"Türkiyədə təkrar seçkilərin keçirilməsi ehtimalı zəifdir, amma bu ehtimalı tamamilə yox hesab etmək də düzgün deyil. Çünki AKP və faktiki olaraq onun başında duran Rəcəb Tayyib Ərdoğan seçkilərdə birinci partiya olmadığına, onun prezident üsul-idarəsi tətbiq etmək arzusu yerinə yetmədiyinə görə o, hələ bir müddət manevrlər edəcək. Bu da AKP-nin koalisiya yaratmağa meylli olmamasında özünü göstərəcək".
Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, koalisiya qurulmasının baş tutmaması üçün AKP elə şərtlər irəli sürəcək ki, həmin şərtlər qarşı tərəfdən qəbul edilməyəcək. "Nəticə etibarilə cəmiyyətdə gərginlik artacaq, qiymətli kağızlar qiymətdən düşəcək. Ümumiyyətlə, iqtisadi göstəricilər pisləşəcək. Cəmiyyətin müəyyən hissəsində belə əhval-ruhiyyə yaranacaq ki, birpartiyalı sistem yaxşı imiş. O zaman heç bir hay-küy, siyasi toqquşmalar olmur. Buna görə də təkrar seçkilər keçirilsə, daha yaxşı olar", - deyə Qabil Hüseynli əlavə edib.
Politoloqun fikrincə, bu əhval-ruhiyyəni hiss edən Türkiyə prezidenti əlindən gələni edəcək ki, koalisiyanın qurulması alınmasın və təkrar seçkilərə gedilsin.
Politoloq Fikrət Sadıqov isə Türkiyədə təkrar seçkilərin keçirilməsinə inanmır. "Tarix təsdiq edir ki, əgər hakim partiya müəyyən faiz səsləri uduzursa, o heç vaxt təkrar seçkilərə gedə bilməz. Çünki o, bununla faktiki olaraq öz məğlubiyyətinə imza atmış ola bilər", - deyə ekspert bildirib. Onun sözlərinə görə, hazırda yeganə problem koalisiyanın təşkil edilməsidir. "Bunun üçün isə tərəflər arasında qarşılıqlı kompromis olmalıdır. Bu yolla gec-tez koalisiya qurulacaq".
Fikrət Sadıqov həmçinin qeyd edib ki, təkrar seçkilərin keçirilməsi üçün əsas olmalıdır. "Lakin mən əmin deyiləm ki, hansısa müxalif partiya ikinci dəfə seçkilərin keçirilməsinə razı olsun", - deyə politoloq əlavə edib.
Politoloq Tofiq Abbasov da qonşu ölkədə təkrar seçkilərin real olmadığını bildirib. "Fakt olaraq 2-ci, 3-cü və 4-cü yerləri tutan partiyaların özləri də razılığa gələ bilərlər. Halbuki 4-cü yeri tutmuş Dəmirtaşın partiyası ilə millətçilər bir araya gəlmək istəmirlər. Ancaq ümumi rəqib AKP olduğu üçün hətta onlar da razılğa gələ bilərlər və 3-lük bir yerdə hökumət formalaşdıra bilər".
Onun sözlərinə görə, təkrar seçkilərin keçirilməməsinin bir səbəbi də ölkənin ağır iqtisadi vəziyyətidir. "Çünki bu, kifayət qədər böyük və maliyyə tələb edən kampaniyadır. Digər tərəfdən sıravi seçicilər arasında qıcıq doğura bilər". Politoloq bildirib ki, hal-hazırda Türkiyədə ən əsas məsələlərdən biri hökumət böhranının qarşısını almaqdır.
"Bundan başqa, Ərdoğanın partiya işlərinə müdaxiləsinin yolverilməzliyi rəqib partiyalarda əzm yaradır", - deyən Tofiq Abbasov 2-ci, 3-cü və 4-cü yerləri tutan partiyaların koalisiya yarada biləcəyini mümkün sayır. "Amma ona qədər AKP də əvvəl bəyan etdiyi prioritetlərdən geri çəkilərək özünə tərəfdaş tapa bilər. Fikrimcə, yaxın 45 gün ərzində Türkiyənin yeni hökuməti formalaşacaq. Zənn edirəm ki, bu, prezident səviyyəsində də çox vacib məsələdir və Ərdoğan da bunda maraqlıdır", - deyə politoloq əlavə edib.
Cia.az


