü nəqliyyat infrastrukturu yaradıb, İranla dəmir yol xətlərini birləşdirir. Bu isə Tehranın Rusiya da daxil olmaqla, Avropa ilə yeni əlaqə vasitəsi deməkdir. Təbii ki, Azərbaycan üzərindən Tehran embarqolar dövründə ciddi həcmdə ticarət fəaliyyəti apara bilər. Hətta sırf maraqlar prizmasından yanaşdıqda belə kasıb, beynəlxalq tranzit yollarından kənarda qalan Ermənistanla müqayisədə Azərbaycan daha sərfəli tərəfdaşdır. Bu səbəbdən də son aylarda İranın müvafiq dövlət qurumlarının rəhbərlərinin Bakıya səfərlərinin sayı intensivləşib.
Bu məsələnin ikinci tərəfi İrana gözlənilən təxribat riskləriridir. Son bir ildə İranda xarici ölkələrin dəstəklədiyi qüvvələrin törətdiyi təxribatlar baş verib. Ötən ilin dekabrında ölkəni bürüyən etiraz dalğasının arxasından xarici kəşfiyyat orqanları çıxdı. Bu ilin sentyabrında isə ərəblər yaşayan Əhvaz şəhərində İran ordusuna qarşı terror hücumu baş verdi. Ötən ay isə İran ordusunun 14 hərbçisi Pakistanla həmsərhəd Sistan-Bəlucistan əyalətində qaçırılaraq Pakistana aparılıb. Yəni indi Tehran sərhədlərdən gələn təxribatlardan çox narahatdır. Pakistan hakimiyyəti üzərində İranla hazırda düşmən münasibətləri olan Səudiyyə Ərəbistanının ciddi təsir imkanları var. Pakistanın yeni baş naziri İmran Xan İranla münasibətlərin istiləşməsində maraqlı olduğunu bəyan etsə də, sərhədçilərin qaçırılması hadisəsi onu göstərir ki, iki ölkə arasında münasibətlərin pisləşməsinə çalışan ciddi qüvvələr var.
Doğrudur, elə İranın sərhəd qoşunlarının rəhbəri bir qədər əvvəl bəyan edib ki, İran-Azərbaycan sərhədi ən etibarlı və yaxşı qorunan sərhəddir. Ancaq o da maraqlıdır ki, bu bəyanatdan sonra İran-Azərbaycan sərhədində iki dəfə sərhəd pozuculuğu hadisəsi baş verib, Azərbaycan sərhədçilərinə silahlı hücum qeydə alınıb. Bu isə o deməkdir ki, iki ölkə arasındakı sərhəddə təxribat yaratmağa çalışan qüvvələr var.
Bu səbəbdən Bakıya gələn iranlı generalın gündəmində sərhədlərin daha yaxşı mühafizəsi, mümkün təxribatların qarşısının birgə alınması ilə yanaşı embarqolar dövründə daha yaxşı və problemsiz sərhəd əlaqələrinin qurulması ola bilir.


