Hər gün iş vaxtı sona çatanda əksər sürücülər yola daha tez çıxmağa, evə getməyə tələsirlər ki, tıxaca düşməsinlər. Bu tələskənlik də bir çox hallarda qəzalara səbəb olur. Elə dünən axşamüstü “Marriott Absheron” otelinin yanında olduğu kimi... Bu qəzada bir neçə maşın əzildi.
“Marriott Absheron” otelinin yerləşdiyi Rixard Zorge və Zərifə Əliyeva küçələrinin kəsişməsi belə qəzalar tez-tez olur. Bir növ, qaydaya çevrilib. İyunun 3-dəki qəza da onlardan növbətisi idi. Bir sürücünün diqqətsizliyi bir neçə maşının ciddi maddi zərərə düşməsi ilə nəticələndi.

Virtualaz.org saytının əməkdaşları redaksiyanın necə deyərlər, düz qənşərində müntəzəm baş verən qəzalardan, gurultudan, o dəqiqə hadisə yerinə toplaşan adamların hay-küyündən sözün əsl mənasında bezdikləri üçün bu suala cavab axtarıblar: bu iki küçənin kəsişməsində axı nələr baş verir, burada qəzalar niyə çox olur?
Son qəza “Porsche” markalı avtomobilin sürücüsü Z.Əliyeva küçəsindən Zorge küçəsinə dönmək istədiyi an baş verdi. Sükanı arxasında gənc xanımın oturduğu “Porsche” birdən-birə üç minik maşınına çırpıldı.
Həmin maşınların sürücüləri arasında getdikcə qızışan mübahisəni hadisə yerinə gəlmiş Dövlət Yol Polisi (DYP) əməkdaşları sakitləşdirdi. Yol polisi hadisə yerini müayinə edərkən günahın “Porsche”nin sürücüsündə olduğunu o dəqiqə müəyyənləşdirdi. Məlum oldu ki, xanım sürücü idarəetməni itirib.
“Porsche”nin sürücüsü isə başqa arqument gətirdi: “Burada həmişə “Yol ver” işarəsi olurdu. İndi isə nəyə görəsə yoxdur. Ona görə də yolun mənim olduğunu düşündüm”.
O, haqlı idi. Redaksiyamızın avtomaşını olan əməkdaşları da bu küçələrin kəsişməsində əvvəllər doğrudan da həmin yol işarəsinin olduğunu təsdiqlədilər. O işarə indi yerində deyil. Həmin yol işarəsini axtarmağa qərar verən əməkdaşlarımız onu yaxınlıqdakı tikinti meydançasında, zibillərin arasında tapdılar. Redaksiyamızın yerləşdiyi ofisdə çalışan digər şəxslər isə həmin işarənin azı bir ay qabaq çıxarılaraq atıldığını bildirir.
Bu məsələyə münasibət öyrənmək üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polkovnik Vaqif Əsədova müraciət etdik.
V.Əsədov bildirdi ki, həmin küçələrin kəsişməsindəki vəziyyətdən xəbərdardırlar və DYP bu ərazidə qəzaların qarşısını almaq üçün artıq tədbir görməyə qərar verib. Yol işarəsi yerinə qaytarılıb, videomüşahidə kameraları quraşdırılıb.
Bununla belə V.Əsədov hesab edir ki, şəhərdəki qəzaların əsas səbəbi sürücülük mədəniyyətinin aşağı olmasıdır: “Sürücülər yol nişanlarına bəzən sadəcə olaraq məhəl qoymurlar. Hər yol nişanının yanına da bir yol polisi əməkdaşı da qoymaq olmur axı. Sürücülər özləri də diqqətli olmalıdır”.
Virtualaz.org


Cia.az


