banner
banner

Gündəm

Nərgizin Dəfn Günü – son reportaj - FOTOLAR VƏ VİDEO

Nərgizin Dəfn Günü – son reportaj -

Jurnalist Nərgiz Yaqublunu son mənzilə yüzlərlə insan uğurladı; mərhumun nəşi Qaraçuxur qəbiristanlığında torpağa tapşırıldı

Tofiq Yaqublu: “Nərgiz bu dünyadan getmək istəmirdi...”

Aprelin 23-də səhər saatlarında dünyadan vaxtsız köçən əməkdaşımız, Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu bu gün torpağa tapşırıldı. Mərhumun cənazəsi Tofiq Yaqublunun Qaraçuxurdakı evindən götürüldü
Dəfn mərasimində yüzlərlə insan iştirak edirdi. Onların arasında ölkə müxalifəti və milli-azadlıq hərəkatının liderləri, iştirakçıları, tanınmış simalar var idi. Bir gün öncə qızının yas mərasimində iştirak etmək üçün 7 gün azadlığa buraxılan Tofiq Yaqublu da dəfndə iştirak edirdi.
Mərhumun nəşi 13:00-da çiyinlərə qaldırıldı. Bu zaman mərhumun yaxınları, ailə üzvlərinin acı fəryadı hər kəsi göz yaşlarına qərq etdi. Cənazə Qaraçuxur qəbiristanlığına gedən yolun xeyli hissəsində çiyinlərdə aparıldı.   
 
 
Daha sonra qəbiristanlıqda dəfn mərasimi keçirildi. Tanınmış siyasətçilər mərhumla bağlı xatirələrini danışdılar, acılarını bölüşdülər, Tofiq Yaqubluya başsağlığı verdilər.
Müsavat başqanı Arif Hacılı Nərgiz Yaqublunun təkcə bir ailənin itkisi olmadığını söylədi: “Bu gün mübariz gəncliyimizin simvollarından biri olan Nərgiz Yaqublunu son mənzilə yola salırıq. O, təkcə fədakar, mübariz, əzabkeş  Yaqublular ailəsi, yaxınları, Müsavat Partiyası üçün itki deyil.  Nərgiz Yaqublu bütün demokratik düşərgə, Azərbaycan cəmiyyəti üçün böyük itkidir. Bu günlərdə bütün Azərbaycanın diqqətinin bu hadisəyə yönəlməsi, mətbuat və sosial şəbəkələrdə insanlar arasında müzakirə olunan əsas məsələnin bu olması, xalqımızın kədərlə bu hadisəyə münasibət bildirməsi, minlərlə adamın hüzr mərasimində iştirak etməsi göstərir ki, o, mübariz gəncliyimizin simvollarından biri idi. Cəmiyyət və xalqımızın sevimlisinə çevrilmişdi. Azərbaycandakı avtoritar rejimə qarşı fədakar mübarizə aparan şəxsiyyətlərimizdən biri idi. Biz onun da getdiyi bu yolu davam etdirəcəyik. Onun istəklərinin həyata keçməsi üçün mübarizəmizi ömrümüz boyu aparacağıq. Onun qısa fəaliyyəti ölkəmizin gələcəyini düşünənlər üçün nümunə olacaq. Ona Allahdan rəhmət diləyirik. Başda vicdan məhbusu Tofiq Yaqublu olmaqla, ailəsinə, yaxınlarına və partiyamızın üzvlərinə, demokratik düşərgənin hər bir nümayəndəsinə , xalqımıza başsağlığı veririk. Allah rəhmət eləsin”.
 
