banner
banner

Gündəm

Azərbaycanda Kosmik Mərkəz yaradılır

Azərbaycanda Kosmik Mərkəz yaradılır
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayev Trend-ə bildirib ki, rəsədxananın ərazisində inşa olunan Kosmik Hava Mərkəzinin səkkizguşəli binasının tikintisi artıq yekunlaşıb. Mərkəzin bu ilin sonuna kimi tam şəkildə işə başlayacağı gözlənilir.
Mərkəzin binasının damı anten və digər qəbuledici cihazların yerləşdirilməsi üçün xüsusi şəkildə düzəldilib. Binanın daxilində - döşəmədə isə maqnitometrin qoyulması üçün xüsusi bir “yuva” da nəzərdə tutulub. Maqnitometr Yerin maqnit sahəsinin fluktuasiya edən komponentini ölçməyə imkan verəcək.
 
E.Babayev deyib ki, mərkəzə kosmik hava monitorinqi ilə bağlı ən müasir cihazların gətirilməsi nəzərdə tutulur. Artıq bir neçə cihaz mövcuddur. Hazırda ABŞ-ın Stenford Universitetindən gətirilmiş çox aşağı tezlikli (VLF) elektromaqnit dalğalarını qəbul edən cihaz uğurla işləyir.
 
Rəsədxananın direktor müavininin sözlərinə görə, belə cihazların şəhər mühitindən uzaqda yerləşdirilməsinin böyük əhəmiyyəti var. Çünki belə cihazlar, adətən, böyük şəhərlər daxilində, hətta onun ətrafında yerləşdirilərsə, texnogen xarakterli təsirlər düzgün elmi nəticələrin ortaya çıxmasına mane olur.
 
E.Babayev qeyd edib ki, bu mərkəz həm kosmik hava sahəsində elmi məsələlərin araşdırılması, həm də elmin kütləviləşdirilməsi istiqamətində mühüm rol oynaya bilər. Mərkəz fəaliyyətə başladıqdan sonra Günəşdə baş verən prosesləri, alışmaları, Günəşdən olan tac atılmalarının, geomaqnit qasırğalarının təsirlərini real şəkildə izləmək mümkün olacaq. Bunlar isə düzgün olmayan elmi məlumatların yayılmasının qarşısını alacaq.
 
Onun sözlərinə görə, son 30-40 il ərzində formalaşan kosmik hava termini Günəşdə baş verən dəyişiklikləri, əsasən, Günəş fəallığını, Günəş fəallığının təzahürləri olan geomaqnit fəallığını, kosmik şüalar fəallığını, bunların planetlərarası fəzada, xüsusi halda isə Yerüstü və Yerətrafı fəzada fəaliyyət göstərən texnoloji sistemlərə, Yer üzərində olan bütün bioloji sistemlərə, o cümlədən insana təsirini özündə ehtiva edən böyük bir anlayışdır. Mərkəz tərəfindən kosmik hava proqnozlarının verilməsi Günəşdə baş verən dəyişikliklərin adıçəkilən sistemlərə olan təsirlərini minimuma endirə biləcək.
 
Kosmik texnologiyaların inkişafı ilə bu sahəyə marağın getdikcə artdığını deyən E.Babayev bildirib ki, Günəşdə baş verən dəyişikliklərlə bağlı Azərbaycanda kompleks şəkildə işlər yalnız son 10-15 il ərzində aparılmağa başlanıb. Hazırda Azərbaycanda bu sahədə demək olar ki, məktəb yaranıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.