banner
banner

Sosİal

Boğulan adam xilaskarını necə batırır?

Boğulan adam xilaskarını necə batırır?
Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidməti hər il çimərlik mövsümünün əvvəlindən sonuna qədər əhalini açıq yerlərdə üzməmək, qadağanedici şarlardan uzaq getməmək barədə xəbərdar edir. Əhali isə öz işindədir, "qaydalar onu pozmaq üçündür", deyib qoyulan qaydalardan kənara çıxmaqda qərarlıdırlar. İstirahət, şənlik bəzən faciə ilə bitir. Təkcə öz həyatlarını təhlükəyə atmırlar, bu mövsüm iki nəfərin başqalarını xilas etdiyi üçün həyatına son qoyduğunu eşitdik, biri polis, digəri də uzaq qohumumdur. Onlara qəhrəman dedilər, bu barədə mübahisə etməyəcəm, öz həyatı bahasına başqalarını qurtarmaq əlbəttə ki, şəhidliyə bərabərdir. Amma yazılan məlumatlarda onların gənclərə örnək olması barədə deyilənləri paylaşmıram. Əgər kimsə qaydaları saya salmırsa, öz həyatını təhlükəyə atırsa, niyə gənclərimiz onlara görə qəhrəman olmalıdırlar. Suda boğulanı xilas etmək risklidir, xilasedici ilk növbədə həm fiziki cəhətdən güclü, həm də bu işə psixoloji hazır olmalıdır. Boğulan adamı xilas etmək üçün üzməyi bacarmaq azdır, xilasediciyə bir sıra fəndləri də mənimsəmək vacibdir. Xilasedici olmaq üçün xüsusi kurs keçir, onun məktəbini bitirirlər. Yanğınsöndürən yanğının xüsusiyyətləri haqqında hər şeyi bilməlidir, zəlzələ mütəxəssisi dağıntılar altından insanları qurtarmağın texnikasına yiyələnməlidir, dalğıclar da suyun xarakterini, batan insanın davranışları barədə biliklərə malik olmalıdır. 
 
Unutmayın: Suda boğulan xilaskarını da ayağının altına alır

İki gün əvvəl də həyatından bezib özünü dənizə atan qadının xilas edilməsi ilə bağlı videonu izlədim. Gənc bir adam öndən qadına tərəf üzərək ipi ona uzatdı. Deyəsən oğlanı da belindəki iplə sığortalamışdılar. İntihar etmək istəyən qadın olsa da, ondan cüssəli görünürdü, əlinə keçsəydi, özüylə birgə suyun dibinə çəkib aparacaqdı. O polis də batan ər-arvaddan yalnız qüvvəcə özündən zəif qadını xilas edə bilmişdi, kişinin arxasınca gedəndə batmışdı. Məlumatlarda oxudum ki, onun cəsədini hətta sahilə yaxınlaşdıra da bilib. Əlbəttə, birini xilas edib sonra digərinin arxasınca getdiyiniz zaman onun artıq boğulmuş olması təəccüblü deyil, yetərli qədər vaxt keçir, amma bütün hallarda kişi qüvvəsinin qadınınkı ilə müqayisə olunmadığınıda nəzərdən qaçırmamaq lazımdır. İnsanlar dözmür, xilasedicilər gələnə qədər boğulanı sudan çıxartmağa, ona həyat verməyə çalışırlar. "Əgər bir insanın həyatı özü üçün qiymətli deyilsə, üzməyi bacarmadığı halda uzaqlara gedib həyatını təhlükəyə atırsa, izin verin atsın" deyəcəm, amma bu, təbii ki, xilasedicilərə aid deyil, xilas etmək onların peşəsidir. Lakin illah da ki, könlünüzdən qəhrəmanlıq etmək keçirsə bəzi fəndləri bilmək vacibdir. 
 
