Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları zamanı paytaxtda və ümumiyyətlə ölkənin hər bir yerində təcili tibbi yardım xidməti yüksək səviyyədə təşkil olunacaq.
Azərbaycanda iyun ayında keçiriləcək I Avropa Oyunları üçün Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasının həkimləri xüsusi təlimlər keçib. Səhiyyə Nazirliyi Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Həmidovun Cia.az-a verdiyi məlumata görə, iyun ayında keçiriləcək möhtəşəm tədbirlərdə baş verə biləcək hansısa hadisədə xəsarət alan olarsa, bu zaman qurumun həkim briqadaları vaxtında tibbi yardım göstərə biləcəklər.
“Həkimlərimiz xüsusi təlimlər keçiblər. Bundan başqa, həkimlərimiz üçün ötən ilin oktyabr ayından pulsuz ingilis dili kursları təşkil olunmuşdu. Onlar kursları keçiblər. Tədbirdə tam gücümüzlə işləmək üçün bütün tədbirlər görülüb”, - deyə Mürsəl Həmidov bildirib.
Stansiyanını direktoru onu da bildirib ki, hazırda təcili yardım həkimləri bütün tibbi lavazımatlar, müasit texnika və dərmanlarla təchiz olunub. Stansiyaların maşınları müasir texnikalarla təchiz edilib.
Mürsəl Həmidovun sözlərinə görə, zərurət yaranacağı halda tibbi yardım xidmətinin təşkili məqsədilə ambulans vertolyotlardan da istifadə ediləcək. Onun bildirdiyinə görə, həmin vertolyotlardan fövqəladə hallarda istifadə ediləcək. Onlar artıq hazır vəziyyətdədirlər.
Bundan başqa, müasir avadanlıqla təchiz olunmuş 100 ədəd təcili tibbi yardım maşını alınıb. Onlardan 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq.
Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyasının müdiri Rauf Nağıyevin ANS PRESS-ə verdiyi məlumata görə, Avropa Oyunlarına xüsusi hazırlıq görülüb.
“Təcili yardım həkimləri onsuzda 24 saat gücləndirilmiş iş rejimində çalışırlar. Oyunlar dövründə Bakı şəhər Təcili Tibbi Yardımın baş idarəsində, operativ şöbədə, bölmələrdə rəhbər heyətdən ibarət növbətçilik tərtib olunacaq. Avropa Oyunları dövründə Bakı şəhər təcili yardım həkimləri Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin əməkdaşları ilə birlikdə növbə çəkəcəklər. Nəqliyyat Nazirliyi və yol polisilə təcili yardım arasında birgə əlaqə qurulacaq ki, yolların bağlanması zamanı həkimlər yollarda qalmasınlar. Həkimlər tıxacda qalmasınlar və əhaliyə vaxtında yardım göstərə bilsinlər”, - deyə Rauf Nağıyev bildirib.
Rauf Nağıyev deyir ki, təcili yardım həkimləri xüsusi treninqlər də keçiblər. Bundan əlavə, həkim briqadaları xarici dil kursları da keçiblər.
“Dava-dərman ehtiyatımız gücləndirilib. Tibbi avadanlıqların hamısı saz vəziyyətindədir. Yeni, müasir tibbi avadanlıqlar alınıb. Həkim briqadaların formaları yenilənir. Təcili yardım maşınların sayı artırılıb. Maşınlarda hər cür tibbi avadanlıqlar quraşdırılıb. GPS sistemi quraşdırılıb. Radio-rabitə vasitələri tam təmin olunub”, - deyə Rauf Nağıyev bildirib.
Avropa Oyunları dövründə ümumilikdə ölkədə bütün tibb məntəqələrində xidmətlər yüksək səviyyədə təşkil olunacaq. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə bildirilib ki, idmançılar və qonaqlar üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib.
Eyni zamanda, digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə müvafiq tibbi xidmətlərin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Su və qida məhsullarının təhlükəsizliyilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb.
Ümid edirik ki, görülən işlər onsuzda inkişaf etməkdə olan səhiyyə sahəmizin güclənməsinə təkan olacaq.



Cia.az


