İki il öncə paytaxtın lift təsərrüfatında böyük korrupsiyanın üstü açıldı.
Məlum oldu ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov büdcə pullarını korrupsiya yolu mənimsəyib. Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırıldı. Istintaq ölkənin lift təsərrüfatında biabırçı faktlar üzə çıxard.
Belə qənaət yarandı ki, paytaxtın lift təsərrüfatında korrupsiyanın kökü kəsildi. Ancaq paytaxtın lift təsərrüfatında korrupsiya davam etməsi istisna edilə bilməz. Məsələn, “Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin bəzi tenderləri şəffaflıq baxımından diqqət çəkir.
“Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin lift ehtiyyat hissələrinin alınması ilə bağlı hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nsrəddin Tusi küçəsi, ev 23, mənzil 82-də qeydiyyatda olan, Natiq Abışev adlı şəxsin rəhbərlik etdiyi “Lift-servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə apardığı əməliyyat diqqəti cəlb edir.
“Lift-servis” MMC-nin “Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsinə satdığı lift ehtiyyat hissələrinin istehsalı ilə məşğul olmadığı kimi, idxalatçısı kimi də biznes aləmində tanınmır. Yeri gəlmişkən qeyd edək ki, “Lift-servis” MMC-nin “Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsi arasındakı bu əməliyyat büdcəyə təxminən 270 min manata başa gəlib. Bu əməliyyatla bağlı suallara “Lift-servis” MMC-nin rəhbəri Natiq Abışevun aydınlıq gətirməsini arzulasaq da, əlaqə vasitələrini tapa bilmədik. Ümid edirik ki, bu əməliyyatlara “Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi Dadaş Nəbiyev aydınlıq gətirə biləcək.


