Azərbaycanın dini icmalarının “Taliban” hərəkatına və onun quracağı yeni Əfqanıstana münasibəti bəlli olmasa da, artıq Ermənistan mediası yazır ki, “Əfqanıstan İslam Əmirliyi Azərbaycanın yeni müttəfiqi olacaq”. Türkiyənin siyasi dairələrində də bəzi iddialar var ki, Türkiyə və Azərbaycan “Taliban” hərəkatı ilə dost Pakistan üzərindən münasibətlər qura biləcək və heç bir qarşıdurma, problem olmayacaq. Hətta İran da artıq “Taliban”la münasibətlər qurmaqda, diplomatik körpülər salmaqdadır. Taliblərin qurduğu dövlətin ideologiyası, xətti nə olacaq, onlar İslam dininə töhfə verəcəklər, yoxsa əksinə?
Yaxın Şərq və dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a deyib ki, Azərbaycan cəmiyyətində Əfqanıstanla bağlı yanlış təsəvvür var: “Guya Əfqanıstan modern dünyəvi ölkə idi. Əvvəla, hətta o arada paylaşılan 50-60-cı illərin Əfqanıstanının dünyəvi qadınları yalnız Kabildə olub, bir də uzağı bir-iki iri şəhərdə, o da nadirən. Qalan ölkə ərazisində qadınlar dindar və başıörtülü olub, kişilər də namaz qılan, dininə bağlı. İkincisi, hətta amerikalıların zamanında qurulan Əfqanıstan dövlətinin rəsmi adı Əfqanıstan İslam Respublikası idi. Yəni onda da dindən uzaq deyildilər. Əfqanıstanda sərt qaydalar, cəzalar, ailə-məişət zorakılıqlarının səbəbi onların inancı deyil, daha çox uzun illərə söykənən, o coğrafiyaya məxsus qəbilə-tayfa adətləri, münasibətlərdir. Bu gün də Hindistan, Pakistan, Əfqanıstanda bir çox məsələlər dövlət və ya dini məhkəmədə deyil, kənd şuralarında daha çox ənənələrə söykənərək həll olunur. Bunun da fəsadları ildən-ilə daha qabarıq görünür. Əfqanıstanın dəyişməsi şansı etiraf etmək lazımdır ki, 60-80-ci illərdə olub. Qəribə də olsa, sovetlər dünyəviləşmənin tərəfində dayanıb, Qərb isə sovetlərə qarşı savaşan bütün qüvvələri, o cümlədən radikal islamçıları, tayfa birliklərini dəstəkləyib. Nəticədə sovetlər, yəni dünyəvilik məğlub olub, şəriət və yerli ənənələr qalib gəlib və ölkə bir az da geriləyib”.

Kənan Rövşənoğlu
Ekspert deyir ki, ümumilikdə Əfqanıstan heç zaman dindən imtina etməyib: “İndi də İslam respublikası İslam Əmirliyi olacaq. Erməni mediasına gəlincə, ənənəvi olaraq Azərbaycana qarşı bütün vasitələrlə qaralama kampaniyası aparırlar. ”Taliban" hazırda Əfqanıstanda hakimiyyəti ələ almaqdadır və yaranmış xaos və pərakəndəlik fonunda Ermənistan mediası Azərbaycan və Türkiyəni “radikal islamçılıq” xətti ilə vurmağa çalışır. Nəzərə almaq lazımdır ki, əvvəla, “Taliban” hələlik Əfqanıstanda tam olaraq hakimiyyətini bərqərar etməyib. Yəni hansısa ölkə ilə müttəfiqlikdən danışmaq tezdir. Azərbaycan Əfqanıstanla dost ölkə olub. Rəsmi Bakı Əfqanıstanda sülh və inkişafa dəstək verib. İndi isə bu ölkədə yeni hərbi-siyasi situasiya yaranıb. İndiki vəziyyətdə Kabillə münasibətlərin necə olacağını demək tezdir. Rəsmi Bakı bu kimi məsələlərdə adətən beynəlxalq birliyin qərarlarını əsas alır. Əgər “Taliban”a münasibət 1996-2001-ci illərdəki kimi olacaqsa, bu halda Bakı da məsafəli davranacaq. Yox, əgər “Taliban” Əfqanıstanın qanuni hakimiyyəti kimi tanınacaqsa, Bakı tarixi, etnik bağların olduğu Əfqanıstana mümkün yardımları etməyə davam edəcək".

Ekspert deyir ki, “Taliban” hərəkatı üzərində Azərbaycanla dost olan Pakistan və Qətərin təsiri var: “Bu təsirin varlığı gizli deyil. Digər tərəfdən, birbaşa sərhədlərimiz olmadığı üçün ”Taliban" Azərbaycan üçün hər hansı ciddi narahatlıq da yarada bilməz. Lakin gedişat göstərir ki, “Taliban”ın legitimləşməsi, dünya birliyi tərəfindən tanınması mümkündür. Çünki ABŞ ilk dəfə 2020-ci ildə “Taliban”la bir masaya oturub müqavilə imzalayıb. İndi də Türkiyə və digər nüfuzlu dövlətlər “Taliban”la danışıqlara gedir. Əgər “Taliban” Əfqanıstanda legitim hakimiyyət kimi tanınacaqsa, əlbəttə, o zaman Azərbaycanla hər hansı ciddi problemləri olmayacaq. “Taliban”ın ideologiyasına gəlincə, SSRİ-nin Əfqanıstana müdaxiləsi dövründə formalaşmış yerli islamçı hərbi-siyasi hərəkatdır. Bu cür hərəkatlar bir çox müsəlman ölkələrində var. İdeoloji olaraq siyasi İslam xəttindədir və bu da İŞİD-dən fərqli olaraq “Taliban”ın digər müsəlman ölkələri ilə əlaqələr qurmasını mümkün edir. Əgər Əfqanıstanda “Taliban” hakimiyyəti leqallaşarsa, milli islamçı hakimiyyət qurulacaq. İrandakı İslam Respublikasının nisbətən fərqli bir forması. Çünki “Taliban” İxvan xəttinə yaxın bir təşkilatdır, siyasi İslam görüşlərini mənimsəyib. Ancaq indidən bu barədə nəsə demək tezdir. Çünki hələlik ortada yalnız müharibə və “Taliban” liderlərinin barışıq mesajları var. Amma sabah nə olacaq, “Taliban”ın quracağı dövlət necə olacaq, onu demək tezdir. Təbii ki, töhfə verməkdən danışmaq tez olardı. Amma aydın məsələdir ki, bütün digər ölkələrdə olduğu kim,i “Taliban”ın hakimiyyətə gəlməsi digər müsəlman ölkələrində, xüsusən də yaxın qonşu ölkələrdə islamçı hərəkatlara ilham verəcək, onları fəallaşdıracaq. Əfqanıstanda isə sabitlik və inkişaf isə yaxın zamanlarda mümkün olmayacaq".