 
MSDM-in sədri İsa Qəmbər kədərli faciənin hamının itkisi olduğunu qeyd etdi: “Gənclərin hamısı övladlarımızdır. Amma Nərgiz kimi səmimi olsaq, deməliyəm ki, o, bizim ən sevimli övladlarımızdan biri idi. O, dosta sadiqliyi, azadsevərliyi, səmimiyyəti, ailə, xalqa, haqq-ədalətə bağlılığı ilə bu sevgini qazanmışdı. Hamımız şokdayıq. Bu xəbərə inanmaq istəməmişik. Dünya itki dünyasıdır. Nərgiz xalq və cəmiyyətimiz üçün bir nümunədir. Bəziləri deyirlər ki, xalqımız laqeyddir. Nərgizi tanıyanlar xalqımızı laqeyd hesab edə bilərlər? Deyirlər ki, xalqımız qorxaqdır. Nərgiz bu fikirlərin səhv olduğunu sübut edən insan idi. Milləti ləyaqət nümunələri ilə həvəsləndirmək lazımdır. Başqalarının yanlışıqlarını göstərib, milləti ruhdan salmaq lazım deyil. Nərgizin nümunəsində gəncliyimizi yetişdirməliyik. Nərgiz şərəfli bir ailənin nümayəndəsi idi. O, ailəsi və partiyamıza daim şərəf gətirən insan idi. Onun itkisi bir şəhid itkisidir. Təbii ki, deyiləcək xəstəlikdən vəfat etdi. Niyə o xəstəlik yarandı? Avtoritar rejimlərin yaratdığı mühitin nəticəsidir, artan xəstəliklər. Nərgizimizə nə qədər stresslər yaşadıldı, bu hakimiyyət tərəfindən. Günahsız atasını həbsdə saxlayırlar, bacısı Nigarı təsadüfi avtomobil qəzasına görə, həbsə atdılar. Qanunsuz, ədalətsiz bir məhkəməyə gedərkən, özü və anası qəzaya düşdü. Anası ağır, özü yüngül yaralandı. Bütün bu zərbələri rejim vurmayıbsa, bəs kim vurub? Hər şeyi taleyin boynuna atırıq. Bunların nəticəsi insanları xəstələndirir. Nərgiz həyatı və ölümü ilə hamımıza nümunədir. Nərgizi ömrümüzün axırına qədər qəlbimizdə saxlayacağıq. Tanrı onun ruhunu şad eləsin”.


AXCP sədri Əli Kərimli mərhum barədə bunları dedi: “Tofiq bəy, Allah sənə güc-qüvvət versin. Bütün ailəyə səbir arzulayıram. Nərgiz Azərbaycan xalqına gerçək bir hüzn yaşatdı. Hamımız hüznlüyük. Sizi, ailənizi tanıyan hər kəs bu hüznü paylaşır. Yalnız ona görə yox ki, Nərgiz gənc idi, həyat eşqi ilə yaşayırdı. Səhiyyəmiz elə gündədir ki, tez-tez bu cür hadisələrin şahidi oluruq. Əminəm ki, bu böyük hüznün içində sakit bir etiraz var. Xalqımız ona görə bu hüznün içindədir ki, son illərdə Yaqublu ailəsinin başına gətirilənlərin, məhkəmələrin repressiya aparatı olduğunun şahidi olub. Bəlkə də imkanları olmayıb, etiraz etməyə. Amma görəndə ki, dərdlərin toplaşması, sonda faciə ilə nəticələnib. İndi hamı bu hüznü içində yaşayır. Tofiq Yaqublu, Nigar Yaqubluya qarşı olanlara, bu ailənin çəkdiklərinə, nəhayət gənc qızımızın bizi tərk etməsinə etiraz var. O xəstəliklə adam ölməz. Tofiq bəy azad olsaydı, əminəm ki, Nərgiz ölməzdi. Biz insanca yaşamaq istəyirik. Allah Tofiq bəyə, ailəyə, Nərgizi tanıyanlara güc versin. Əlbəttə ilk növbədə qardaşım Tofiq Yaqublu, sənə səbir diləyirəm. Ağır yükün sınağındasan. Allah güc versin ki, bu yükü qaldırasan. Allah rəhmət eləsin”.
 
