banner
banner

Gündəm

Azərbaycan prezidenti başsağlığı verdi

Azərbaycan prezidenti başsağlığı verdi

Azərbaycan prezidenti görkəmli bəstəkar, xalq artisti Ramiz Mirişlinin vəfatı ilə əlaqədar başsağlığı verib.
Cia.az-ın istinadən verdiyi məlumata görə, prezident başsağlığında deyilir: “Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Tanınmış bəstəkar, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, əməkdar incəsənət xadimi, xalq artisti, professor Ramiz Aqil oğlu Mirişli 2015-ci il aprel ayının 17-də ömrünün 82-ci ilində vəfat edib.

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxuyub. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.

Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləyib. O, 1962-2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışıb, həmçinin 1987-1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutub.

Ramiz Mirişli 1978-1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik edib.

Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməyib, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr verib.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirib. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapıb.
Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanıb. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirib. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilib. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilib.
Tanınmış bəstəkar və pedaqoq, təvazökar insan Ramiz Aqil oğlu Mirişlinin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!”

Nekroloqu İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Mikayıl Cabbarov, Arif Alışanov, Arif Məlikov, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Oqtay Zülfüqarov, Azər Rzayev, Tofiq Bakıxanov, Musa Mirzəyev, Xəyyam Mirzəzadə, Ramiz Zöhrabov imzalayıblar.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.