"Rəsmi məlumatlara görə, ölkə üzrə sağlamlıq imkanları məhdudluğu müəyyən olunmuş 62 000-dən çox uşağın 7517 nəfərinin (5642 nəfəri şəhər, 1875 nəfəri isə kənd yerlərində olmaqla) nitq qabiliyyətində müəyyən problemləri var. Bu qəbildən olan uşaqların bir çoxunda nitq qabiliyyətinin zəif inkişaf etməsinin əsas səbəblərindən biri də məhz XXI əsrin qlobal problemlərindən biri olan autizm sindromudur. Belə ki, dünyada təxminən 70 milyon insan autizmin qurbanıdır. Narahatlıq doğuran məsələlərdən biri də ondan ibarətdir ki, bu rəqəm hər il artmaqdadır".
Bu fikirlər Bakıda keçirilmiş “Nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların reabilitasiyası və inklüziv təhsil imkanlarının artırılması” mövzusunda keçirilmiş seminarda səsləndirilib.
Seminar “Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyinin (ƏCİİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Eşitmə və nitq qabiliyyəti zəif olan məktəbəqədər yaşlı uşaqların inklüziv təhsil imkanlarının artırılmasına dəstək məqsədilə təlim və seminarların həyata keçirilməsi” adlı layihəsi çərçivəsində Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali məktəblə birgə təşkil etdiyi Dünya Autizm Maarifləndirmə ayına həsr olunub.
Təəssüflər olsun ki, qeyri-rəsmi məlumata görə, Azərbaycanda da 4 mindən çox uşaq bu sindromdan əziyyət çəkir və ölkəmiz autizm sindromlu uşaqların artımına görə, 2014-cü ildə dünya ölkələri sırasında 3-cü yeri tutub. Heç də təsadüfi deyildir ki, BMT-nin 18 dekabr 2007-ci il tarixli qərarı ilə 2 Aprel – Dünya Autizm Maarifləndirmə Günü kimi təsis olunmuş və aprel bütünlüklə Dünya Autizm Maarifləndirmə ayı elan edilmişdir. Bütün dünya ölkələrində olduğu kimi, artıq bir neçə ildir ki, aprel ayının 2-dən etibarən ayın sonunadək ölkəmizdə də bu münasibətlə müxtəif maarifləndirmə tədbirləri təşkil olunur.
Təbii ki, eşitmə azlığı, autizm sindromu və digər bu kimi səbəblərlə əlaqədar nitq qabiliyyəti zəif inkişaf edən, lakin müəyyən qədər reabilitasiya potensialına malik olan uşaqların cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına nail olmaq məqsədilə onların kompleks şəkildə reabilitasiya (tibbi, sosial, peşə-əmək, psixoloji və pedaqoji) xidmətlərinə cəlb olunması və ümumi təyinatlı təhsil müəssisələrində digər həmyaşıdları ilə birgə inklüziv təhsil almaları üçün zəruri şəraitin yaradılması çox vacibdir.
Cia.az


