Prezident: “Demək, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın...”
Qlobal iqlim dəyişikliyinin təsiri ilə Azərbaycanda yaşanan quraqlıq su təchizatı sahəsində çox ciddi problemlər yaradıb. Bu problemlər həm içməli, həm də suvarma suyu ilə bağlıdır. Ən əsas isə problemlərin daha ağır formada özünü büruzə verməsində su təsərrüfatına məsul olan dövlət qurumlarının laqeydliyi də ciddi rol oynayıb.
Bu fikirlər iyulun 23-də Prezident İlham Əliyevin müvafiq dövlət qurumlarının rəhbərləri ilə keçirdiyi müşavirədə səsləndirilib. Prezident son illərdə ölkənin suvarma və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd etməklə yanaşı, quraqlıq və bəzi hallarda aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində çox ciddi problemlərin yarandığını vurğulayıb: “İçməli su və meliorasiya problemləri nəinki diqqət mərkəzindədir, bu problemlərin həlli istiqamətində çox böyük işlər görülüb. Ancaq keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır. Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, ”Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan".

İ.Əliyev ölkənin su balansının tərtib olunmamasını ciddi nöqsan kimi dəyərləndirib: “Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.
Baş nazirin müavini Şahin Mustafayevin verdiyi məlumatdan aydın olub ki, hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su mövcuddur ki, bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Strateji əhəmiyyət kəsb edən Mingəçevir Su Anbarında 15,7 milyard kubmetr tutuma qarşı 8,8 milyard kubmetr su mövcuddur ki, bunun da 7 milyard kubmetri ölü həcmdir. Onun sözlərinə görə, suyun mənbədən götürülməsindən son istehlakçıyadək bütün mərhələlər üzrə uçotun və dəqiq qiymətləndirmənin aparılması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Ölkə üzrə ilk dəfə tərtib olunan su təsərrüfatı balansına əsasən, cari ildə ölkənin su ehtiyatları ötən illə müqayisədə 2,8 milyard kubmetr az - 34,1 milyard kubmetr həcmində proqnozlaşdırılır. O cümlədən ilin əvvəlinə su anbarlarında qalıq 10,6 milyard kubmetr təşkil edib, il ərzində ölkə üzrə formalaşan su ehtiyatlarının 23,5 milyard kubmetr olacağı gözlənilir. Proqnoza əsasən, cari ildə ölkə üzrə formalaşan yerüstü su ehtiyatlarının 70 faizini qonşu ölkələrdən daxilolmalar, onun da təqribən yarısını təkcə Kür çayı təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Kür çayı hövzəsinin su ehtiyatlarının mühafizəsi və davamlı istifadəsi sahəsində ölkələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə müvafiq saziş layihəsi hazırlanaraq aidiyyəti üzrə artıq təqdim olunub".

Ş.Mustafayev Komissiyanın təkliflərini səsləndirib: "Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi ilə bağlı təkliflərin hazırlanması;
Qrunt sularından, təmizlənmiş tullantı sularından və Xəzər dənizinin suyundan istifadə imkanının araşdırılması;
Subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydalarının hazırlanaraq təsdiq edilməsi;
Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən suvarmada müasir texnologiyaların tətbiqinin təşviq olunması;
Suvarma suyundan güzəştli istifadə ilə bağlı yeni mexanizmin hazırlanması".

