banner
banner

Gündəm

Bakının sürüşmə zonaları: hökumət hansı işləri aparır...

Bakının sürüşmə zonaları:

Sürüşməyə səbəb kimi qanunsuz tikililər, kanalizasiya suları və yağıntılar göstərilir...

Xüsusilə də havanın yağmurlu olduğu qış və payız aylarında ölkənin sürüşmə ərazilərində aktivlik müşahidə edilir. Ötən illər ərazində Bayıl yamacında, Badamdarda, Zığda və Masazırda sürüşmə hadisələri qeydə alınıb. Baş verən sürüşmələr nəticəsində ərazidə inşa edilən evlər uçub, əhaliyə ziyan dəyib. Müvafiq qurumlar açıqlamalarında bildirirlər ki, sürüşmə sahələrinin aktivləşməsinə səbəb həm də ərazidəki tikililərdir. Qanunsuz olaraq ərazidə evlər inşa edilən zaman yamac kəsilir, əraziyə kanalizasiya suları axıdılır. Bununla da ağırlaşan torpaq kütləsi öz yerini dəyişir.

Bakının bir neçə əsas sürüşmə ocaqları müəyyənləşib. Əhmədli şosesi, Zığ şosesi, Binəqədi, Bayıl, Badamdar, Masazır gölünün ətrafında - ümumilikdə təxminən 20 yerdə böyük sürüşmə sahəsi var. Həmin sürüşmə sahələrində 150 mindən çox əhali məskunlaşıb. Bu ərazilərdə sürüşmə sahələri geniş yayılıb və həmin ərazilər sürüşmə baxımından təhlükəli hesab edilir. Mütəxəssislərin sözlərinə görə, son 20-25 ildə Bayıl yamacında sürüşmə sahəsi daha da artıb.

Son 15 ildəki sürüşmələrin çoxu 2010-cu ildən sonrakı dövrdə baş verib. 2000-ci ildə yalnız Bayıl yamacında 1 (sürüşmə şəhərsalma qaydalarının pozulması, yamacın ağır yüklənməsi səbəbindən), 2005-ci ildə Bakının Nərimanov prospektində 2 (evlərin zirzəmilərinin su ilə dolması və Mikayıl Müşfiqin heykəlinin yanındakı çoxmərtəbəli evin bünövrəsində aparılan işlərlə əlaqədar) və Dilarə Əliyeva küçəsində 1 (tikinti zamanı 50 metrlik su kəməri borusunun partlaması nətiəsində) sürüşmə qeydə alınıb.

Bakının sürüşmə ile ilgili görsel sonucu

Masazır ərazisində sürüşmə zonalarında tez-tez aktivləşmə müşahidə olunur. Ötən illərdə  Gəncə prospekti, Yeni Günəşli ərazisində də sürüşmələr baş verib.

“Yeni Müsavat”ın əməkdaşı olaraq Xətai rayonu Gəncə prospektində olub, material da hazırlamışıq. 2012-ci ildə bu ərazidə ciddi sürüşmə baş vermişdi. Sürüşmə nəticəsində Gəncə prospekti 65 və 63 saylı yaşayış binaları da uçma təhlükəsi ilə üz-üzə idi. Binaların yaxınlığında torpaq qabarmaları açıq şəkildə müşahidə olunurdu. Həmin ərəfədə binaların sakinləri narahatlıqlarını bildirib, evlərində qorxudan rahat yata bilmədiklərini söyləyirdilər.

Daha sonra müvafiq qurumların işə qarışması ilə ərazidə ağaclar əkildi, sürüşməyə qarşı müəyyən addımlar atıldı. Hazırda həmin ərazilərdə yenə də yol çökmələri müşahidə edilir. Lakin sakinlərin sözlərinə görə, aparılan işlərin nəticəsində ciddi sürüşmə təhlükəsi mövcud deyil.

Onu da qeyd edək ki, ərazidə hələ 1990-cı illərdə sürüşmə baş verib. Belə ki, sakinlərin sözlərinə görə, orada ən güclü sürüşmə 1989-cu ildə yaşanıb və həmin vaxt sürüşmə o qədər böyük olub ki, Gəncə prospekti 53 saylı binanın birinci mərtəbəsindəki evlər də torpaq qatı ilə örtülüb. 