Milli Şuranın sədri Cəmil Həsənli ən ağır hadisəni yaşadıqlarını bildirdi: “Biz ailə olaraq, bu faciəni yaşamışıq. Tofiq bəy və ailəsinin dərdi bizə bəllidir. Sıralı ölümə görə,  övlad valideynini dəfn etməlidir. Belə olanda, bu, ölüm olur. Valideyn övladı dəfn edəndə, bu olur, faciə. Nərgizin itkisi böyük faciədir. Əminliklə deyirəm ki, Nərgiz Azərbaycan gəncliyinin nümunəsi idi. O, qısa ömründə vətənə xidmət nümunəsi verdi. Mənim üçün danışmaq çox çətindir. Son illərdə Nərgizlə xeyli təmasımız olmuşdu. Onun böyük arzuları var idi. Əminəm ki, hər kəs onun arzularının həyata keçməsi üçün əməyini əsirgəməyəcək. Böyük itkidir, amma nə etmək? Allah Tofiq bəyə səbir versin. Gənclərimizə, özümüzə səbir diləyirəm. Allah rəhmət eləsin”.
 
 
Müsavat başqanının müavini Səxavət Soltanlı gənclik olaraq, Nərgizin yolunu davam etdirəcəklərini söylədi: “Mənim üçün danışmaq çox çətindir. Nərgizin qarşısında gənclər və öz adımdan söz verirəm ki, onun ideyalarının gerçəkləşməsi üçün var-gücümüzlə mübarizə aparacağıq. Tanrıdan ruhu şad olsun. Hamımıza səbr diləyirəm”.
Sonda mərhumun atası, vicdan məhbusu Tofiq Yaqublu çıxış etdi: “Hamınıza təşəkkür edirəm. Bizim dərdə şərik çıxdığınıza görə. Bir şeyi deyim ki, bu məzarlıq bizim nəslindir. Yəni qohum-əqrəba burada dəfn olunub. Sağlığında Nərgiz dəfələrlə bura gəlib. Siz bir əlamətlərə baxın. Bu gün Nərgizi bura gətirəndə tamam səhv saldıq. Başqa istiqamətə getdik. Tabutu məzara qoymaq istəyəndə, məlum oldu ki, yerləşmir. Nərgiz bu dünyadan getmək istəmirdi. Onun üçün çox üzülürəm. Deyilən sözlərin səmimi olduğuna inanıram. Vətən sağ olsun. Neyləmək olar? Hər şey yaxşı olacaq. Nərgizin apardığı mübarizə, ideyalar həyata keçəcək. Tanrı onun ruhunu şad eləsin”.

Dəfn mərasiminin sonunda Müsavat başqanı Arif Hacılı dövlət himnimizlə mərasimin bağlı elan edildiyini bildirdi:“Əziz həmvətənlər mən əminəm ki, gün gələcək, Nərgizin ideyaları, minlərlə vətəndaşımızın arzuları həyata keçəcək. Nərgiz qısa ömür yaşasa da, onun adı tariximizdə hökmən qalacaq. Təkcə biz yox, gələcək nəsillər də onun mübarizəsindən, həyat yolundan, rejimə qarşı mübarizəsindən nümunə götürüb ruhlanacaq. Onun öz həyatında gördüyü ən böyük iş Azərbaycanın azadlığı uğrunda mübarizəsi idi. Ona görə dövlət himni ilə dəfn mərasimini bağlı elan edirəm”.
Hamı uca səslə himnimizi oxuyandan sonra, mərhumun məzarı önünə qərənfil, nərgiz gülləri və əklillər qoyuldu. Mərhumla vidalaşan hər kəs sanki məzarlığı tərk etmək istəmirdi. Bunu görən Tofiq Yaqublu “Nərgiz bura gəlmək istəmirdi, indi də biz getmək istəmirik”,  -deyərək, göz yaşları ilə qəbiristanlığı tərk etdi. Bundan sonra iştirakçılar məzarlığı tərk etdilər. 
 
Qeyd edək ki, mərhumun üç mərasimi də bu gün keçirilir. 
 
 
Allah rəhmət eləsin!
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.