banner
banner

Gündəm

Şirvanda hərbi təyinatlı zavodda partlayış – ölən və yaralananlar var

Şirvanda hərbi təyinatlı zavodda partlayış –

Yavər Camalovun zavodundakı 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən hadisədə terror izi də araşdırılır; müəssisənin direktoru “Yeni Müsavat”a olayın təfərrüatlarını danışdı 

İyulun 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən “Telemexanika” zavodunda güclü partlayış olub. 3 saylı sexdə baş verən partlayış zamanı aldığı xəsarətlərdən 1 işçi ölüb, 19 nəfər yaralanıb və zəhərləniblər. Yaralılar Şirvan şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına aparılıb.

 
Hadisə baş verəndən dərhal sonra ora yollandıq. Biz olay baş verən əraziyə çatanda zavodun qarşısında post qoyulmuşdu, ətrafda fəhlələr gözə dəyirdi. Zavodun mühafizə xidmətinin əməkdaşları binanın içinə heç kimi buraxmırdılar. Ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da vardı. Zavodun binasından çıxan FHN əməkdaşlarından biri əlindəki kağızlara baxa-baxa tələsik maşınına tərəf gedirdi. Fəhlələr FHN əməkdaşının olay haqda məlumatlı olduğunu söylədilər. Həmin şəxsə yaxınlaşsaq da,  hər hansı  bir açıqlama vermək səlahiyyətində olmadığını deyərək suallarımızı cavablandırmaqdan imtina etdi. Zavodun qarşısında dayanan mühafizəçilər uzun mübahisədən sonra direktorla görüşümüzə şərait yaradacaqlarını söylədilər. 

Partlayış baş verən zavodun direktoru “Yeni Müsavat”a danışdı

Zavodun direktoru Usubağa Məmmədov bir neçə sualımızı cavablandırmağa razı oldu.
U.Məmmədov dedi ki, baş vermiş olayla bağlı araşdırma aparılır:
 
- Burada mətbuatlıq bir iş yoxdur. Bu işlə məşğul olan bütün orqanlar buradadır. Axşam müvafiq orqanlar məlumat verəcək.
 
- Partlayışın qəsdən törədilməsi haqda məlumatlar doğrudurmu?
 
- Yox, qəsdən ola bilməz.
 
- Partlayış baş vermiş sexdə vəhabilərin çalışması və hadisənin terror olması haqda şayiələr dolaşır. Bu məlumat nə dərəcədə doğrudur?
 
- Onu araşdıracaqlar. Sadəcə qısaqapanma olub. 5 metr eni, 6 metr uzunu olan yerdir.
 
- Hadisə zamanı neçə nəfər ölüb, neçə nəfər yaralanıb?
 
- Mən özüm qarışıq 19 nəfər “uqar” tutub bizi. 1 nəfər rəhmətə gedib.
 
- Rəhmətə gedən kimdir? Ölümünün səbəbi nədir?
 
- 1985-ci ildən bizdə işləyirdi. 30 ildir ki, bizdə işləyirdi. Allah rəhmət eləsin.
 
- Zavodda, həmin o 3-cü sexdə nə baş verib?
 
- Ancaq yanğın olub, yanğın.
 
- Yanğının səbəbi nədir?
 
- Yanğın olub da. Evdə yanğın nədən baş verir? Yanğın olub, zəhərləniblər. Orada sexdə stol, stul yanıb.
 
- Sexdə stol, stullar nədən alışıb? 
 
- Sonra danışarıq, deyərəm.
 
Zavod direktorunun qısa açıqlamasından sonra ətrafda olan zavodun işçilərinin də olayla bağlı fikirlərini öyrənmək istədik. Lakin fəhlələr olayla bağlı danışmaq istəmədilər. Zavodda vəhabilərin işləməsinə gəlincə isə onlardan biri dedi ki, vaxtilə burada 3 vəhabi çalışıb. Sonradan onları zavoddan uzaqlaşdırıblar.   
 
Elə oradaca öyrəndik ki, “Telemexanika” zavodunda 300-ə yaxın işçi çalışır. Zavod 2006-cı ildə Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxil edilib.  Müəssisədə neft sənayesi ücün cihazlar və texnoloji tərtibatlar istehsal edilir. Amma bu yaxınlarda zavodda iriçaplı patronların istehsalı mərkəzi işə salınmışdı. Partlayışın da məhz iriçaplı patronların istehsalı mərkəzinin sexlərindən birində baş verdiyi haqda məlumat var. 
 
***
Vaxtilə zavodda çalışmış şəxslərdən biri “Yeni Müsavat”a  adının çəkilməməsi şərti ilə danışmağa razılıq verib. Deyib ki, partlayış baş vermiş sex zavodun ən qapalı sexidir. Həmin sexə zavod direktorunun özünün də girişi sex rəisi Şəhla Əliyevanın icazəsi ilədir. Ora giriş-çıxış xüsisi rejiminə görə digər sexlərdən fərqlənir. Sexdə çalışanların böyük əksəriyyəti qadınlardır. Yalnız ağır yüklərin daşınması üçün kişilər də çalışır. Sexdə texniki-təhlükəsizlik tədbirləri hər gün yoxlanılır, ayda bir neçə dəfə zavoddakı sexlərdə, o cümlədən partlayış baş verən sexdə əsaslı yoxlama tədbirləri həyata keçirilir. 
 