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, ölkə üzrə su istehlakının 80 faizə yaxını kənd təsərrüfatının payına düşür. Bu ilki quraqlıq xüsusilə aran rayonlarında 100 min hektar ərazidə taxıl sahələrinə ziyan vurub: “Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir. Cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Eyni zamanda, bu günə 49 min hektar sahədə ikinci vegetasiya suvarması həyata keçirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 min hektar azdır. Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarmasıdır. Keçənilki dövrdə bugünkü tarixə biz 23 min hektar az ikinci suvarma həyata keçirmişik. Pambığın ikinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlığın 25-40 faiz aşağı düşməsi ilə üzləşə bilərik. Hazırda pambığın suvarılması üzrə əsas problemlər daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında müşahidə olunur. Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşayırıq. Su çatışmazlığı və quraqlıq səbəbindən suya daha çox tələbatı olan bəzi bitkilərin becərilməsi üzrə də məcburi azalmalar baş verib. Belə ki, şəkər çuğunduru üzrə 7500 hektar əkin nəzərdə tutulurdusa, faktiki əkin 4800 hektarda aparılıb. Çəltik üzrə 4000 hektar proqnoza qarşı 3000 hektarda əkin aparılması mümkün olub”.
Fövqəladə hallar naziri Nazir Kəmaləddin Heydərovun verdiyi məlumata görə, 2014-cü ildə Niderlandın “Deltares” şirkəti ilə ölkənin su ehtiyatlarının qiymətləndirilməsi üçün müqavilə bağlanıb, lakin vəsait ayrılmadığına görə yarımçıq qalıb. Bundan əlavə, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Yaponiyanın “Kahişa” şirkəti ilə 2017-ci ildə bağlanmış müqavilə “Azərenerji”, FHN və Maliyyə Nazirliyi araslnda vəsait ayrılması ilə bağlı razılıq əldə olunmadığına görə layihə yarımçıq qalıb.

Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənov qeyd edib ki, axırıncı dəfə ölkə üzrə yerüstü su ehtiyatları 1970-ci ildə, yeraltı su ehtiyatları isə 1980-ci illərdə qiymətləndirilib: “Biz hazırda su sistemi ilə bağlı məlumatları bu qiymətləndirmələrdən əldə edirik. Təxminən 40-50 il keçməsinə baxmayaraq, su ehtiyatlarımız yenidən qiymətləndirilməmişdir”.
Şöbə müdirinin sözlərinə görə, 35,6 milyard kubmetr su ehtiyatından il ərzində içməli su üçün təxminən orta hesabla 653 milyon kubmetr su götürülür. Bu həcmin təxminən 57 milyon kubmetri, yəni 9 faizi sistemin texnoloji proseslərinə sərf edilir, 286 milyon kubmetr su isə müxtəlif sərflərə silinir: “Yalnız təxminən 283 milyon kubmetr su - bu, şəbəkəyə daxil olan suyun 45 faizi, götürülmüş suyun isə 50 faizi deməkdir, istehlakçılara çatdırılmışdır. Yəni, istehlakçılara verilən su itkiyə gedən sudan azlıq təşkil edir”.
K.Həsənov prezidentə suyun keyfiyyətinə, epidemioloji vəziyyətinə aidiyyəti qurumlar tərəfindən fikir verilməsinin zəruri olduğunu bildirib.

Prezident “Azərsu” sədri Qorxmaz Hüseynovu sərt tənqid edib, çəkilən su xətlərinin gücünün əhali artımını nəzərə almadan müəyyənləşdirildiyini ciddi irad tutub. Dövlət başçısı itki məsələsinə xüsusi diqqət yetirib: “İtkilərlə bağlı. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. Əlbəttə, itkilərin əsas mənbəyi torpaq kanallardır, amma təkcə torpaq kanallar deyil. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir. Bəzi hallarda heç itki olmur, amma suyun həcmi itkilərə silinir. Mənə verilən məlumata görə, burada da xoşagəlməz hallar kifayət qədər geniş vüsət alıb. Ona görə, birincisi, biz bu itkiləri azaltmalıyıq. Çünki 40-50 faiz itki dözülməz səviyyədir. Mən yenə də deyirəm, əgər itkilər aradan qaldırılsa, bizim mövcud su mənbələrimiz və su resurslarımız kifayətdir. İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. Amma elə bil ki, bu itkilər kiməsə sərf edir. Çünki itkilər olan yerdə uçot olmur. Nəyi istəyirsənsə, itkilərə silmək olar. Ona görə ayrıca bir proqramın içində xüsusi bir istiqamət olmalıdır və qrafik tutulmalıdır ki, itkilərin azaldılması hansı templə gedəcək, hansı ildə hansı səviyyəyə düşəcək və əgər düşməyəcəksə, buna məsuliyyət daşıyan qurumların rəhbərləri cəzalandırılmalıdır. Yoxsa ildən-ilə mən bunu eşidirəm - itkilər, itkilər. Yaxşı, itkilər var, amma bunun qarşısını almağın yolu da var. Bu illər ərzində məgər bu yolu tapmaq mümkün deyildi?! Deməli, kimsə maraqlıdır ki, bu itkilər olsun. Hər kəs nəticə çıxarsın”.


