banner
banner

Hərbİ

Azərbaycan Ordusu düşmənə dərs verməyə hər an hazırdır

Azərbaycan Ordusu düşmənə dərs verməyə hər an hazırdır

Silahlı qüvvələrimiz genişmiqyaslı təlimlərə başladı; “Rus NATO-su”nun belaruslu rəhbərindən erməniləri məyus edən açıqlama: “Azərbaycana silah satışı davam edəcək...”

Dünən - martın 2-də qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunacaq.

Təlimlərin hər bir mərhələsində döyüşə hazırolmanın yüksəldilməsi nəzərə alınmaqla, qoşunların vaxtında və hərtərəfli, o cümlədən informasiya təminatının həyata keçirilməsi ilə qoşunların və silahların ən müasir idarəetmə üsullarının tətbiqi planlaşdırılaraq vəziyyətin inkişafının ən vacib məsələləri diqqətlə nəzərdən keçiriləcək. Təlimlər martın 6-dək davam edəcək.

Qeyd edək ki, bu il həm də Türkiyə ordusu ilə yeni birgə təlimlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan prezidenti İlham Əliyev qardaş ölkənin başçısı Rəcəb Tayyib Ərdoğanla ötən ayın sonunda Bakıda keçirdiyi görüşdən sonra bildirmişdi ki, bu il belə ortaq hərbi manevrlərin sayı daha çox olacaq. Keçən il onların sayı 13 olub. Bundan əlavə, Azərbaycan prezidenti Türkiyədən yeni silahların alınacağını və iki ölkənin birgə silah istehsalına başlayacağını da anons etmişdi.

Başqa sözlə, həm fərdi və birgə təlimlər, həm də qardaş ölkədən alınan yeni silahlar və birgə silah istehsalı silahlı qüvvələrimizin hərbi və döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırmış olacaq. Beləcə, Azərbaycan öz döyüş təcrübəsini mükəmməlləşdirməklə ərazilərimizi erməni tapdağından qurtarmaq üçün hazırlığını daha da artırmış olacaq. Bu sahədə isə NATO üzvü olan Türkiyənin dəstəyi danılmaz və əvəzsizdir.

*****

Vaqif Dərgahlı ile ilgili görsel sonucu

“Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir”. Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. O, Ərdoğanın Bakı səfəri çərçivəsində iki ölkə arasında hərbi və hərbi-maliyyə sahəsində əməkdaşlığa dair ötən həftə imzalanan müqavilələrə xüsusi diqqət çəkib: “Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin müdafiə naziri Hulusi Akar arasında hərbi-maliyyə əməkdaşlığına dair saziş və maliyyə yardımı haqqında protokol imzalandı. Bu sənədlərə əsasən azərbaycanlı zabit və kursantlar Türkiyənin hərbi-təhsil müəssisələrində təhsil ala biləcək və bu ölkədən Azərbaycan Ordusunun döyüş qabiliyyətini artıracaq müasir silah-sursat və hərbi texnika ölkəmizə tədarük olunacaq”.

Qurum sözçüsü xatırladıb ki, Azərbaycanla Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanıb, sonrakı illərdə isə bu sahədə bir sıra digər müqavilələr imzalanıb. “Türkiyə və Azərbaycan arasındakı hərbi əlaqələr bir sıra normativ-hüquqi aktlara söykənir. Bunlar Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının mütəmadi təşkil edilməsidir. İki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclası qarşılıqlı şəkildə Azərbaycan və Türkiyədə keçirilir. Ölkələrimiz arasında imzalanmış müqavilələr hərbi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığı əhatə edir”, - deyə o qeyd edib.

*****

O da faktdır ki, Azərbaycan qardaş Türkiyə ilə yanaşı, MDB-nin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT və ya “Rus NATO-su”) bəzi dövlətlərindən də silah və hərbi texnika alır. Bunlar əsasən Rusiya və Belarusdur. Bu da təbii ki, KTMT üzvü olan işğalçı Ermənistanda güclü qıcıq yaradır. Rəsmi İrəvan dəfələrlə Moskva və Minskin Bakıya silah-sursat satmasına qarşı çıxaraq, bunun dayandırılmasına çalışıb. Məsələn, ötən ilin noyabrında KTMT-nin Bişkekdə keçirilən sammitində Ermənistanın baş naziri Nikol Paşinyan dar çərçivədə bloka üzv ölkələri mümkün eskalasiyanın qarşısını almaq üçün Azərbaycana silah satmamağa çağırmışdı.

Lakin İrəvanın bu kimi bütün səyləri həmişə uğursuzluğa düçar olub. İstər Rusiya, istərsə də Belarusdan yetərincə yüksək səviyyədə bəyan edilib ki, Azərbaycanla hərbi sahədə ikitərəfli əməkdaşlıq dayandırılmayacaq. Bunun daha bir səbəbi odur ki, KTMT-yə üzv ölkələrin KTMT üzvü olmayan Azərbaycanla daha sıx əlaqələri var, nəinki üzv ölkə olan işğalçı Ermənistanla. 

