Fəzail Ağamalı: “Vətəndaşlarımız onların sağlamlığının təmin olunmasına yönəlmiş karantin qaydalarına əməl etməlidirlər”
“Qadağalar bizə aid deyil. Bu barədə Milli Məclisin qəbul etdiyi qanunda dəyişikliklərdə mühüm dövlət institutlarının təmsilçiləri, o cümlədən deputatlara bu qaydalar şamil olunmur. Bununla belə, cümə günündən başlayaraq, bazar ertəsi səhərə qədər bütün ailə üzvlərimlə Operativ Qərargahın qərarına tabe olaraq evdə qaldım”.
Deputat Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Millət vəkili bildirdi ki, hətta son dərəcə vacib işinin olmasına rəğmən, hamı kimi qaydalara əməl etməyə üstünlük verib: “Çünki hərəmiz bir dəfə öz imtiyazımızdan istifadə etməyə başlasaq, küçələrdə gecəli-gündüzlü əziyyət çəkən fədakar polislərimizin işini çətinləşdirmiş olarıq”.
F.Mustafa vətəndaşlara yönəlik bəzi fikirlərini, iradlarını da bölüşdü: “Karantin günlərinin sərtləşməsinin səbəbi cəmiyyət olaraq çevrəmizdəkilərə irad bildirməmizin mümkün olmamasından doğur. Yəni insanlarımız arasında mədəni münasibətlərin səviyyəsi arzuolunan deyil. Yanındakına, böyründəkinə irad bildirmək olmur ki, ay məsuliyyətsiz insan, sənə görə normal, dürüst vətəndaşlar da əziyyət çəkəcəklər! İndi buyurun, önümüzdəki bu 5 günü elə davranaq ki, xəstəliyin yoluxması səviyyəsi aşağı düşsün. Edə biləcəyikmi? ”Moll"ar yenicə açılıb, iş yerləri çətin şərtlərdə fəaliyyətə başladı, qaydalara sistemli əməl olunsaydı, həftəsonu qadağalara da ehtiyac qalmırdı. Sən çıxıb çoxmərtəbəli binanın damının üstündə kabab çəkəcəksənsə, demək ki, hamını öz qarnının güdazına verəcəksən. İntizama alışmalıyıq, əks halda, bu prosesləri tənzimləmək çox çətin olacaq".

Deputat Arzu Nağıyev də bildirdi ki, Milli Məclisin deputatı olduğu üçün müəyyən imtiyazları var: “Belə ki, karantin rejimi bizə tətbiq edilmir və bu, qanunla tənzimlənir. Lakin buna baxmayaraq, şənbə və bazar günləri evdə oldum, kütləvi informasiya vasitələrinə onlayn bir neçə müsahibə verdim, UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıqla bağlı virtual müzakirələrə qoşuldum. Bir neçə seçicimlə telefon əlaqəmiz oldu. Köməkçimlə də demək olar ki, gün ərzində bir neçə dəfə danışırıq”. A.Nağıyev əlavə etdi ki, iki gün ərzində mütaliə edib, gündəlik xəbərləri izləyib və digər cari işlərlə məşğul olub.
“Həftəsonu sərt karantin rejimi günlərində evdə oldum. Çölə bir addım belə atmadım. Bir neçə KİV nümayəndələrinin suallarını cavablandırdım. AzTV-nin ”Hədəf" proqramında videokonfrans vasitəsilə iştirak etdim. Yazmaqda olduğum monoqrafiyam üzərində işlədim. Seçicilərimin telefon zənglərinə cavab verdim".

Bu fikirləri isə deputat Musa Qasımlı söylədi. Professor bildirdi ki, hər bir vətəndaş tələblərə ciddi riayət etməlidir: “Bəziləri deyir ki, toyumuz qaldı. Belədir. Ancaq yaranmış vəziyyətin aradan qaldırılması üçün hər şeyi hökumətdən gözləmək də düzgün deyil. Gərək vətəndaşlar da məsuliyyətli olsunlar. Axı dövlət hər həyətə, metro qatarının vaqonuna, hər binanın giriş qapısına bir nəfər polis işçisi qoya bilməz. Gəlin, özümüzə baxaq. Bəzilərinin uşaq kimi davranması, binanın damında kabab bişirib, nərd oynaması, tibbi maska taxmaması və sair nə deməkdir?”

Deputat Fəzail Ağamalı isə “Yeni Müsavat”a bildirdi ki, qanun millət vəkillərinin sərbəst hərəkətinə imkan versə də, o, şənbə və bazar günləri evdən çıxmayıb: “Oturdum evdə, kitab oxudum, istirahət elədim”. Millət vəkili qeyd etdi ki, vətəndaşlarımız onların sağlamlığının təmin olunmasına yönəlmiş karantin qaydalarına əməl etməlidirlər.


