banner
banner

Dünya

Rusiya “Pandora qutusu”nu açır, Gürcüstan isə susur: azərbaycanlı gəncin qanı batırılır...

Rusiya “Pandora qutusu”nu açır, Gürcüstan isə susur:

Novosibirskdə 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevin öldürülməsi olayında şokedici dönüş olub. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinin göstərişi əsasında gənci guya təsadüfdən güllələyən polis əməkdaşı təcridxanadan azadlığa buraxılıb.

Xatırladaq ki, faciə bu il mayın 28-də, axşam baş verib. Versiyalardan birinə görə, “Sibir” federal yolunda, Novosibirsk şəhər yaxınlığında yerli polis əməkdaşları tünd şüşəli bir avtomobili saxlayıblar. Şəxsiyyəti müəyyənləşdirmək üçün sürücü xidməti avtomobilə gətirilib, sərnişinlərdən biri – Vəkil Abdullayev isə buna əngəl olmağa çalışıb. Digər bir versiyaya əsasən isə, hər şey dayanacaqda (!), polisin avtomobilin təkərlərini təpikləməyə başlaması və ardınca bundan hiddətlənən qəzəbli maşın sahibləri ilə çəkişmədən sonra yaşanıb. Bütün hallarda, fakt budur ki, polis əməkdaşlarından biri, Yol Patrul Xidmətinin (YPX) baş müfəttişi Aleksandr Qusev əvvəlcə Vəkil Abdullaevi əlləri və ayaqları ilə döyməyə başlayıb, sonra isə xidməti tapançası ilə onu başından güllələyib. Gənc mayın 30-da vəfat edib.

Bundan sonra Qusev nəzarət altına alınıb. Təəccüblü deyil. Əlbəttə ki, heç kim “Polisə müqavimət” haqqında maddəni ləğv etməyib, ancaq yenə silahdan istifadə üçün heç bir əsas görünmür.

Saxlanılan avtomobildəki sərnişinlərdən heç birində hətta ağac belə olmayıb. Üstəgəl, ilk atəş havaya xəbərdaredici şəkildə olmalı, daha sonra – ayağa atəş açılmalı idi və yalnız bundan sonra “hədəf nişan alına” bilərdi. Məlum olayda isə polis dərhal adamın başına atəş açır. Atəşin təsadüfən edildiyi versiyası isə, dürüst olsaq, o qədər də inandırıcı görünmür: hər halda polis məmurlarına silahdan istifadə və necə ehtiyatlı olmaq qaydaları öyrədilir ki, kimi isə təsadüfdən vurub “guppuldatmasın”.

Amma ardınca anlaşılmaz şeylər yaşanır. Daha doğrusu, əksinə, ikrah doğuracaq dərəcədə anlaşılan şeylər.

Belə ki, kütləvi informasiya vasitələrində YPX müfəttişinin müdafiəsi üçün güclü kampaniya başlayır - petisiyalarla, hay-küylü bəyanatlarla və s. Qusevin müdafiəsinə həmçinin Rusiya Federasiyası İctimai Palatasının üzvü və RT telekanalının jurnalisti Mariya Butina qalxıb - hansı ki, elə bu ərəfədə Kirov bölgəsi üzrə “praymerez” seçkilərində qalib gələrək hakim “Vahid Rusiya” partiyası tərəfindən namizəd göstərilməsinə nail olub. Qeyd edək ki, az öncə Birləşmiş Ştatlarda seçkilərə müdaxilə etdiyi üçün ABŞ-dan deportasiya edilən bu xanım azərbaycanlını güllələyən yol polisinə qarşı bütün ittihamların götürülməsini və hətta onun mükafatlandırılmasını tələb edib. Özü də “şovinizm” və “irqçilik” sözləri əgər hətta kimlərinsə qulağını deşirsə də, bu məsələdə “milli” çaları gizlətməyi belə düşünmürlər.

İndi isə “ictimai rəyin çağırışlarına qulaq asaraq” Qusev rəsmən həbsdən azad edilib. Təhqiqat isə dayandırılıb. Üstəlik KİV-lərdə və sosial şəbəkələrdə belə bir təsirli kampaniya başladılıb ki, guya Qusevin ailəsini Azərbaycan diasporundan olan “pis adamlar” təhdid ediblər. Bu isə artıq ciddi şeydir.

Şübhəsiz, polis özbaşınalığı istənilən dövlətdə öz-özlüyündə təhlükəlidir. Konkret olayda isə onun açıq-aşkar milli, daha doğrusu, millətçi “çaları” var.

Milliyyətçi hisslər üzərində oynamaq, “slavyan olmayan millətdən olanlar”dan “düşmən obrazı” formalaşdırmaq cəhdləri - bunların hamısı artıq “təsadüfi faktlar” deyil, Rusiya siyasətinin əsas “meynstrim”idir (“mainstream” - ingiliscə “əsas cərəyan”, “baş tendensiya” – red.). Yəni aqressiv ksenofobik ritorika üzərində hazırda yalnız “marginallar” deyil, eyni zamanda, hakim “Vahid Rusiya” partiyasından olan namizədlər də oynayır. İrqçi və şovinistlər öz “platformalarını” beləcə açıq şəkildə, bir növ “xalqın səsi” kimi təqdim edirlər. Rusiya hüquq-mühafizə orqanlarının fəaliyyətində “qaralara qarşı fobiya” və irqçiliyin təhlükəli həddədək böyüməsi həm də polis özbaşınalığı fonunda apaydın görünür.

Burada əlbəttə, maraqlanmaq olar ki, nədən rəsmi Tiflis baş verənlərə reaksiya vermir? Axı Vəkil Abdullayev etnik azərbaycanlı olsa da, Gürcüstan vətəndaşıdır.

Rusiya ilə diplomatik münasibətlər olmasa belə, Tiflis hələ ki, öz vətəndaşının ölümünün şübhəli, daha doğrusu, şübhəsiz və hiddət doğran məqamları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmək imkanına malikdir.

Lakin əsas suallar Rusiyanın hakim elitasınadır. Görəsən orada ksenofobiyanın bunca güclənməsinin çoxmillətli Rusiya üçün nə qədər təhlükəli olduğunu anlayırlarmı? Başa düşürlərmi ki, digər etnik icmalarda da baş verən hər bu kimi hadisələrdən nəticələr çıxarılır? Və anlayırlarmı ki, bu nəticələr, ən yumşaq epitetlə desək, irqindən, milliyyətindən, dərisinin rəngi və dinindən asılı olmayaraq, Rusiyanın bütün vətəndaşlarının qanun qarşısında bərabər olduqlarına inamın artmasına xidmət etmir? Nəhayət, hakimiyyət Rusiya Federasiyasının özündə millətçiliyin təhlükəli həddədək böyüməsini cilovlamaq niyyətindədirmi?

Əlbəttə ki, “Göy guruldamayınca rus mujiki xaç çevirib dua eləmir” deyimini kimsə ləğv etməyib. Ancaq birdən “göy guruldasa”, “xaç çevirmək” gec olmaz ki...

Yazının rus dilində orijinalını buradan oxuya bilərsiniz.

NURANİ, Siyasi şərhçi

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.