Yaxın qonşumuz olan İranda ölümcül koronavirusun yayılması Azərbaycanda əhali arasında ciddi rezonansa, hökumətin isə bir sıra addımlar atmasına səbəb olub.
Belə ki, fevralın 23-də Azərbaycan hökuməti İranla sərhəddə yerləşən Astara və Biləsuvar gömrük sərhəd keçid məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işlərinin aparıldığını, buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edildiyini açıqlayıb. Dövlət Gömrük Komitəsi ölkə vətəndaşlarının zərurət yaranmadıqda İrana səyahət etməmələrini tövsiyə edib.
Fevralın 24-də isə komitənin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki, İranla həmsərhəd olan gömrük-keçid məntəqələrində sərnişinlərin gediş-gəlişi tam məhdudlaşdırılıb. O qeyd edib ki, yalnız İranda olan Azərbaycan vətəndaşlarının və Azərbaycanda olan İran vətəndaşlarının öz ölkələrinə qayıtmasına icazə verilir: “Qalan sərnişinlərin gediş-gəlişinə məhdudiyyət davam edir. Bu prosesin nə vaxta qədər davam edəcəyini dəqiq bilmirik. Çünki gömrük-keçid sərhəd məntəqələrində profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır və buna görə də həmin məntəqələrdə müəyyən məhdudiyyətlər tətbiq edilib” (virtualaz.org).

Ölkənin baş infeksionisti Cəlal İsayev vətəndaşlardan həyati vacib məsələ olmadığı təqdirdə İrana getməmələrini istəyib: “Əgər gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər. Xüsusilə də koronavirusun qeydə alındığı İranın Qum şəhərinə gedilməsin. İrana gedib qayıdan insan özündə hər hansı şübhəli hal aşkar edərsə, həkimin onu müayinə etməsini gözləmədən özü də birbaşa xəstəxanaya müraciət etməlidir”.
Baş infeksionist qeyd edib ki, Azərbaycanda bugünədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb: “Güman etmirəm ki, İrandan Azərbaycana virusun keçməsi baş versin, amma yenə də ehtiyatlı olmaq mütləqdir”.
Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilməsi barədə yayılan səs yazısı ilə bağlı rəsmi açıqlama verilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, səs yazısı həqiqəti əks etdirmir: “Hazırda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən yoxdur”.

Eyni məzmunlu səs yazısının “WhatsApp”da mesaj vasitəsilə yayılması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma nəticəsində səs yazısının müəllifi müəyyənləşdirilib. Belə ki, hüquq-mühafizə orqanlarından virtualaz.org-a verilən məlumata görə, xüsusi tədbirlər nəticəsində Bakıda koronavirusun aşkarlanması barədə yalan məlumat yayan şəxsin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, həmin şəxs həkimdir. Onu söhbət etmək üçün dəvət ediblər. O, yalan şayiələri hansı məqsədlə yayması ilə bağlı suala cavab olaraq, zarafat etmək istədiyini açıqlayıb. Ona yanlış məlumat yaydığına görə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilib və sərbəst buraxılıb.
Dünən gün ərzində sosial şəbəkələrdə yayılan daha bir məlumatla bağlı rəsmi açıqlama verilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İranın Məşhəd şəhərindən ziyarətdən gələn iki nəfərin koronavirusa yoluxma şübhəsi ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilməsi xəbərini təkzib edib. Eyni açıqlama ilə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də çıxış edib.

Azərbaycan əhalisi arasında yaranmış təlaşı nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da məsələyə münasibət bildirib. ÜST saxta xəbərlərə etibar etməməyi, xəbərləri yalnız Azərbaycandakı rəsmi qurumlardan və qurumun sosial şəbəkələrdəki səhifələrindən oxumağı məsləhət görüb.
Qeyd olunub ki, yayılmış əsassız xəbərlər koronavirus xəstəliyindən (COVID-19) daha təhlükəlidir: “Hazırda Azərbaycanda koronavirus xəstəliyinə (COVID-19) yoluxma halı qeydə alınmayıb. Ümumdünya Səhiyyə Təşkilatı aidiyyəti qurumlarla daimi təmasdadır. Ölkədə koronavirusa yoluxma halının müəyyənləşdirilməsi üçün diaqnostik alətlər dəsti mövcuddur və şübhəli şəxslərdən götürülən nümunələrin diaqnostikası həmin alətlər vasitəsilə aparılacaq”.
Maraqlıdır ki, ÜST beynəlxalq səfərlərlə bağlı hər hansı bir məhdudiyyətin tətbiq olunmasını tövsiyə etmir. Yalnız səfərdən öncə, ərzində və ya sonra respirator xəstəliklərin simptomları müşahidə olunarsa, səfər edən şəxslərin həkimə müraciət etmələri və səyahət tarixçələrini bölüşmələri məsləhət görülür.
İranın ziyarətgahlarına səfər təşkil edən Azərbaycan turizm şirkətlərinin bəziləri isə prosesi davam etdirirlər. Onlar srağagün və dünən Məşhəd şəhərinə zəvvarların göndərildiyini bildirirlər. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin yaydığı məlumatda isə Tehrana uçuşlara hər hansı məhdudiyyət qoyulmadığını açıqlanıb. Xidmətdən “Yeni Müsavat”a bildirildiyinə görə, “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətində yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.
Şirkətin prezidenti Cahangir Əsgərovun verdiyi açıqlamaya görə, “Buta Airways” Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır: “Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında ”İran Air" aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq".
Azərbaycan Nazirlər Kabineti də koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair açıqlama yayıb. Açqılamada qeyd olunur ki, 2020-ci il yanvarın 28-də Çində yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə baş nazirin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib: “Epidemiyanın təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarında profilaktik tədbirlər görülür. Həmin tarixdən başlayaraq bütün istiqamətlərdən Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək ölkəmizdə koronavirusa yoluxma halı qeydə alınmayıb.
Son günlər İran İslam Respublikasında koronavirusa yoluxma hallarının artmasına və bəzi hallarda ölümlə nəticələnməsinə dair rəsmi məlumatların yayılmasından sonra Azərbaycan-İran sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Fevralın 22-dən başlayaraq sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır. Bu səbəbdən, keçid prosedurlarının sürəti azalıb".
Açıqlamada o da qeyd olunur ki, Azərbaycan ərazisindən tranzit yüklərin daşınması üzərində də nəzarət gücləndirilib. Yüklərin ölkəyə girişi və çıxışında əlavə sanitar-dezinfeksiya tədbirlərinin görülməsi davam etdirilir. Hökumət İran İslam Respublikasında yaranmış vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmağı tövsiyə edir: “Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir. Aidiyyəti qurumlara gücləndirilmiş rejimdə fəaliyyət göstərməyə dair tapşırıqlar verilib. Ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan bütün tədbirlər görülür və narahatlıq üçün əsas yoxdur. Epidemiyadan qorunmaq üçün ölkəmizdə kifayət qədər tibbi ləvazimatlar var.
Koronavirus epidemiyası hazırda beynəlxalq miqyaslı təhlükə olduğu üçün bu barədə təxribat xarakterli dezinformasiyalar yayılması halları da müşahidə olunmaqdadır. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi məlumatlara etibar etsinlər. Zəruri hallarda ictimaiyyətə əlavə məlumat veriləcək".
Son olaraq qeyd edək ki, İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır.
O qeyd edib ki, onların virusa yoluxan insanlarla heç bir təmasları olmayıb: “Həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək”.


