Rəsmi qurumlar hazırlıqlı olduqlarını deyirlər
Yaxın günlərdə hava şəraitinin kəskin dəyişəcəyi, çovğun olacağı, qar yağacağı bildirilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 19-u axşamdan başlayaraq 21-i axşamadək hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə yağışın sulu qara və qara keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva havanın kəskin dəyişməsi səbəbini Türkiyədən hərəkət edən siklonun ölkə ərazisindən keçməsi ilə əlaqələndirib: “Yanvarın 20-21-də çovğun olacağı, dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimal olunur”.
Bəs görəsən, paytaxt Bakı hava şəraitinin bu cür kəskin dəyişməsinə hazırdımı? Ara-sıra güclü yağış yağdığında və ya çox soyuq vaxtlarda yolların “iflic” olduğunu, qaz, istilik, işığın verilişində problemlərin yaşandığının şahidi olmuşuq. Yenə də sakinlər bu kimi çətinliklərlə üzləşəcəklərmi?
Bu və digər suallarla bağlı aidiyyəti qurumlara müraciət etdik. “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev “Yeni Müsavat”a bildirib ki, qurumun noyabr, dekabr aylarından qazanxanaları fəaliyyətə başlayıb: “Ətraf mühitin temperaturundan asılı olaraq bütün qazanxanaların fəalliyyəti tənzimlənib. Havalar da soyuq keçdiyi halda binalara verilən istiliyin temperaturu artırılır. Qrafikə uyğun tənzimlənir. Bu gün ”Azəristilik təchizat"ın nəzərdə tutulan 558 qazanxanası, 90 istilik məntəqəsi tam fasiləsiz fəaliyyətini davam etdirir.

Havaların soyuq keçməsi ilə əlaqədar olaraq “Azəristiliktəchizat”ın rəhbərliyi tərəfindən göstəriş verilib ki, xidmət sahələri gücləndirilmiş iş rejiminə keçsinlər. Hazırda əlavə nəqliyyat mexanizasiyası tam hazır vəziyyətdədir. Operativ müdaxilə olunması üçün mərkəzi dispetçer xidməti 24 saat gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əgər qəza baş verərsə, bu xidmət dərhal fəaliyyətə keçəcək. Hər hansı bir problemin olması gözlənilmir. Çünki həmin gün bizim üçün heç nə dəyişməyəcək, həmişəki kimi ciddi iş rejimində işləyəcəyik. Hava çox soyuq olarsa da, qazanxanadan verilən temperaturu bir qədər artıracaqlar ki, mənzillərdə normal otaq temperaturu təmin olunsun".

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov da qışa tam hazırlıq görüldüyünü deyib: “Bütün əlaqədar strukturlara məlumat ötürülüb. Bu günə planlı heç bir təmir, bərpa işləri nəzərdə tutulmayıb. Əgər qəzalar baş verirsə, onlar tam aradan qaldırılır. Amma bütün təmir-tikinti idarələrinə, qəza xidmətlərinə müvafiq tapşırıqlar verilib ki, tam səfərbər vəziyyətdə olsunlar. Hər hansı bir hadisə baş verərsə, qaynar xətlərə məlumat daxil olsa, icrasına başlansın. Yəni istənilən sadə qəzanın olması mümkündür, o halda qazda qısamüddətli dayanmaya yol verilə bilər. Təhlükəsizlik baxımından mümkün deyil ki, qaz şəbəkədə qalsın, hansısa təmir işi aparılsın. Bu, böyük təhlükə yarada bilər. Amma planlı hər hansı ərazidə qazın verilişində dayandırma hazırda yoxdur. Planlı təmir işlərini başqa vaxta da keçirmək mümkündür”.

“Azərişıq” ASC-dən isə gücləndirilmiş iş rejimində çalışan əməkdaşlara əlavə tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu “Yeni Müsavat”a bildirilib ki, rəhbərliyin tapşırığı ilə gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub: “Ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıq verilib. Rəhbərliyin göstərişinə əsasən regionlarda da növbətçilik yaradılıb. Müraciətlərin sayının artması ehtimalını nəzərə alaraq 199 saylı Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində çalışacaq. Qurum istehlakçılara müraciət edərək bildirir ki, qarşılaşdıqları hər hansı problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar”.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov də qəzetimizə bildirib ki, paytaxtın kommunal xidmətləri qarlı hava şəraitinə hazır vəziyyətə gətirilib: “Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb. Görülən işlərə nəzarət məqsədilə Bakı Şəhər icra hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazırlıq tədbirlərinin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində mütəmadi olaraq paytaxt rayonlarında monitirinqlər keçirilib. Yerlərdə görülən işlər şəhər icra hakimiyyətində məsul şəxslərin, rayon rəhbərliyi, kommunal-təsərrüfat və digər aidiyyəti qurumların rəhbərlərinin iştiraki ilə onlayn operativ müşavirələrdə müzakirə edilib, qışa hazırlığın vəziyyəti ilə bağlı əlavə tapşırıqlar verilib.
Rayonlardakı hər bir qurumun qış aylarında üzərlərinə düşən vəzifələri, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırılması dəqiq müəyyən edilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyatı yaradılıb.
BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib".