"Suda boğulan saman çöpündən yapışar", "suda batan ilana sarılar", ya da "su meymunun boğazına çıxanda balasını da ayağının altına alar" misalları heçdən yaranmayıb. Bir tanışımın acı təcrübəsindən: "Bir dəfə batmışam, elə sahildəcə, normal çimərlikdə. Rəfiqəm də mənim kimi üzə bilmirdi. Su boğazımızdan yuxarı idi, birdən ayağımız yerdən üzüldü, ikimiz də batmaq qorxusuyla panikaya düşdük. Tutacaq, xilas olacaq nəsə yoxdu. Ondan yapışıb başından aşağı basır, suyun üzərində qalmağa çalışırdım. Mənim əlimdən qurtulanda bu dəfə o məni altına alıb suyun üzərində qalmağa cəhd göstərirdi. Qışqırsaq da, səsimiz çıxmırdı, sadəcə əl-qol atır, çabalayırdıq. Sahildə olan dostlarımız da elə düşünmüşdülər ki, onlara əl edirik, bizə eyni qaydada cavab verirdilər. Çarpışma bir müddət davam etdi, sonra ikimiz də yorulduq, özümüzü suyun dibinə buraxdıq. Ayılanda sahildə, qumun üstündə uzanmışdım, rəfiqəmdə yanımda oturmuşdu. Deyəsən mən suyun dibində çox qalmışdım. Sonralar hiss edirdim ki, onunla bir-birimizin üzünə baxa bilmirik, yadıma düşəndə ki, o anda suyun üzündə qalmaq üçün onu ayağımın altına almışam, xəcalət çəkirdim. Doğrudan da su meymunun boğazına çıxanda balasını ayağının altına alırmış. Onun nə hiss etdiyini bilmirəm, heç vaxt soruşmamışam".   
 
Batan adamı qurtarmaq üçün əvvəlcə özünüzü xilas edin

Batmamaq üçün qızıl qaydalar bunlardır: qadağan olunmuş və tanımadığınız yerlərdə üzməyin; sahildən uzağa getməyin, geri qayıtmaq çətin olacaq; hərəkətdə olan üzgüçülük vasitələrinə yaxın olmaqdan qaçın; içkilisinizsə suya girməyin; üzən zaman bir-birinizi nəzərinizdən qaçırmayın; üzməyi bacarmırsınızsa beldən yuxarı suya girməyin. Bəzi istisnalar olmaq şərtilə batan adam fizioloji olaraq köməyə çağırmağa qadir deyil. İnsanın tənəffüs sistemi nəfəs almağa hesablanıb, nitq onun ikinci funksiyasıdır. Əvvəlcə tənəffüs funksiyasını bərpa etmək lazımdır ki, nitq yerinə qayıtsın. Boğulanın ağzı tez-tez suyun altına gedir və sonra yenidən suyun səthində görünür. Lakin suyun üzərində nəfəs almaq üçün yetərli qədər qala bilmir ki, tənəffüsü bərpa edib köməyə çağırsın. Onlar diqqəti cəlb etmək üçün əl-qol da ata bilmirlər, sadəcə instinktiv olaraq sudan çıxmaq üçün əllərini kənara çıxarırlar. 
 
Birini xilas etməyi ağlınıza qoydunuzsa, əvvəlcə özünüzü xilas etməyi bacarmalısız. Bu, elə də asan iş deyil. Üzə bilməyənin ayağı boşluğa düşdüyü zaman panikaya qapılır, çabalamağa başlayır, yapışıb suyun üzərində durmağa nəsə axtarır, bu zaman saman çöpü də ona xilas kimi görünür. Batan adama yaxınlaşmaqdan ötrü əvvəlcə öz gücünü bilmək vacibdir, yorğun insan çətin ki, real kömək üçün faydalı olsun. Əgər boğulan adam artıq suya qərq olubsa, onun arxasınca suya baş vurub, qolunun altından və ya saçlarından yapışıb suyun üzərinə itələmək lazımdır. Batan adama öndən yaxınlaşmaq olmaz, əks halda təlaşdan xilaskarına yapışıb onu suyun altına çəkib aparar. Bu zaman iki nəfəri xilas etmək lazım gələr. Qolunuz, boynunuz  və ya başınızdan yapışmağa imkan verməmək üçün batmaq üzrə olana arxadan yaxınlaşmaq gərəkdir. Bu qayda ilə sadəcə çox yaxşı üzgüçü hesablaşmaya bilər. Əgər boğulan adam sizdən yapışıbsa, dərhal ondan xilas olmaq üçün tədbir görün. Bir əliniz tutulubsa, cəld əlinizi onun baş barmağının əksinə çevirib birdən özünüzə tərəf dartın. İki qolunuzu da zəbt edibsə hər ikisini həmin qaydada batanın baş barmağının əksinə döndərib eyni vaxtda əllərinizi çəkib çıxarın. Əlindən qurtulmaq mümkün olmadıqda döyüş üsullarından birini istifadə etmək lazımdır, əvvəlcə havanı ciyərlərinizə çəkib bütün bədəninizlə suya baş vurun. Batan adam suyun üzərində qalmağa çalışdığından sizi buraxacaq. Ya da onu da özünüzlə suyun dibinə dartın, instinktiv olaraq əlinizi açacaq. Təcrübədən keçirilmiş başqa üsullarla da xilas olmaq mümkündür, məsələn, boğulanın ağrılı nöqtələri - boğazı və ya həssas yerindən basmaq. Boğazınız, ya gövdənizdən yapışıbsa, bir əlinizlə belindən tutub digərini çənəsinə dayayaraq geriyə itələyin, bunu qəddarlıqla yox, qətiyyətlə etmək lazımdır.   
 
