banner
banner

Gündəm

İsmayıllıda torpaq saxtakarlığı: prokurorluq araşdırır

İsmayıllıda torpaq saxtakarlığı: prokurorluq araşdırır

Rayonun Tircan kənd icra nümayəndəsi Əhməd Əhmədovun himayə etdiyi Əflatun Həsrətovun sahibkar Dönməz Məmmədova qarşı “sənəd işi”nə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində baxılır.

Sahibkar Dönməz Məmmədov Abdulxalid oğlu “Yeni Müsavat”a təşrif buyurub və başına gələnləri danışıb.

İş adamına İsmayıllı rayonu, Tircan kənd icra nümayəndəsi Əhməd Əhmədov və Əflatun Həsrətov adlı şəxs işləməyə imkan vermirlər.

Onun sözlərinə görə, 2012-ci ildə sahibkar kimi İsmayıllının Tircan kəndində 15 hektar ərazini icarəyə götürüb: “Maldarlıq və arıçılığı inkişaf etdirməyə başladıq. Həmin vaxt mənə məlumat verildi ki, Tircan kənd icra nümayəndəsi Əhməd Əhmədov barəmdə müəyyən söz-söhbətlər yaradır, amma əhəmiyyət vermirdim. Ora yerləşməyimlə bağlı yalan söhbətlər yayırdı. Sonra mən sahibkar Rabil Əhmədzadə ilə Tircanda müştərək heyvandarlıq yaratdıq.

Bizim təsərrüfat böyüməyə başladı, 200-dən çox iribuynuzlu mal-heyvan olduğuna görə ərazini genişləndirmək istədik.

Mən yenidən Tircan kənd bələdiyyəsinə müraciət etdim. Bizim olduğumuz ərazidən, yəni Tircan kəndindən 90 kilometr aralıda boş sahə olduğuna görə kadastrla 66 hektar üçün müraciət etdik.

Beləcə, dövlət rüsumunu ödədik, yeri aldıq, ancaq 10-15 gün sonra mübahisəli yer problemi ortaya çıxmağa başladı. Guya 2004-cü ildən həmin ərazinin 5 hektarı başqa birinə məxsusdur.

Amma bu söz bizə şifahi şəkildə deyildi, heç bir sənəd-sübut ortaya qoyulmadı. Mən məsələni aydınlaşdırmaq üçün 2017-ci ilin martında İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etməli oldum", - deyə D.Məmmədov qeyd edir.

Sahibkar İsmayıllı RİH-də olanda sözügedən 5 hektar əraziyə iddialı şəxsi orada görüb: “Orada Həsrətov Əflatun Ağayar oğlunun mənə göstərdiyi sənədin saxta olduğunu anladım. O, saxta sənəd göstərdiyini bilib məndən 3 ay möhlət istədi, dedi ki, bəs yeri başqasına satmışam, mənə vaxt ver, onu aldadacam ki, iş məhkəmədədir və s. Mənə dedi ki, üç ayda sonra yer sənindir, halalındır. Amma bir ay sonra mənə məlumat verildi ki, bu adamlar saxta sənədlərdə dəyişiklik etməyə çalışırlar. Deyildi ki, Həsrətov Əflatunun arxivdə sənədi yoxdur. Buna baxmayaraq, dəqiqləşdirmək üçün Milli Arxiv İdarəsinə teleqram vurduq. İdarədə araşdırıldı ki, Həsrətovun arxivdə həqiqətən də heç bir sənədi yoxdur. Sonra dəfələrlə İsmayıllı Rayon Məhkəməsinə müraciət etdim, di gəl ki, sənədlərim qəbul olunmadı. Polis və prokurorluğa da yazdım, ancaq araşdırılmadı.

Nəhayət, 2017-ci il 8 noyabrda İsmayıllı Dövlət Arxivinə getdim. Şərikim Rabil Əhmədzadənin adına olan torpağın sənədinin olub-olmaması barədə arayış istədim.

Orada baş idarənin müdiri İsa müəllim dedi ki, Həsrətov Əflatun ora-bura şikayət edir, amma əlində heç bir sənədi də yoxdur. 

İsa müəllim Rabil Əhmədzadə adına 2004-cü ilin sənədinin orijinalını çıxardı, özü də əslini bizə təqdim etdi.

