banner
banner

Sosİal

Ölkədə qeyri-rəsmi matəmdir...

Ölkədə qeyri-rəsmi matəmdir...

Deputatlar 15 nəfərin ölümünə görə rəsmi matəm edilməməsinin səbəblərindən danışdılar 

Mayın 19-da Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli bina yandı. 5-i azyaşlı uşaq olmaqla, 15 nəfərin ölümü ilə nəticələnən bu faciəyə görə matəm elan olunmadı. İnsanları bu sual da düşündürür ki, bu olaya görə matəm elan edilməli idimi? 

Xatırladaq ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ölkədə səkkiz dəfə rəsmən matəm elan olunub.
Maraqlıdır, baş verən son faciənin hər kəsdə sarsıntı yaratdığını nəzərə alsaq, buna görə matəm elan olunmasına ehtiyac vardımı?
Deputat Fazil Mustafa rəsmi olaraq matəm elan edilməsinin tərəfdarı olmadığını dedi: “Matəm insanları süni alışqanlığa yönləndirir. Yəni ki, rəsmi matəm elan olunanda hamı üz ifadəsində bu günün müəyyən hüznünü və ya acısını göstərməyə çalışır. Faktiki olaraq Azərbaycan xalqı bu matəmi saxlayır. 
 
Bu matəm hər kəsin evinə daxil oldu. Hər kəs eyni duyğuları paylaşdı. Xalqımızın tarixində matəm günləri çox olduğuna görə mən matəm mərasimlərinin təşkil olunmasının tərəfdarı deyiləm. Bu, ibrət götürülməli bir haldır. Zərərçəkmişlərə ciddi kömək göstərilməli, dərhal evlə təmin olunmalıdırlar. Amma bunu ayrıca matəm günü kimi qeyd etmək rəsmi insanların matəmə cəlb olunması kimi olur. Faktiki olaraq insanlar bu acını qəlbən yaşadı. Ona görə də zərərçəkmiş insanların sonrakı aqibəti ilə maraqlanmaq daha doğru olar. Matəm ənənəsinə ölkəni gətirmək doğru deyil. İndiki halda ən azı dövlət başçısının problemə müdaxiləsi cəmiyyətdə müsbət qarşılandı. O baxımdan ki, problemlər ən yüksək səviyyədə dilə gətirildi. Bundan sonra belə hadisələrin baş verməməsi üçün bir iradənin ortaya qoyulacağı ümidi yarandı”.
 
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə matəm elan edilib-edilməməsinin xüsusi bir əhəmiyyəti olmadığını bildirdi: “Bu, bir millət üçün ağır dərddir. 15 nəfərin ölümü, onların içərisində də azyaşlı uşaqların ölümü insanın içini parçalayır. Gündəlik həyatına belə təsir edir. Amma matəm elan etməklə heç nəyi dəyişə bilmərik. Hər birimiz faciənin ağrı-acısını yaşayırıq. Kütləvi informasiya vasitələri də o aurada, atmosferdə işini davam etdirməlidir. Ən azı ona görə ki, onların hər biri vətən övladıdır. Matəm elan edilib edilməməsinin xüsusi bir əhəmiyyəti yoxdur. Əgər matəm elan olunandan sonra nəyisə dəyişmək olacaqsa, o zaman hər gün matəm elan edək. Onsuz da bu hadisəyə vicdanlı insanların hamısının ürəyi ağrıyır”.
 
Deputat Zahid Oruc qeyri-rəsmi olaraq matəmin yaşandığını dedi: “Azərbaycan müstəqillik qazanandan bu yana torpaqların işğalı və Ermənistanın aqressiyası fonunda o qədər böyük itkilərimiz olub ki, istənilən belə hadisələr, təhlükələr dövründə xalq birləşir, mütəşəkkil hərəkət etməyi bacarır. Sonuncu hadisədə də biz bunun şahidi olduq. Millətin bir-birinə sarılan əlləri, həm oradakı dövlət qurumu nümayəndələrinin, cəmiyyət adamlarının, həmçinin ora getməyənlərin belə bu ağrını öz içərisində daşımağı, o kədərə şərik olması əslində bu matəmin qeyri-rəsmi şəkildə yaşandığını göstərdi. Azərbaycanda artıq sözün həqiqi mənasında milli səfərbərlik var. Matəmin rəsmiləşdirilməsində niyyət cəmiyyətdə bu hüznü yaşamaq, ictimai iaşə müəssisələrinin tədbirlərini müəyyən mənada çərçivələmək, efir məkanına bunu gətirməkdən gedirsə, bu baş verdi. Hansısa kiçik yanlışlıqları çıxmaq şərtilə, bütövlükdə millətimiz bu matəmi yaşadı. Matəm yalnız dərdə şəriklik deyil, həm də millətin bundan bir örnək götürməsi, bu hadisələrin bir daha təkrarlanmaması üçün dərslər almasıdır. Ona da dövlət rəhbəri dünənki çıxışında ən yüksək qiyməti verdi. Ona görə də mənim aləmimdə Azərbaycanda qeyri-rəsmi matəm yaşandı”.
 
Deputat Fəzail Ağamalı isə matəm elan edilməsi ilə bağlı onun fikir irəli sürməsinin düzgün olmadığını dedi: “Baş verən faciə ilə bağlı təəssüf hissimi bir daha ifadə edirəm. Faciə nəticəsində həlak olan soydaşlarımızın yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Günahsız insanları heç nədən həyatlarını itirməsi çox kədərli bir hadisədir. Günahkarların tam cəzalanacağına mənim heç bir şübhəm yoxdur. 

Ölkə prezidentinin bununla bağlı məsələni kəskin şəkildə ortaya qoyması bir daha əminlik yaradır ki, günahkarların heç biri cəzasız qalmayacaq. Bütün bunların fonunda matəm elan olunub-olunmaması haqda mənim güman və fərziyyələr irəli sürməyim düzgün çıxmazdı. Hər halda, matəm günlərinin keçirilməsi ilə bağlı müəyyən prinsiplər, şərtlər var. O şərtlərə, prinsiplərə uyğun olaraq dövlət öz ölkəsində baş vermiş hadisə ilə əlaqədar matəm elan edir. Bu hadisənin matəm elan edilməsi ilə bağlı matəmin prinsipləri ilə nə dərəcədə üst-üstə düşüb düşməyəcəyi haqda məlumatım olmadığına görə buna fikir bildirə bilmirəm”.

 
 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.