Möhtəşəm açılış törəninə dünyanın xeyli ölkəsinin rəhbərləri gəldi; prezident İlham Əliyev: “Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edirəm; əminəm ki, bu idman yarışı dostluq, mehribanlıq bayramına çevriləcək”; ilk günün yarışlarının nəticələri...
İyunun 12-də Bakıda I Avropa Oyunlarının açılış mərasimi keçirildi. Oyunlar stadionunda təşkil olunan törəndən öncə Heydər Əliyev Mərkəzində “Bakı-2015" birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub.
Prezident və “Bakı-2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşüblər.
Rəsmi qəbulda I Avropa Oyunlarına dair qısa videoçarx nümayiş etdirilib.
Prezident rəsmi qəbulda çıxış edərək qonaqları salamlayıb: “Bu hadisə münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını, bütün Avropa xalqlarını təbrik edirəm. Əminəm ki, bu idman yarışı dostluq, mehribanlıq bayramına çevriləcək”.
Dövlət başçısı bu oyunların Bakıda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb: “Hesab edirəm ki, burada idmançılarımızın uğurları ilə yanaşı, digər amillər də öz rolunu oynamışdır. Azərbaycanda çox inkişaf etmiş idman infrastrukturu yaradılmışdır. Bizim bölgələrimizdə 50-yə yaxın olimpiya idman mərkəzi yaradılmışdır. Bakıda isə bütün idman qurğuları, idman obyektləri ən yüksək standartlara cavab verir. Oyunların iştirakçıları və qonaqlar özləri bunu təsdiq edəcəklər”.
Prezident şəhər infrastrukturunun Oyunlara hazırlıq zamanı inkişaf etdirildiyini qeyd edib: “Nəqliyyat sistemimizin, xidmət sektorunun təkmilləşdirilməsi, yeni otellərin açılışı əlbəttə ki, gələcəkdə Azərbaycana gələn turistlərin sayını böyük dərəcədə artıracaq. Eyni zamanda Avropadan gələn minlərlə qonaq Azərbaycanı yaxından tanıyacaq. Əminəm ki, onların bir çoxu gələcəkdə Azərbaycana qayıtmaq istəyəcəklər”.
Prezident Azərbaycanın hazırkı siyasi vəziyyətindən də danışıb: “Ölkənin uğurlu dayanıqlı inkişafı təmin edilir. İqtisadi inkişafımız da xalqımızı sevindirir. Bu il iqtisadiyyat 5 faizdən çox artmışdır. Son 10 il ərzində isə dünya miqyasında Azərbaycan iqtisadiyyatı ən sürətli templərlə inkişaf etmişdir və 3 dəfədən çox artmışdır. Bütün bu amillər, əlbəttə, bizə imkan verir ki, biz bu Oyunları yüksək səviyyədə keçirək. Biz buna çalışmışıq və əminəm ki, qonaqlar Oyunları böyük maraqla izləyəcəklər. Bir önəmli amili də qeyd etmək istəyirəm. Bu da Oyunlara ictimaiyyət tərəfindən verilən dəstəkdir. Azərbaycan xalqı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini ürəkdən alqışlayır. Bu, son iki il ərzində bir növ ümumxalq məsələsinə çevrilmişdir. Oyunların məşəlini bütün bölgələrdə, o cümlədən Bakıda qarşılamaq üçün iki milyona yaxın insan küçələrə, meydanlara çıxmışdır ki, məşəli salamlasın və Oyunlara öz güclü ictimai dəstəyini versin... Oyunlardan sonra əlbəttə ki, həyat davam edəcək. Azərbaycan digər böyük mötəbər idman yarışlarına ev sahibliyi edəcək. 2016-cı ildə Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Eyni zamanda 2016-cı ildə ”Formula-1" yarışı Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəylik Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının qrup mərhələsi və dörddəbir final yarışları Bakıda keçiriləcək. Yəni Azərbaycan artıq idmanın inkişafı istiqamətində öz rolunu dünyaya göstərib. Əminəm ki, Bakıya gələn və gələcək yarışlarda iştirak edəcək idmançılar, qonaqlar ölkəmizdən ən xoş təəssüratlarla ayrılacaqlar. Bizim üçün bu tarixi bir gündə bütün idmançılara, bütün qonaqlara bir daha “Xoş gəlmisiniz” deyirəm, idmançılara uğurlar arzulayıram. Qoy güclü qalib gəlsin. Sağ olun".
