banner
banner

Gündəm

Misir Mərdanov Əli İnsanovdan danışdı

Misir Mərdanov Əli İnsanovdan danışdı

Keçmiş təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov avtomobil qəzasına düşüb.

Bu barədə ONA-ya Misir Mərdanovun özü məlumat verib. O bildirib ki, bir neçə gün əvvəl avtomobil qəzasına düşüb: “Qəza nəticəsində bir az bədən xəsarətləri almışam. Hazırda isə müalicə olunuram”.

M.Mərdanov qəzanın təfərrüatları barədə əlavə məlumat vermək istəməyib. Hələ nazir işlədiyi dövrdə mətbuata açıq olan Misir müəllimlə danışıb həm qəza ilə bağlı “keçmiş olsun” demək, həm də gündəmin ən aktual mövzularından biri ilə bağlı suallarımıza cavab almaq istədik. 

- Misir müəllim, çox keçmiş olsun. Mətbuatdan oxuduq ki, qəzaya düşmüşünüz. Hazırda sağlıq durumunuz necədir?

- Çox sağ olun. Hazırda durumum yaxşıdır, heç bir narahatlıq yoxdur.

- Deməli, artıq iş başındasınız?

- Bəli.

- Ağır qəza keçirmişdiniz, yoxsa yüngül?

- Yox, yüngül qəza idi.

- Misir müəllim, sabiq səhiyyə naziri Əli İnsanov əfv olunandan sonra onun bir sıra keçmiş komanda yoldaşlarından reaksiya gəlib. Sizin münasibətiniz çox maraqlıdır...

- Yox. Mən bu barədə danışmaq istəmirəm.

- Hətta Əli Nağıyev də sabiq səhiyyə naziri barədə danışıb, hansı ki, vaxtilə Əli İnsanovla münasibətlərində problemlər var idi...

- Hamısını izləyirəm, oxuyuram. Amma mənim onların heç biri ilə işim yoxdur. Allah işlərini xeyir eləsin.

- Əli İnsanovu “Qərbi azərbaycanlıların ağsaqqalı” kimi təqdim edirlər. Buna reaksiyanız necədir?

- Olsun. Özü bilər. Belə hesab edənlər eləsinlər.

- Bəs siz necə hesab edirsiniz, qərbi azərbaycanlıların ağsaqqalı kimdir?

- Vallah, vaxtilə Heydər Əliyev olub. İndiki prezidentimizin də həm ana babası, həm də ata babası ordandır. Vəssalam! Xalqın da böyük əksəriyyəti onlara səs verib. Ona görə də hesab edirəm ki, başqa ağsaqqal axtarmağın mənası yoxdur.

- Düşündüm, deyəcəksiniz, heç mənim də yaşım az deyil...

- Yox. Mən heç zaman elə söz demərəm.

- Mövcud situasiyada regional amili qabardanlara sözünüz nədir?

- O bizim ümumi işimizin ziyanınadır. Azərbaycanın ziyanınadır. Azərbaycanı bölgələrə bölmək olmaz. Bir Azərbaycan var, qurtardı getdi!

- Siz də uzun müddət təhsil naziri vəzifəsində çalışmışınız. Nazirliyə işə qəbul məsələsində regional amilə yer ayırırdınızmı?

- Qəti şəkildə! Heç bir zaman! Kim istəyirsə, siyahıya baxa bilər, görər ki, kim var, kim yox. Heç bir zaman elə bir hal olmayıb. Bu gün də mənim iş təcrübəmdə elə bir şey yoxdur, olmayıb da.

- Misir müəllim, hər halda, sizin də təcrübəniz və yaşınız az deyil, görüşmək imkanı yaransa, həm keçmiş həmkar, həm həmyerli olaraq Əli İnsanova nə məsləhət verərdiniz?

- Şəxsən mən bu yaşda yenidən siyasətə qayıdıb, siyasətlə məşğul olmazdım. Mən olsam... Allah eləməsin. Amma məşğul olmazdım. İşimlə məşğul olardım. Aliməm, alimliklə, həkiməm, həkimliklə... Nəyə lazımdır? İndi mənim 73 yaşım var. Təzədən gedib yenidən kiməsə qoşulmaq... Mənə elə gəlir ki, bu, yanlışlıq olardı. Nə olubsa, olub, qurtarıb daha.

- Belə çıxır ki, Əli İnsanov həbsdən çıxandan sonra “keçmiş olsun” deməmisiniz?

- Yox, mənim onunla heç bir əlaqəm olmayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.