Yanğınla bağlı Vasif Talıbovun qohumu həbs edildi; Xətaidəki oxşar faciə ilə bağlı da 3 nəfər saxlanılıb; istintaq təxribat və terror versiyası üzərində də işləyir
15 nəfərin həyatına son qoyan, 50 nəfərin yaralanması ilə nəticələn yanğınla bağlı istintaq gedir. Binadakı yanğının hansı səbəbdən baş verdiyini istintaq ortaya qoymalıdır. İstintaq bir çox məsələlərə aydınlıq gətirməli, çox çətin suallara cavab verməlidir. Binanın üzlüyünə qatılmalı olan və tez alışmasının qarşısını alan maddəni istehsalçının niyə istifadə etməməsindən tutmuş, qəsdən yandırılma fərziyyəsi də diqqətlə yoxlanılmalıdır. Yanğından sonra prezident yanında Dövlət Komissiyasının ilk iclasında baş prokuror Zakir Qaralov deyib ki, qəsdən yandırılması fərziyyəsini istisna etmirlər.
“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış musavat.com-a bu fərziyyənin yoxlanılmasının mümkünlüyü haqda fikirlərini açıqlayıb:
“Qəsdən yandırılma versiyası hökmən araşdırılmalıdır. Bu gün Azərbaycan elə bir durumdadır ki, hər bir şey ola bilər. Fridrix Engels deyir ki, insanlar təbiət üzərində qazandıqları hər hansı qələbəyə sevinməsinlər, təbiət həmin qələbələrin əvəzini onlardan ikiqat çıxır. Azərbaycanın məmurları düşünür ki, insanları əzməklə, korrupsiyaya qurşanmaqla, pul oğurlamaqla kef edəcəklər, cəmiyyət isə baxacaq. Bilmirlər ki, cəmiyyət aqressiv inkişaf qanunu ilə inkişafdadır, cəmiyyət oğruluqların, cinayətlərin qarşısını almaq üçün nəsə düşünəcək. İlk növbədə yanğın texniki ekspertizası təyin olunmalı, yanğının başvermə səbəbi müəyyən olunmalıdır”.
M.Baxış ölkədə baş vermiş yanğınla bağlı obyektiv rəy verə biləcək ekspertizanın yoxluğunu qeyd etdi:“Obyektiv araşdırma aparılması üçün yanğının nədən baş verdiyi müəyyən olunmalıdır. Əgər müəyyən olunsa ki, yanğın kənar müdaxilə nəticəsində baş verib, deməli, bu, qəsdən törədilib. Dövlət Komissiyasının iclasında dedilər ki, ilk dəfə belə bir hadisə 2012-ci ilin dekabrında Sumqayıtda baş verib. Deməli, hüquq mühafizə orqanlarının hələ o zamandan məlumatı olub ki, poliuretanla üzlənən binalar təhlükədədir. Hər bir an böyük təhlükə ola bilər. Buna görə də vicdanlı ekspertin verəcəyi rəy sonda olduğu kimi ictimaiyyətə təqdim olunsun”.
M.Baxış ölkədə yanğınla bağlı rəy verə biləcək mütəxəssislərin biliklərinə şübhələrinin olduğunu gizlətmir. Qeyd edir ki, digər tərəfdən də həmin mütəxəssislərə çox ciddi təsirlər olacaq və nəticədə qeyri-obyektiv rəy ortaya çıxacaq.
Binada baş verən yanğının qarşısının alınması üçün əraziyə cəlb edilən yanğınsöndürən briqadaları xüsusi tərkibli mayedən istifadə edib, bu gün isə binanın üzlüyü sökülür. Bu şərtlər yanğınla bağlı obyektiv rəy verilməsinə əngəl yaratmayacaq ki?
M.Baxış deyir ki, yanğınla bağlı texniki ekspertizaya bu şərtlərin təsiri minimaldır: “Yanğın benzinlə, qazla törədilib, yoxsa zibildən olub, bunu ekspertiza müəyyən edəcək. Bu şərtlərin təsiri yox səviyyəsindədir. Mütəxəssislər yanğının harada və nədən baş verdiyini müəyyən edə bilirlər. Mütəxəssislər xüsusi biliyə malik olan şəxslərdir, yanğının hansı nöqtədən baş verdiyini müəyyən edə bilir”.
Yanğın zamanı 15 şəxs həlak olub. Onlardan yalnız bir nəfər özünü binadan atıb. Həmin şəxs binada kirayədə yaşayan Yaşar Nəcəfovdur. O, Azərbaycan Texniki Universitetini bitirib. Yunan-Roma güləşi üzrə dəfələrlə regionlararası yarışlarda birinci yerə çıxıb. Allah rəhmət eləsin. İstintaq idmançının binadan niyə pilləkənlərlə çıxmaq əvəzinə özünü atması versiyasına diqqət etməlidirmi? Y.Nəcəfov oradan atıla bilərdimi?
