Adil Qeybulla: “Qidaları təmiz halda və gecikdirmədən yemək lazımdır”;Eyyub Hüseynov: “Azərbaycanda təmiz qarpızların çəkisi 5-6 kiloqramdan artıq olmur, qarpıza bıçaq vuran kimi partlamalıdır...”
Son vaxtlar qida zəhərlənmələrinin sayı artıb. Bəzən yay mövsümünü həm də qida zəhərlənməsi mövsümü də adlandırırlar. Çünki isti aylarda baş verən qida zəhərlənmələri daha çox olur. Həm temperatur şəraiti, həm də istidə bakteriyaların sürətlə yayılması zəhərlənməni qaçılmaz edən səbəblərdəndir.
Bəzi məhsullar daha tez-tez hallarda qida zəhərlənmələrinə səbəb olur. Bu qidaların arasında müxtəlif “fast-fud” qidaları - dönər, qamburqer, pirojki, qutab və sairə var. Əksər hallarda bu qidalar çöldə satılır və hətta bişirilir. Bu isə onları olduqca təhlükəli edir. Ümumiyyətlə, bu ilin yanvar-iyun aylarında 331 qida zəhərlənməsi baş verib. Səhiyyə Nazirliyindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, bu zaman 418 nəfər zəhərlənib, 14 nəfər botulizmlə xəstələnib.
Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.
Bəs zəhərlənmələrin qarşısını almaq üçün nə etməliyik? Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, bunun üçün qidaları təmiz halda və gecikdirmədən yemək lazımdır: “Zəhərlənmə bütövlükdə götürəndə nə orqanizmdən, nə də istidən asılıdır. Sadəcə olaraq, qida zəhərlənmələrinin yay aylarında daha çox baş verməsi meyvənin daha çox istehlakının yay aylarına düşməsi ilə bağlıdır. Həm də yay aylarında qidaların saxlama qaydaları bəzən pozulur. Ümumiyyətlə, qida zəhərlənmələri çoxsaylıdır. Hər bir qida əksər mikroblar üçün qida vasitəsidir. Ona görə də qida düzgün saxlanılmazsa, temperatur rejimi düzgün seçilməzsə zəhərlənmə halı baş verir. Xüsusilə də ət bulyonları, tərkibində ət olan yeməklər mikroblar üçün qida bazasına çevrilir”.
A.Qeybulla ən qorxulu zəhərlənmənin ev şəraitində baş verən botulizm olduğunu və bunun əksər vaxtlarda ölümlə nəticələndiyini dedi: “Botulizm adətən ölümlə nəticələnən qida zəhərlənməsinə gətirib çıxarır. Buna görə də boyat qidaları uzun müddət saxlamaq məqsədə uyğun deyil. Qidaları daha çox təmiz halda və gecikdirmədən, yəni boyatmadan yemək lazımdır. İkinci tərəfdən də yetişən meyvələrin içərisində olan müxtəlif maddələr, xüsusilə də vaxtından əvvəl istixanalarda, xüsusi süni şəraitdə yetişdirilən və becərilən tərəvəzlərdə bəzi parazitlərlə mübarizə üçün tələb olunan maddələrin, gübrələrin toplanması baş verir. Bunun özü də toksik zəhərlənməyə gətirib çıxara bilər. Ona görə də yaxşı olardı ki, tərəvəzlərin təbii yetişmə dövründə ondan istifadə edək. Yəni may ayında təbii ki, qarpız yetişmir. Bu, iyul, avqust aylarında yetişir və bunu öz vaxtında yemək lazımdır. Tərəvəz istifadə etmədən əvvəl yaxşıca yuyulmalıdır. Aldığımız tərəvəzin təzə olmasına əmin olmaq lazımdır. İnsanlar bu şərtlərə əməl etsələr, yəqin ki, zəhərlənmə halları da minimum olar”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov zəhərlənmələrin həm də dövlət orqanlarının zəif nəzarəti nəticəsində baş verdiyini dedi: “Azərbaycanda qida zəhərlənməsi ümumdünya göstəricisindən 250 dəfə az göstərilir. Bunun da səbəbləri var. Çünki Səhiyyə Nazirliyi həm əhalinin sağlamlığının keşiyində durur, həm də sertifikat üçün hər şeyi guya ki, yoxlayır. Lakin nisbi götürəndə zəhərlənmə hallarında artma var. Bu onunla bağlıdır ki, bu il qarpız erkən çıxdı. Güman olunur ki, bu istixanalarda yetişən qarpızlardır. Kifayət qədər toksitlərdən, nitratlardan istifadə edilir. Əlbəttə, isti yay aylarında insanların qarpızlara olan tələbatı da zəhərlənmələrin artma səbəblərindən biridir. Həmçinin zəhərlənmələr dövlət orqanlarının zəif nəzarəti, Kənd Təsərrüfatı Nazirliyinin kəndçilərin yanında bostanda məhsulları yoxlamır, gəlib Bakıda satılan yerdə yoxlaması kimi istehlakçı hüquqlarının zəif qurulması məsələlərindən doğur.
Əhali bilməlidir ki, insan gün ərzində 200-300 milli qram miqdarında nitrit qəbul etsə, bu təhlükəli deyil. Gün ərzində 600-700 milliqram nitrit qəbulu artıq zəhərlənmə dozasıdır. Əgər qarpızda nitritlərin miqdarı 1 kiloqramda 350 milliqramdırsa, buradan başa düşmək lazımdır ki, insan 2 kiloqramdan artıq qarpız yediyi təqdirdə zəhərlənə bilər. Mən bu hesablamaları ona görə dedim ki, az yeyilsə, zəhərlənmə olmaya bilər. İnsanlar qarpız seçən zaman bilməlidir ki, Azərbaycanda təmiz qarpızların çəkisi 5-6 kiloqramdan artıq olmur. Qarpızın qabığının qalınlığı yarım millimetrdən artıq olmalıdır. Onu kəsəndə al qırmızı rəngdə olmalıdır. Çəhrayı rəngdə olan qarpız şirin olsa da onun tərkibində çoxlu nitritlər olur və insanları zəhərləyir. Qarpıza bıçaq vuran kimi partlamalıdır. Bu amillərə fikir vermək lazımdır”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.