Bu günlərdə Tibb Universitetinin Onkoloji Klinikasında apardığımız müşahidə zamanı dövlət tərəfindən pulsuz verilməli olan dərman preparatlarının apteklərdə pasiyentə satıldığının şahidi olmuşduq. Redaksiyadan kömək istəyən Saatlı sakini Şərqiyyə Tağıyeva klinikadan pulsuz dərman ala bilmədiyini demişdi. "Bizim Yol" qəzetinin əməkdaşı da klinikadakı real vəziyyəti müşahidə edərək, orada gördüklərini qələmə almışdı. Redaksiyaya daxil olan məlumata görə, söhbəti gedən klinikada məqalə ilə bağlı iclas keçirilib, bəzi göstərişlər verilib, tədbir görülüb. Həkimi də Şərqiyyə xanımla bu mövzuda söhbət edib, narazılığının olub-olmadığını soruşub. Dünənki 4-cü kimyaterapiyanı ona tamamilə pulsuz ediblər. Bunun üçün nə ərizə tələb olunub, nə də kiminsə xahişi. Amma qarşıda onu daha böyük "imtahan" - hər kəsin qorxduğu əməliyyat gözləyir. Tədbirin isə sadəcə şikayətçi xəstəni, yoxsa bütövlükdə şəfa üçün klinikaya üz tutanları əhatə edib-etmədiyini öyrənmək üçün oraya daha bir "səfərimiz" gözlənilir.
Qeyd edək ki, ölkədə müxtəlif dövlət proqramları çərçivəsində xəstələrə pulsuz verilməli olan dərmanların siyahısı mövcuddur. 10 dövlət proqramı üzrə müəyyən qrup xəstələrin pulsuz dərmanlarla təmin olunmasından ötrü büdcədən vəsait ayrılır. Bunlara "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" (229 dərman və dərman preparatı), "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı" (17 adda dərman preparatı və tibbi təchizat vasitələri (TTV), 702 reaktiv, reagent və laborator ləvazimatlar), "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" (60 dərman preparatı və TTV-nin, Hemodializ üçün 13, Periton dializ üçün 10 dərman, 130 reaktiv, reagent və laborator ləvazimatları), "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" (12 dərman preparatları və TTV), "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı" (11 dərman preparatı və TTV, 28 reaktiv, reagent və laborator ləvazimatların), "Şəkərli diabet üzrə Dövlət Proqramı" (19 dərman preparatı və TTV), "Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla mübarizə" (22 dərman preparatı və TTV, 25 reaktiv, reagent və laborator ləvazimatlar), "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı" (27 dərman preparatı vəTTVn, 59 reaktiv, reagent və laborator ləvazimatları), "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinə və müalicəsinin maliyyələşdirilməsi qaydası" (35 dərman preparatı və TTV, 14 reaktiv, reagent və laborator ləvazimatlar) və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartları", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" (20 dərman preparatı və TTV) daxildir. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanmalıdır.
"Əgər pulla alınırsa, bu, qanunsuzdur"
Təkcə bir tibb müəssisəsində aparılan müşahidə deməyə əsas verir ki, həmin sahə üzrə qəbul olunmuş dövlət proqramı düzgün icra olunmur. "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı" çərçivəsində onkoloji xəstələrə dövlət hesabına verilən şiş əleyhinə həyati vacib və digər dərman preparatlarının siyahısında 229 dərman və dərman preparatı var. Ancaq müşahidə göstərdi ki, reseptlə yazılan dərmanlardan ən az 8-ni dövlət təmin etməlidir, yerdə qalanlar isə bəzən oxşar təyinatlı, təkrar yazılmış dərman preparatlarıdır. Keçən yazıda Səhiyyə Nazirliyinin (SN) web-saytına istinadən həmin siyahının Milli Onkologiya Mərkəzinin internet-saytında yerləşdirildiyini yazmışdıq. Amma buna rəğmən saytda belə bir siyahıya rast gəlməmişdik. Bəla burasındadır ki, pulsuz dərmanlar siyahısı SN-in də rəsmi saytında yoxdur. Axtarışlar da nəticəsiz qaldı. Təkcə o göstərilib ki, 2006-2008-ci illərdə onkoloji xəstələr üçün 14-37 adda kimya terapiyası dərmanları alınırdısa, 2012-ci ildən bunların sayı 46-ya çatdırılıb. Saytda şəkərli diabet və imtiyazlı qruplara daxil olan xəstələrin təminatı üçün dərman vasitələri və imtiyazlı apteklərin siyahısı verilib. Siyahının saytda aşkar yerləşdirilməsi onu göstərir ki, bu sahədə neqativ hallar onkoloji dərmanlara münasibətdə olduğu kimi deyil. Əslində onkoloji xəstələr üçün də pulsuz dərmanları resept əsasında belə imtiyazlı apteklərə həvalə etmək yaxşı olar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də "
Bizim Yol" qəzetinin əməkdaşı ilə söhbətində həmin dərman preparatlarının siyahısının nazirliyin saytında olmadığını təsdiqlədi. Lakin nazirlik rəsmisinin sözlərinə görə, bu, dövlət proqramlarında öz əksini tapıb (həmin proqramları saytda görmədim -H.H.). Klinikanın saytında siyahının yerləşdirilməməsində hansı marağın olduğunu soruşdum, dedi ki, bilmir, amma klinikanın özündə o siyahı olmalıdır. Klinikada rastlaşdığım vəziyyətə gəlincə, "mənim müqayisə etdiyim reseptdə olan dərmanların ən az 8-i dövlətin pulsuz verməli olduğu dərman siyahısında var, bəs camaat onları niyə pulla alır?", deyə sual elədim. Mətbuat xidməti rəhbəri dedi ki, "əgər pulla alınırsa, hər halda bu, qanunsuzdur. Konkret fakt varsa, bu barədə müraciət etmək lazımdır və mən də bunu araşdıraram".