Azərbaycan Ordusu düşmənə dərs ile ilgili görsel sonucu

“Azərbaycana silah satışı ikitərəfli əlaqələr formatında həyata keçirilir və bu, KTMT-yə üzv ölkələrin götürdükləri öhdəliklərə, eləcə də beynəlxalq formata zidd deyil”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri İrəvana səfəri zamanı KTMT-nin yeni baş katibi, belaruslu general Stanislav Zas bu mövzuda ona ünvanlanan suallara cavab verərkən deyib.

“KTMT və təşkilatın hərbi-texniki əməkdaşlıq haqda müqaviləsi çərçivəsində düşmən siyasəti yürüdən heç bir ölkəyə (başa düşdüyüm qədər, söhbət Azərbaycandan gedir) silah satılmır. Bu - istisnadır”, - deyə o, erməniləri məyus edib.

Blok üzvlərinin, o cümlədən Belarusun Azərbaycanla ikitərəfli hərbi münasibətlərinə gəlincə, qurum rəhbəri yenə də erməni tərəfini məyus edərək deyib ki, bu qəbildən məsələlərə onun tərəfindən, beynəlxalq məmur olaraq şərh verilməsi doğru olmazdı. Buradaca vurğulayaq ki, general Stanislav Zas hərbi təhsilini Bakıda alıb.

*****

Azərbaycan Ordusu düşmənə dərs ile ilgili görsel sonucu

Azərbaycan öz ordusunun hərbi-texniki imkanlarını, yerli hərbi sənayeni ilbəil gücləndirməklə sözsüz ki, həm də öz döyüş qabiliyyətini gücləndirməkdədir. Çünki Qarabağ konfliktinin güc yolu ilə həll variantı gündəmdən çıxmayıb. Əksinə, Ermənistanın təxribatçı mövqeyi, status-kvonu süni şəkildə uzatmağa yönəlik siyasəti üzündən savaş ehtimalı getdikcə artmaqdadır. 

Bununla belə, Bakı sülh qapılarını da bağlamayıb və hələ də ümidlidir ki, ATƏT-in Minsk Qrupunun üç həmsədr dövləti - Rusiya, ABŞ və Fransa işğalçını, nəhayət, ağla gətirmək üçün gərəkən addımları atacaq. Söhbət xüsusən də İrəvana real təsir və təzyiq rıçaqlarına malik olan Moskvadan gedir.

Rusiya öz imkanlarını hərəkətə gətirməyə borcludur. Əvvəla, ona görə ki, artıq o da əmin olub ki, Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və öz qanuni və tarixi torpaqlarında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək. İkinci yandan, nə hərb, nə də sülh vəziyyəti Rusiyanın da marağında ola bilməz, o səbəbə ki, Qarabağda növbəti və daha irimiqyaslı hərbi toqquşma Kremlin bölgədəki maraqları üçün təhdidlər yaradacaq. Eyni zamanda Moskvanın Bakı və Ankara ilə ənənəvi dost və tərəfdaş münasibətləri böyük bir sınaqdan keçəcək, hətta risk altına düşəcək.

*****

Qarabağ danışıqlarını isə hələ də dalandan çıxarmaq mümkün olmayıb. Amma iki il öncə Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndə, Sərkisyan-Köçəryan xunta rejimi devriləndə müəyyən kövrək ümidlər yaranmışdı ki, sələflərindən fərqli olaraq, əli günahsız azərbaycanlıların qanına batmamış Nikol Paşinyan Bakı ilə real və ədalətli sülhün əldə olunması yönündə çalışacaq. Əfsus ki, ümid doğrulmadı. Paşinyan və komandasının hakimiyyətə gəlişi ilə sülh yox, müharibə ehtimalı gücləndi. N.Paşinyan öz xalqını ilk növbədə Ermənistan üçün vacib olan sülhə hazırlaya bilmədi. İndi də işğal altındakı Dağlıq Qarabağda martın sonunda keçiriləcək “prezident seçkisi”nin nəticəsini gözləyir. Yəni yenə süni şəkildə vaxtı uzatmağa çalışır. Ancaq unudur ki, martdan sonra hərbi əməliyyatlar üçün ən əlverişli dövr sayılan aprel və yay gəlir. Azərbaycan bunun nə demək olduğunu artıq bir dəfə - 2016-cı ilin 4 günlük aprel savaşı ilə düşmənə əyani göstərib.

Yeri gəlmişkən, aprel məğlubiyyəti hələ də Ermənistanda ciddi dartışma mövzusudur. Bundam ötrü N.Paşinyan tərəfdarlarının üstünlük təşkil elədiyi parlament xüsusi təhqiqat komissiyası da yaradıb. Ancaq bu, nəyi dəyişəcək? Belə komissiyalardansa, rəsmi İrəvan sülh barədə düşünsə daha məntiqli olar. Əks halda, işğalçı tərəf növbəti və qat-qat ağır “aprel sindromu”na hazır olmalıdır. Öz hərbi üstünlüyünü günü-gündən artıran Azərbaycan Ordusu bu dərsi düşmənə verməyə hər an hazırdır...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.