Bakının sürüşmə ile ilgili görsel sonucu

Azərbaycan hökuməti və müvafiq dövlət qurumları son illərdə sürüşmə sahələrini diqqət altında saxlayırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Əziz Qaralov “Yeni Müsavat”a bildirib ki, onlar mütəmadi olaraq sürüşmə sahələrində olub, ərazilərə baxış keçirirlər. Ə. Qaralov bildirib ki, yuxarıda adı sadalanan yerlər sürüşmə zonası olduğu üçün aktivlik müşahidə edilir. Lakin ciddi uçma son zamanlar qeydə alınmayıb.

Hazırda Bayıl yamacındakı sürüşmə sahəsində ciddi işlər aparılır. Əldə etdiyimiz məlumata görə, yalnız kompensasiyadan narazı qalan 12 ailə  ərazidən köçməyib, Qalan ailələr isə kompensasiya alıb, evlərini söküb, ərazidən çıxıblar. Bildirək ki, Səbayel Rayon İcra Hakimiyyəti evlərini tərk etmək istəməyənləri məcbur çıxarmır. Lakin ərazidə kommunal xətlər olmadığı üçün insanlar şəraitsizlikdən ərazidən çıxmağa məcbur qalırlar. Ayrılan vəsaitə gəlincə isə ötən ilin mayında yayılan rəsmi məlumata görə, Azərbaycan Nazirlər Kabineti Bakının Səbayel rayonu, Bayıl sürüşmə zonasında yaşayan sakinlərin köçürülməsi üçün 9 201 533 manat vəsait ayırıb. Qeyd olunub ki, həmin ərazidə 98 ailə məskunlaşıb, onlardan 6-sı 2018-ci ildə köçürülüb, 92 ailədən 27-si məcburi köçkün ailəsidir:

“Maddi yardım hər bir ailəyə 35 min manatdan az olmayaraq ödəniləcək. Vəsait ailələrin bank hesablarına köçürüləcək. Evlərin sökülməsi, abadlıq işlərinin aparılması üçün də 250 min manat vəsait nəzərdə tutulub. Maddi yardım alan məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat veriləcək ki, nəzərə alınsın. Gələcəkdə ərazidə tikinti işlərinin aparılmasına ciddi nəzarət olunacaq, bu cür hallara yol verilməyəcək”, - məlumatda bildirilib.

Bakının sürüşmə ile ilgili görsel sonucu

Hazırda digər iş aparılan ərazilərdən biri də Badamdardakı sürüşmə zonasıdır. Bu ərazidə artıq kanalizasiya xətlərinin çəkilməsinə də başlanılıb. Bildirək ki, ekspertlər ərazidə baş verən sürüşmənin məhz kanalizasiya sularına görə aktivləşdiyini bildirirlər. Yada salaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb. Hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müvafiq tədbirlər görürlər.

Eyni zamanda «Bibiheybət» məscidinin yaxınlığında da bu il yol çökməsi halı yaşandı. Orada da Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işlər aparılır. Ərazidən keçən yol qısa müddət ərzində təmir olunaraq istifadəyə verilib. Ekspertlər bildirirlər ki, dövlət tərəfindən Bakının kənd və qəsəbələri, sürüşmə ərazilərində kanalizasiya sistemi qurulmasa, o zaman Bakını gələcəkdə daha böyük təhlükələr gözləyir. Ekspert Əzim Məsimov “Yeni Müsavat”a bildirib ki, növbəti sürüşmə hadisəsi Xocasən yaxınlığında baş verəcək. Çünki həmin ərazidə də kanalizasiya sistemi yoxdur və torpaq artıq doymuş vəziyyətə gəlib.

Bildirək ki, hazırda Yeni Ramana ərazisində də ciddi subasma halları yaşanır. “Yeni Müsavat”a şikayət edən sakinlər bildiriblər ki, evlərinin altı qrunt suları ilə dolub. İcra hakimiyyəti isə heç bir yardım etmir. Məlumat üçün bildirək ki, həmin ərazidə də kanalizasiya və su xətlərinin çəkilməsi üçün dövlət vəsaiti ayrılıb və orada da ötən ildən etibarən işlər aparılır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.