Füzuli rayonunda özbaşınalıq baş alıb gedir.
Rayondan Arqument.az-a verilən məlumata görə, icra başçısı Avropa Yay Oyunları adından sui-istifadə etməkdədir. Alı Alıyev dövlət başçısının siyasətinə zidd hərəkət edərək, büdcə təşkilatlarında olimpiya adına pul yığdırır.
Mötəbər qaynağın sözlərinə görə, büdcə təşkilatlarında çalışan şəxslərin maaşlarının 50 faizi üç ay müddətində onlara verilməyəcək.
Məlumata görə, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayondakı büdcədən maliyyələşən müəssisə və təşkilatların rəhbərlərinə tapşırıb ki, 3 ay işçilərin əməkhaqlarının 50 fazini kəssinlər.
İcra başçısı bildirib ki, maaşların 50 faizinin kəsilməsi Avropa Olimpiya Oyunları ilə bağlıdır. Mənbənin dediyinə görə, icra başçısının bu göstərişi müəssisə və təşkilatlarda çalışanlar arasında narazılıq yaradıb. Qeyd edək ki, ötən il dekabr ayının sonunda Alı Alıyev “Şöhrət” ordeni ilə təltif edildi.
“O vaxt bildirildi ki, icra başçısı qeyd olunan ordeni almaq üçün yuxarılara hesab verib. Həmin vaxt Alı Alıyev rayonda büdcədən maliyyələşən təşkilatların, hüquq-mühafizə orqanlarının əməkdaşlarından, fermerlərdən, sahibkarlardan da pul yığmışdı. Üç aydan sonra icra başçısının belə göstəriş verməsi isə rayonda narazılıq yaradıb” , - deyə mənbə bildirir.
Alı Alıyev müəssisə və təşkilat rəhbərlərinə bildirib ki, 3 ay müddətində 2 milyon manat yığılıb ona verilməlidir. Yada salaq ki, Alı Alıyevin subsidiya vəsatini mənimsəməsi ilə bağlı yoxlamalar aparılıb. Bir qrup fermer təsərrüfatının rəhbəri iddia edirdi ki, rayona ayrılan subidiyalar yerli İcra Hakimiyyəti tərəfindən müxtəlif şəxslərin adına sənədləşdirilərək mənimsənilib. Bildirilirdi ki, bu maxinasiyalara görə Füzuli rayon İcra hakimiyyəti ciddi şəkildə yoxlanılır.
Artıq icra başçısı Alı Alıyevin də adı keçən subsidiyaların mənimsənilməsi işi ilə bağlı təftişə aparılıbb. Mənbənin sözlərinə görə, Füzuli rayonunda aparılan araşdırmalar zamanı yeyinti faktları aşkar olunarsa, bu əməliyyatda iştirakı olanlar məsuliyyətə cəlb edilə bilər.
Onu da qeyd edək ki, prezident İlham Əliyev nazirlər, komitə sədrləri və icra başçıları ilə keçirdiyi son müşavirədə subsiyiyaların mənimsənilməsinə toxunmuşdu.
Əslində, bu, prezidentin nazir Heydər Əsədova və icra başçılarına dolayısı ilə xəbərlarlıq etməsi idi ki, diqqətdən qaçmadı: “İndi kənd təsərrüfatı naziri bəlkə də demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə. Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi?
Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox. Ona görə indi statistik göstəricilər daha da realdır. Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.