Zavodda çalışmış şəxs deyir ki, orada partlayış baş verməsi çox ciddi şəkildə yoxlanmalıdır. O, partlayışın texniki-təhlükəsizlik qaydalarının pozulması üzündən baş verməsinə inanmadığını söyləyib. 
 
Zavodun qarşısında, ətrafında partlayışdan əsər-əlamət yoxdur. Partlayışın səsini yalnız yaxınlıqdakı binalarda yaşayan sakinlər eşidiblər... 
 
Öyrəndik ki, partlayışdan sonra əraziyə Müdafiə Sənayesi Nazirlyinin yüksək çinli məmurları, FHN əməkdaşları gəliblər. Zavoda müdafiə sənayesi naziri Yavər Camalovun da gəldiyi bildirilsə də, zavodun mühafizəçiləri bu məlumatı təsdiqləmədilər. Öyrəndik ki, ərazidə Müdafiə Sənayesi Nazirliyinin Tikinti İdarəsinin rəisi Tacəddin Hüseynov olub. O, olaydan xəbər tutub zavodun qarşısına toplaşmış zərərçəkən fəhlələrin yaxınları ilə çox kobud davranıb, onlardan ərazidən uzaqlaşmağı tələb edib. Əlindəki kağız parçasını göstərərək “8 nəfər zəhərlənib, aparıblar xəstəxanaya, dağılışın” deyib. İdarə rəisinin müdafiə sənayesi naziri Yavər və Şirvan İcra Hakimiyyətinin başçısı Mərdan  Camalovlarla yaxın qohumluq əlaqələrinin olduğunu da öyrəndik. Belə məlum oldu ki, idarə rəisi zərərçəkənləri və əraziyə gələn jurnalistləri  ərazidən qovmaqla olayın maşstabını kiçiltmək, heç bir olay baş vermədiyini göstərməyə nail olmaq istəyib.   
 
Şirvan Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bidiriblər ki, yaralılar zəhərlənmə və yüngül yanıq diaqnozları ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətləri yüngül və orta-ağır qiymətləndirilir.
 
Xəstəxanadan bildirdilər ki, ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Raziyə Cəfərxan qızı Süleymanovadır. Qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib. Onun meyitinin tanınmaz halda olduğunu da öyrəndik. Hazırda xəstəxanada olan şəxslərdən biri - 1971-ci il təvəllüdlü Xatirə İnşallah qızı Səttarovanın vəziyyəti ağırdır. Qadın reanimasiya şöbəsindədir, həkimlər onun həyatını xilas etməyə çalışırlar. 
Xəstəxanaya gətirilən və vəziyyətləri orta-ağır olan sex işçiləri isə bunlardır:
 
1966-cı il təvəllüdlü Mehparə Qurban qızı Əbilova
1961-ci il təvəllüdlü Gülnarə Vəlixan qızı Muradova 
1964-cü il təvəllüdlü Həlimə Ordu qızı Vəliyeva 
1960-cı il təvəllüdlü Şərqiyyə Ədalət qızı Rzayeva 
1973-cü il təvəllüdlü Zülfiyyə Kamal qızı Mehdiyeva 
 
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri Tofiq Hüseynov deyib ki, xəstəxanaya gətirilənlərdən 13 nəfərinə ilkin amblator tibbi yardım göstərilib. 6 nəfər isə xəstəxanaya yerləşdirilib. Tofiq Hüseynov onlardan 3 nəfərinin vəziyyətinin daha ağır olduğunu bildirib:
 
“Həmin xəstələr Bakıya göndəriləcək. Digər 3 nəfərinsə bizim xəstəxanada müalicəsi davam etdiriləcək”.
 
Bakıya göndərilən xəstələr 44  yaşlı Xatirə Səttarova, 49 yaşlı Gülnarə Muradova və 42 yaşlı Zülfiyyə Mehtiyevadır.
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya deyib ki, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir. Ümumilikdə, Səhiyyə Nazirliyinin Bakı və Şirvan şəhərinin 8 təcili tibbi yardım briqadası cəlb olunub. 
 
Şirvan Şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Nazirliyinə məxsus “Telemexanika” Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.
 
S.Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.
 
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov hazırda Azərbaycanda yoxdur. Bu barədə “Report”a İcra Hakimiyyətindən məlumat verilib. 
 
Bildirilib ki, icra başçısı hazırda məzuniyyətdədir və ölkədən kənardadır: “Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq, öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımi tapşırıqlar verir”. 
 
Qeyd edək ki, “Telemexanika” zavodu 1981-ci ildə “Sihazlar” zavodu adı altında fəaliyyətə başlayıb. 1988-ci ildə “Sihazlar” və “Sənaye avtomatikası və Telemexanika” zavodları birləşdirilərək “Sənaye avtomatikası və Telemexanika” zavodu adı altında fəaliyyət göstərib. 1991-ci ildə “Telemexanika” İstehsalat Birliyi yaradılıb. 1993-cü ildən “Telemexanika” İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub. 2006-cı ildən “Telemexanika” zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir. “Telemexanika” zavodunun əsas fəaliyyət istiqamətləri neft sənayesi üçün sihazların istehsalı və texnoloji tərtibatların hazırlanmasıdır. 
 
Müdafiə Sənayesi Nazirliyi Şirvandakı “Telemexanika” zavodunda baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlik bildirir ki, “Telemexanika” zavodunun sexlərinin birində yaranan qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib. 
 
 




musavat.com
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.