Bundan sonra məni İsmayıllı RİH-ə çağırdılar. İH əməkdaşları, Tircan icra nümayəndəsi, bələdiyyə sədri və Əflatun Həsrətov orada idilər.

İcra nümayəndəsi dedi ki, Əflatunun adına sənəd tapılıb, onu gətirin. Mən etiraz elədim, dedim ki, onun adına sənəd yoxdur.

Amma necə oldusa, İcra Hakimiyyətindən tapşırdılar, Milli Arxiv İdarəsində deyildi ki, Əflatun Həsrətova aid 2 sənəd əslidir, 3 surətidir.

Mən Ali Məhkəməyə və baş prokurora müraciət elədim ki, Əflatunun sənədləri yoxlanılsın. Heç bir araşdırma olmadı".

D.Məmmədovun sözlərinə görə, Ə.Həsrətov onu İsmayıllı qeydiyyatında olmadığı halda İsmayıllı Rayon Məhkəməsinə verib, iddiası təmin olunub:

“Bundan sonra prokurorluğa yollanan sorğu ilə bağlı Milli Arxiv İdarəsi təsdiqlədi ki, Əflatun Həsrətovun heç bir sənədi yoxdur.

İsmayıllı məhkəməsində vəsatət qaldırdıq ki, sənədlər ekspertizadan keçirilsin. Amma vəsatətimiz təmin olunmadı. İşi Şəki Apelyasiya məhkəməsinə verdik.

Şəki Apelyasiya Məhkəməsi şikayətimizi təmin etdi. Qarşı tərəf qərardan Ali Məhkəməyə kasasiya şikayəti verdi. Ali Məhkəmə işi Şəki Apelyasiya Məhkəməsinə qaytardı.

Biz Şəki Apelyasiya Məhkəməsinə yeni əlavə sənədlər təqdim etdik. Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə İş Mərkəzinin sənədini də göstərdik.

Lakin Şəki Apelyasiya Məhkəməsində hərbi kollegiyanın hakimi Elçin Hüseynov əleyhimizə qərar çıxardı.

Mən Ali Məhkəməyə müraciət  etməli oldum, Bələdiyyələrlə İş Mərkəzinə təzədən müraciət etdim. Bələdiyyələrlə İş Mərkəzi bildirdi ki, Əflatun Həsənovun sənədləri Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə göndərilib".

Sahibkar iddia edir ki, Ə.Həsənova himayədarlıq edən Ticran kənd icra nümayəndəsi Əhməd Əhmədovdur:

“Mənim öncədən qeyd elədiyim 66 hektar hərracdan götürə biləcəyim ərazimi kadastrdan çıxarış və məktubunu Tircan kənd icra nümayəndəsi Əhməd Əhmədov öz vəzifə səlahiyyətlərini aşaraq, qanunsuz olaraq həmin sənədi hansısa yolla əldə edib, dövlət möhürü və ştampı olan hissələrini qələmlə xətləyib, qanun pozuntusuna yol verib.

Bu halda həmin orijinal hüquqi qüvvəsini itirmiş vəziyyətdədir. Ona görə də Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində bu məsələ də araşdırılır.

Əhmədov müxtəlif yollarla məimlə danışığa gedərək bu sənədləri ifşa etməməyi xahiş edir. Mən isə əvvəldən də demişəm ki, dövlət və qanun qarşısında cavab verəcəksən.

Əhmədovun qanunsuz əməllərini təsdiqləyən faktlardan biri də 2006-cı ildə Tircan kənd sakinlərinin xəbəri olmadan, onlara məxsus torpaq sahələrini Məmmədəliyeva Nailə Eldar Qızına satmasıdır.

Faktiki olaraq, bu gün üzləşdiyim yuxarıdakı problemlərlə bağlı vergi ödədiyim ərazidən istifadə edə bilmirəm.

Əflatun Həsrətovun qardaşı Əzim Həsrətovun ailə üzvləri həmin ərazidə sahibkarlıqla məşğul olmağıma imkan vermirlər. Bu işin arxasında isə icra nümayəndəsi Əhməd Əhmədov dayanır.

Çox maraqlıdır ki, Tircan bələdiyyəsi bir sənəddə 20 hektar, digər sənəddə 65 hektar, birində isə 85 hektar göstərib. Qanuni kadastrda isə 32 hektar çıxır. Onun da 20 hektarı mübahisəlidir".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.