M.Baxış deyir ki, məsələ hərtərəfli araşdırılmalıdır: “Bu versiya araşdırılmalıdır. Bilirsiniz ki, baş prokuror Dövlət Komissiyasının iclasında dedi ki, onlarda yanğının necə törədilməsi haqda versiyaları var və Milli Təhlükəsizlik Nazirliyi ilə bu məsələni araşdırırlar”.
Mümkündürmü ki, binada yaşayan kirayəçilərin mənzillərini müəyyən edib onun mənzilinə bəhanə ilə giriblər, mənzilin pəncərəsindən tezalışan üzlüyü yandırıb kirayədə yaşayanı da aradan götürüblər? Sonradan bu əməlin xoş-zor şahidi olan kirayəşini aradan götürmək üçün yanğın zamanı əmələ gələn zəhərli qazdan zəhərlənmə və ya binadan tullanma kimi qiymətləndirilməsinə süni əsas yaratsınlar?
M.Baxış deyir ki, kifayət qədər şübhələr olacağı təqdirdə, bu fərziyə də araşdırılmalıdır: “İdmançının özünün 8-ci mərtəbədən atmasının səbəbləri araşdırılmalıdır. İdmançı özünün 8-ci mərtəbədən atmasının təhlükəsini dərk etməli idi. İdmançı niyə qaça-qaça binadan çıxmayıb? Yəqin ki, istintaq bu fərziyyəni diqqətə götürəcək və araşdıracaq”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abdutalıbov da “Yeni Müsavat”ın bugünkü sayında müsahibəsində yanğının qəsdən törədilməsini istisna etməyib. Deyib ki, bu, istintaqın araşdıracağı məsələdir. “Komissiyanın araşdırmasında bu ehtimal da var. Hər bir fikir, ideya, ehtimal hamısı bir-bir yoxlanılır. Tam məlumatı hüquq mühafizə orqanları verəcək” - deyə Hacıbala Abutalıbov bildirib.
Qeyd edək ki, Bakıda yanğın baş vermiş binanın fasadının təmir olunmasında iştirak edən “Global Construction” şirkətinin rəhbərinin ifadəsinə görə istifadə olunan materiallar Türkiyədən alınıb. Ədliyyə Nazirliyinin ekspertiza institutunun və Azərbaycan Milli Elmlər Akademiyasının Kimya İnstitutunun da mütəxəssisləri istifadə olunan kimyəvi materialları araşdırırlar. İlkin əməliyyat məlumatlarına görə, materiallara hansısa məhlul qatılmayıb. Araşdırmaya məlum olub ki, bu materialın arasında izolyasiya materialı yerləşdirilməlidir. Bu haqda Z.Qaralov yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında demişdi. Baş prokuror çox maraqlı bir faktı da açıqlamışdı. Demişdi ki, “Global Construction” tərəfindən görülmüş işlər nəticəsində daha iki hadisə - 2012-ci il dekabr ayında Sumqayıt şəhərində və 27 fevral 2015-ci ildə Xəzər rayonunun Buzovna qəsəbəsində baş verib. Yada salaq ki, daha bir poliuretan üzlüklü binanın fasadında yanğın Xətai rayonunda, 2015-ci il aprelin 11-də baş verib.
Baş prokuror həmçinin istintaq əməliyyat qrupu tərəfindən 100 nəfərdən artıq şahidin dindirildiyini, müxtəlif ekspertizalar təyin edildiyini, qəsdən yandırılması fərziyyəsinin də araşdırıldığını vurğulamışdı.
Baş vermiş yanğınla bağlı daha bir nəfər həbs olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla əlaqədar binanın “poliuretan” materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Bakının Xətai rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı 3 nəfər həbs olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda “TNH” şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğının baş verməsi faktı üzrə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində başlanmış cinayət işi Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq edilən cinayət işinə birləşdirilməklə vahid icraatda istintaqı davam etdirilir.
Cinayət işi üzrə aparılan baxış, axtarış, götürmə istintaq hərəkətləri ilə “TNH” şirkətinin fəaliyyətinə, istehsal etdiyi “poliuretan” məmulatının keyfiyyət və istehsal texnologiyasına dair zəruri materiallar, həmçinin iş üçün əhəmiyyət kəsb edən digər sənədlər müvafiq qaydada maddi sübut kimi götürülüb.
Ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui-istifadə edərək yanğın təhlükəsizliyi qaydalarını kobud surətdə pozaraq Xətai rayonu ərazisində yerləşən qeyd edilən yaşayış binasına və bina sakinlərinə külli miqdarda maddi ziyan vurulmasına səbəb olan əməllərinə görə “TNH” şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərliyi həyata keçirən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov CM-nin 225.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nəsimi rayon məhkəməsinin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. AzPolitika xəbər verir ki, Qəzənfər Novruzov Naxçıvan MR Daxili İşlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.
Q.Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub.
Qəzənfər Novruzovun qardaşı Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir.
Q.Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbayel Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş vermiş dəhşətli yanğınla bağlı keçirdiyi sonuncu iclasda bu faciənin günahkarlarının kimliyindən asılı olmayaraq cəzalandırılacağını bildirmişdi.
Cia.az