Sizi qurtarmağa imkan verin...

İstənilən vəziyyətdə zərərçəkəni suyun üzərinə itələyin, hər şeydən əvvəl çalışmaq lazımdır ki, batmaqda olanın başını suyun üzərində saxlamaq mümkün olsun və nəfəs almağı asanlaşsın. Hava aldıqda boğulan adam onun xilasını çətinləşdirən təlaşlı hərəkətlər etməyi dayandırır. Yorulmusuz və dincəlmək istəyirsizsə, ondan yuxarıda üzməyin, suyun altı ilə gedin. Vəzifəniz boğulan adamı tez bir zamanda sahilə çıxartmaqdır. Onun kürəyini özünüzə tərəf çevirin, ovcunuzla çənəsinin altından tutub üzü daim suyun üzərində ağzı açıq vəziyyətdə aparın. Özünüz isə kürəyi üstə brass üsulla üzün. Kürəyini qarnınıza söykəyib arxası üstə bir əllə də avar çəkə bilərsiz. Başqa mövqe də uyğundur. Zərəçəkəni azacıq böyrü üstə çevirib qolunuzu onun yuxarıda qalan qolunun altından keçirin. Həmin əlinizlə boğulanın digər əli və ya bazu hissəsindən yapışın, özünüz də yan dönüb, əliniz və ayaqlarınızla enerjili işləyərək bu şəkildə sahilə üzün. Sizdən yapışmasına imkan verməyin, onu möhkəm tutun ki, dönə bilməsin. Zərərçəkəni daşımaq hətta təcrübəli üzgüçülərə də asan deyil, odur ki, kənarda duranlar da seyrçi olmamalı, ya da hadisəni telefona çəkib sosial şəbəkələrdə paylaşmaqdansa xilasedicini sığortalamaq üçün ona xilasedici yastıqlar və ya tros atsalar daha faydalı olar. Boğulan adamlara da tövsiyə olunur ki, onları sahilə çıxartmağa imkan versinlər. Bunun üçün ən azından panikaya qapılmadan, özlərini xilaskarlarının ixtiyarına buraxmaq yetərlidir.
 
Axar çayda xilasetmə olduqca çətindir, burada komanda işi olmalıdır. Bu zaman sıraya düzülmək lazımdır: bir xilasedici sahildə dayanır, ikincisi suda onun əlindən tutur, üçüncü daha dərinə gedir və s. axına qarşı bir zəncir yaradılır və sonuncu adam batanı xilas edir. 
 
Boğulanı sudan çıxartdıqdan sonra vəziyyətini qiymətləndirmək, özünü pis hiss edirsə və su udubsa, onu dizləri qatlanmış vəziyyətdə üzüaşağı oturtmaq lazımdır ki, su ciyərlərdən çıxsın. Bu zaman baş döş qəfəsindən aşağı sallanmalıdır. Əgər bu manipulyasiyalar kömək etmirsə, tənəffüsü dayanır, nəbzi durur, göz bəbəkləri geniş açılıbsa, bir sözlə, həyat işarəsi yoxdursa, süni nəfəs vermək və ürəyi masaj etmək lazımdır. Çünki insan bir neçə dəqiqə nəfəs almasa ölə bilər. 
Cia.az
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.