Açılışa aşağıdakı dövlət rəhbərləri və rəsmiləri qatılıblar:
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan.
- Rusiya prezidenti Vladimir Putin
- Serbiya prezidenti Tomislav Nikoliç
- Monteneqro prezidenti Filip Vuyanoviç
- Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç
- Belarus prezidenti Aleksandr Lukaşenko
- Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov
- Tacikistan prezidenti Emoməli Rəhmon
- Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri
- Monako Knyazlığının şahzadəsi II Albert
- San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini
- Bolqarıstanın baş naziri Boyko Borisov
- Gürcüstanın baş naziri İrakli Qaribaşvili
- Qırğızıstanın baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov,
- Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek
- Slovakiya Parlamentinin sədri Peter Pelleqrini,
- Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf
- Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev
- Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron
- Ukrayna Dövlət Fiskal Xidmətinin sədri
- Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov
- Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani
- Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad
- Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah,
- Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov
- Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
- Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi
- İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi
- Türkiyənin energetika naziri Taner Yıldız
- Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud
- Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca
- İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri
- Latviyanın sabiq Prezidenti Valdes Zatlers
- Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax
- Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Törənə Azərbaycan müxalifətinin lider və funksionerləri - Pənah Hüseyn, İqbal Ağazadə, Mirmahmud Mirəlioğlu, Tahir Kərimli, Sərdar Cəlaloğlu, Əli Əliyev, Razi Nurullayev və digərləri qatılıblar.
***
Musavat.com-un Olimpiya Stadionuna akkreditə olunan əməkdaşının məlumatına görə, saat 21:00-da 68 min tamaşaçı tutumuna malik stadionda “Bakı-2015" I Avropa Oyunlarının rəsmi açılış mərasimi başlayıb. Mərasim muğam ustası Alim Qasımovun ifasında muğamla başlayıb.
Mərasimin aparıcıları Murad Dadaşov və Hüsniyyə Məhərrəmova tamaşaçıları salamlayıblar və ardından mərasim “Natiq” ritm qrupu və müğənni Elnur Hüseynov mahnılar ifa ediblər. 50 nağaranın ritmik sədaları altında 24-dən 0-a qədər geriyə sayım başlayıb. Bu, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini göstərir.
Sonra tamaşaçılar Azərbaycan prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, “Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Avropa Oyunları Komitəsinin prezidenti Patrik Hikkini salamlayıblar.
Azərbaycanın Dövlət Himni səsləndirilib, Dövlət Bayrağı qaldırılıb. Daha sonra təxminən 5500 km məsafəni qət edən Avropa Oyunlarının məşəlini sonuncu məşəlçi - paralimpiyaçı İlham Zəkiyev stadiona gətirib. Səhnəyə İlkin Aslanovun canlandırdığı dahi Nizami çıxıb, onun əlindəki tərəzinin hər gözündə bir gəlincik fiquru olub. Onlar Azərbaycan ədəbiyyatının məşhur incilərindən birinin qəhrəmanları olan nakam sevgililər - Leyli və Məcnundur. Leyli obrazını Patrisiya Zarnoviçian, Məcnun obrazını Markez Skot canlandırıblar.
Ardınca stadionda I Avropa Oyunlarında iştirak edən 50 ölkəni təmsil edən 6 min idmançının paradı başlayıb.
Açılış mərasimində çıxış edən Mehriban Əliyeva qonaqları salamlayıb və geniş nitq söyləyib, yarış iştirakçılarına uğurlar arzulayıb.
Açılışda Lady Gaga və digər dünya şöhrətli musiqiçilər çıxış ediblər.
Mərasim gecə saat 2 radələrinədək davam edib.
***
İyunun 12-də ilk Avropa Oyunlarının Sinxron üzgüçülük növündə komanda yarışları keçirilib. Azərbaycan komanda yarışında iştirak etməyib. Bakı Su İdmanı Mərkəzində sinxron üzgüçülük dueti və komanda yarışı keçirilib. Sinxron duetdə I yer Rusiya, II yer Ukrayna III yeri isə İspaniya idmançıları qazanıb. Yarışlarda Azərbaycan idmançıları 71,4333 xalla 20 duet arasında 18-ci yerdə qərarlaşıb.
Cia.az