Çoxdan bəri səbirsizliklə gözlənilən, həyəcan və qürur doğuran tarixi an - Bakı Olimpiya Stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi baş tutdu.
Cia.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular.
Azərbaycanın paytaxtında keçirilən ilk Avropa Oyunlarının Açılış mərasimi öz möhtəşəmliyi ilə dünyanı valeh etdi. Etiraf edirəm, o mənzərələri sözlərlə ifadə etməkdə acizəm, amma bacardığım qədər, sözün, kəlmələrin mənə imkan verdiyi qədər o möhtəşəm görüntüləri çatdırmağa çalışacam.
Burada dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou nümayiş olundu. Stadion ən mürəkkəb tərtibata malik möhtəşəm səhnə mexanizmindən ibarət məkana çevrilmişdi. O, təbiətin dörd ünsüründən - su, od, torpaq və yel obrazlarından istifadə etməklə heyrətamiz bir mənzərə yaratdı.
Mərkəzdə quraşdırılmış səhnə gah alovlara bürünürdü, gah yaşıllığa boyanırdı. Saniyə-saniyə dəyişən səhnəni izləyərkən insan özünü sanki möcüzəli bir dünyaya düşdüyünü zənn edirdi. Hətta bəzən tamaşaçının gördüklərimizdən şoka düşdüyü anlar olurdu.
Əminliklə və fəxarətlə deyə bilərik ki, dünya hələ belə şou görməmişdi. Bakı Olimpiya Stadionuna toplaşan və bütün dünyada mərasimi efirdən izləyən tamaşaçılar bu möhtəşəm şounun sehrinə düşmüşdü.
Aparıcılar Murad Dadaşov və Hüsniyyə Məhərrəmovanın idarə etdiyi tədbir 2 dildə - azərbaycan və ingilis dilində rəsmi salamlama ilə başladı. Belə bir tarixi hadisəni canlı izləyən on minlərlə tamaşaçı bu salamlaşmanın coşğu ilə qarşıladı.
Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçının gur alqışlarından sonra stadiona bir anlıq sükut çökdü. Bu sükutu Azərbaycanın dünya şöhrətli xanəndəsi Alim Qasımovun əsrarəngiz muğam ifası pozdu.
Sonra ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə sayım başladı. Tamaşaçıların qoşulduğu bu sayım Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 24 ilini əks etdirirdi. Rəqəmlər sıfıra yaxınlaşdıqca nağaraların səsi daha yüksəlirdi və bu tamaşaçıların səsinin də zilə qalxması ilə müşayiət olunurdu.
Stadion gur işığa qərq olur və səhnəyə 1000 nəfərə yaxın rəqqasə axışır. Bunun ardınca möhtəşəm görüntülər ortaya çıxdı. Minədək rəqqasə səhnənin əsas hissəsini ətəkləri ilə örtdü. Rəqqasələr üst-üstə geyindikləri müxtəlif rəngli uzun ətəkləri Azərbaycanın dunyada məşhur xalılarındakı naxışlarını yaratdılar.
Sonda isə 1000 rəqqasə ətəkləri ilə 3 rəngli Azərbaycan bayrağını yaratdılar. Bu olduqca fövqəladə görüntü idi. /anspress/