"Mənə fakt verin"
Müsahibimin sözlərinə görə, Onkoloji Klinika Tibb Universitetinə tabedir, amma təbii ki, fəaliyyətlərinə SN də nəzarət edir və onlarda da dövlət proqramı çərçivəsində verilən dərmanlar var: "Sözügedən klinikanın bir tibb müəssisəsi kimi nazirliyə aidiyyatı var, amma təsisçisi Tibb Universitetidir. Orada baş verən hər hansı qanunsuzluqla bağlı universitet rəhbərliyinə də, bizə də müraciət etmək mümkündür və lazımdır. Mənə bir fakt gərəkdir. Bu məsələni araşdırmaq üçün nazirlikdə tibbi yardımın təşkili və ümumi şöbələr var, bir də qaynar xətt. Bu strukturlar əhalinin rastlaşdığı belə problemləri araşdırırlar. Nazirliyin mövqeyi belədir ki, belə hallara rast gələnlər ya SN-ə, ya da nazirliyin 9103 qaynar xəttinə müraciət etsinlər".
Faktın əksini tapdığı məqalələri mətbuat xidməti rəhbərinin elektron ünvanına göndərdim. Bu gün təkcə onkoloji xəstələrə ayrılan pulsuz dərmanlar barədə danışırıq, amma yuxarıda sadaladığımız kimi bir çox sahələr üzrə dərmanlar dövlət hesabına ödənilməlidir. Maraqlandım ki, klinikalara siyahıda olan dərmanlar verilir, yoxsa onun pulu ayrılır. Belə cavab verdi: "Xeyr, klinikalara pul ayrılmır. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz dərmanları alıb klinikalara verir".
Xatırladım ki, Onkoloji Klinikanın aptek şöbəsinin rəisi demişdi ki, kimyəvi preparatları klinikaya Milli Onkoloji Mərkəz verir, əlavə dərmanlara da büdcədən pul ayrılır və tenderlə alınır. Ən bahalı və xəstə üçün vacib olan "Paclixatel"i isə "xahiş"lə verdiklərini etiraf etmişdi. Pulsuz verilməli olan dərmanların satıldığı aptekə də klinikanın nəzarət etdiyini söyləmişdi. Fikrini də belə izah etmişdi: "Klinikada işlənən dərmanların orada olması tələb edilir ki, xəstələr dağa-daşa düşməsinlər". Yeri gəlmişkən, bizdə 200-220 manata satılan "Paclitaxel"in internet-aptekdə qiyməti 60 dollar civarındadır. "Taxol" eyni preparatın rus versiyasıdır və qiyməti ondan ucuzdur.
Pulsuz dərmanlar siyahısında adı olan preparatları xəstənin özünün aldığı məsələsi ilə bağlı SN rəsmisi belə şərh verdi: "Əgər vətəndaş neqativ hallarla rastlaşırsa, gərək həmin klinikanın rəhbərliyinə müraciət edib soruşsun ki, "axı bu dərman dövlət proqramı çərçivəsində mənə verilməlidir, niyə verilmir"? Bir də görürsüz ki, həkim orada özündən hoqqa çıxarıb, onunla bağlı ola bilər".
Klinikalarda məlumatlandırma tabloları yerləşdirilməlidir
Bəs pulsuz ayrılan dərmanların ona ehtiyacı olan insanlara çatdırılması üçün nazirliyin bir nəzarət mexanizmi varmı? A.Qədirli: "Dərman vasitələri tibb müəssisələrinin özlərinə həvalə olunub və onlar da hansısa formada həmin dərmanları vətəndaşlara çatdırırlar. Təbii ki, burada qanun pozuntuları olursa və o aşkar edilirsə, tədbir görülür. Bu isə ya siqnal şəklində, ya da vətəndaşlar tərəfindən müraciətlər əsasında olur, ya da SN-dən yoxlama vaxtı dərmanların çatdırılmadığını aşkar edirlər. Amma bunun üçün hansısa müvafiq struktur olmur. Əslində dərman vasitəsi bir hökumət orqanı tərəfindən başqa bir rəsmi quruma verilir ki, o da bunu əhaliyə çatdırsın. O tibb mərkəzinin fəaliyyətinə isə nəzarət olunur. Çünki onlar yalnız əhaliyə dərman paylamaqla məşğul deyillər, başqa fəaliyyətləri də var. Belə müəssisələr əhaliyə tibbi yardım göstərirlər, sanitar normalara riayət etməlidirlər, bəzən ölüm halları da olur. Bunların hamısına nəzarəti isə nazirlik edir".
Soruşdum ki, bəs yaxşı, indiki halda xəstələr hansı dərmanların pulsuz olduğunu haradan və necə öyrənsinlər? SN rəsmisi dedi ki, müvafiq klinikalarda bunu xəstələrə mütləq söyləməlidirlər, eyni zamanda siyahı tibb müəssisələrinin məlumatlandırma tablosunda yerləşdirilməlidir. Həmin məlumatlandırılmanın sözügedən klinikada olmadığını öyrənən A.Qədirli bunu da araşdır
acağını söylədi. Söhbəti gedən klinikada media nümayəndələri ilə birgə monitorinq təklif etdim. Nazirlik rəsmisi rəhbərliyə bu barədə məlumat verəcəyini, bunu təşkil etməyin mümkünlüyünü söylədi. (bizimyol.info)